Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:29

'Dedilər xəstələnib Ayaz, sahilə gətirirlər...'


"Qum" adasında baş verən qəzada həlak olan neftçi Ayaz Məmmədov
"Qum" adasında baş verən qəzada həlak olan neftçi Ayaz Məmmədov

“Ayaz martın 20-si günorta saat 3-4 arası zəng eləmişdi. Uşaqları ilə də danışdı. İşlədiyini deyirdi. Bayramlaşdıq, təbrik elədi…”

Martın 20-si "Qum" adasındakı 409-cu özüldə baş verən qəzada həlak olan neftçi Ayaz Məmmədovun anası Tamellaxanım Məmmədova Azadlıq Radiosuna belə deyib.

Anası nəql edir ki, axşamüstü zəng gəlib.

“...Dedilər ki, xəstələnib Ayaz, sahilə gətirirlər. Gah uçqun olub, zədə alıb, dedilər. Sonra bəd xəbər aldıq”, anası qeyd edib.

Buna da bax:​ Qum adasında neft yatağında ağır qəza baş verib [yenilənir]

Mərhum neftçinin qardaşı Polad Məmmədov bildirir ki, Ayaz Məmmədov 5 il imiş, orada çalışırmış.

“Sonuncu dəfə işə martın 16-da yola düşmüşdü. Martın 20-də ölüm xəbərini aldıq. Ayaz 15 gün işdə, 15 gün evdə olurdu. Xəbər bizə təxminən, saat 19-20 radələri arası çatdı. Mənə zəng etdilər. Getdim, cəsədi gəmi ilə gətirmişdilər. Mənə dedilər ki, iş yerində adi qəza baş verib. Qaynaqçı işləyirdi. Başında qoruyucu ilə işləyirmiş. Bildirdilər ki, iş zamanı üzərində olduğu özül uçub. Ayaz da bir iş yoldaşı ilə dənizə düşüb. İkisini də çıxarıblar. Digər yoldaşının xəsarətlər aldığını bildirdilər”...

Qardaşı da qeyd edir ki, sonuncu dəfə onunla elə martın 20-də danışıblar:

“Günorta saat 2, filan olardı. Zəngləşdik, bayramlaşdıq, təbrik elədi. Qısa danışdıq, fikirləşdim ki, axşam da zəngləşərik. Axşam da belə xəbər gəldi”…

Buna da bax: “Günəşli” yanğını ən fəlakətli qəzaların ilk onluğuna düşür- [video]

Mərhum neftçinin 5 uşağı qalıb.

“5 körpə uşağı qaldı. Kiçiyinin 4, böyüyünün 12 yaşı var. 4 qızı, 1 oğlu qaldı”...

Qardaşı deyir ki, Ayaz Məmmədov Qarabağ müharibəsi veteranı olub.

“Ancaq durumu çox ağır idi. İri ailəsi ilə 1 otaqlı darısqal yataqxana otağında yaşayırdı. Uşaqlarına, ailəsinə ev-eşik qurmağa çalışırdı. Sonu belə”...

P.Məmmədov bildirir ki, qardaşının həm həyat, həm də tibbi sığortası olub.

“Şirkətlə müqavilələri vardı. Görək, şirkət ailəsini, uşaqlarını öhdəliyinə götürəcəkmi?”, qardaşı sual edib…

Buna da bax:​ Qərargah tapılan cəsədin neftçiyə aid olduğunu təsdiqləyir

Xatırlatma

Martın 20-si "Qum" adasındakı 409-cu özüldə qəza baş verib.

Həmin özülün “Bahar Enerji Əməliyyat Şirkəti”nə məxsus olduğu bildirilir.

Qəzada Ayaz Məmmədovun dənizə yıxılaraq həlak olduğu bildirilir. Daha iki nəfərin isə xəsarət aldığı söylənir.

Bu məlumatı Neftçilərin Hüquqlarının Müdafiəsi Komitəsinin rəhbəri Mirvari Qəhrəmanlı açıqlayıb. Onun deməsinə görə, özüldə 4 neft quyusu var.

Buna da bax: Nərimanov NQÇİ-də daha bir qəza

Rəsmi mənbələr qəza ilə bağlı açıqlama verməyib. Onlar, hələ ki, susur. Novruz bayramı ilə bağlı iş günləri olmadığından məsələyə onlardan münasibət almaq mümkün olmayıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG