Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 14:18

Dörd ölkə Qətərlə diplomatik əlaqələri kəsir


Qətər
Qətər

Səudiyyə Ərəbistanı, Bəhreyn, Misir və Birləşmiş Ərəb Əmirlikləri Qətərlə diplomatik münasibətləri, quru, dəniz və hava əlaqələrini kəsib. Onlar səbəb kimi «terrorçuluq» və beynəlxalq hüququn pozulmasını göstəriblər.

Səudiyyə iyunun 5-də bildirib ki, bu addım dövlət təhlükəsizliyinin qorunması məqsədiylə atılıb. Bəhreyn Qətəri terrorçuluğu dəstəkləməkdə və Bəhreynin daxili işlərinə qarışmaqda ittiham edib. O, Qətər vətəndaşlarını ölkəni tərk etməyə 14 gün vaxt verib.

«QƏTƏR MƏZHƏBÇİ QRUPLARA QUCAQ AÇIR»

Səudiyyənin rəsmi xəbər agentliyi yazıb ki, Qətərlə əlaqələrin kəsilməsi haqda qərar dövlət təhlükəsizliyini terrorçuluq və ekstremizm hədələrindən qorumaq məqsədilə verilib.

«Qətər regionda sabitliyi hədələyən çoxsaylı terrorçu və məzhəbçi qruplara qucaq açır. Bu qruplara «Müsəlman Qardaşlığı», «İslam Dövləti» (İŞİD), «əl-Qaidə» daxildir. Qətər mediası davamlı olaraq bu qrupların mesajlarını və planlarını yayır», – «Reuters» dövlətə məxsus SPA agentliyinə istinadla yazır.

Bəyanatda Qətər Səudiyyənin şərqində şiələrin yaşadığı əl-Katif regionunda, eləcə də Bəhreyndə İranın dəstəklədiyi yaraqlılara arxa durmaqda suçlanır.

Bəhreynin yaydığı bəyanatda qeyd olunur ki, Qətər bu ölkədə xaos yaradır, beynəlxalq razılaşmalara, konvensiyalara, beynəlxalq hüquq normalarına məhəl qoymur.

Ərəb-İslam-Amerika Sammiti
Ərəb-İslam-Amerika Sammiti

MİSİR DƏ TERRORÇULUĞA DƏSTƏKDƏN DANIŞIR

Misir isə münasibətləri kəsməsini Qətərin terrorçu qruplara dəstəyi ilə izah edib.

Qətərlə regional əmirliklər, eləcə də Səudiyyə Ərəbistanının münasibətləri uzun müddətdir gərgindir.

Körfəz ölkələri Qətərin İrana və «Müsəlman Qardaşlığı» kimi islamçı hərəkatlara yaxın olduğunu deyirlər.

Ən son qalmaqal mayın 24-də yaranıb. Qətər Xəbər Agentliyi yazıb ki, bu ölkə Bəhreyn, Misir, Küveyt, Səudiyyə və BƏƏ-dən səfirlərini geri çağırıb və bunu ABŞ prezidenti Donald Trump administrasiyasıyla gərginliklə izah edib. Qətər bu məlumatın saxta olduğunu bildirdi.

Həmin məqalədə Qətərin əmiri Tamim bin Hamad al-Thani deyirdi ki, İran İslam ölkəsidir və Qətərin İsraillə münasibətləri «yaxşıdır».

GƏRGİNLİK BİR MÜDDƏTDİR DAVAM EDİR

Bu məlumatın təkzib olunmasına baxmayaraq, gərginlik azalmadı.

Qətər hökumətinə məxsus «Al Raya» qəzeti BƏƏ jurnalistlərinin fotolarını yayaraq onları «muzdlular» adlandırdı.

Səudiyyənin xəbər saytı isə bir qətərlinin karikaturasını dərc edib. Həmin şəxs Körfəz qonşusunun əlini sıxır, eyni zamanda kürəyindən bıçaqlayır.

2014-cü ildə Səudiyyə, BƏƏ və Bəhreyn Qətərdən səfirlərini geri çağırıblar. Onlar bu addımı Qətərin «Müsəlman Qardaşlığı»na dəstəyinə etirazla bağlayıblar. Körfəzdə bir sıra hakim ailələr bu hərəkata hakimiyyətlərinə təhdid kimi baxır.

«Reuters» agentliyi yazır ki, Qətər bu bəyanatlara, hələlik, reaksiya verməyib. Ancaq indiyədək terrorçuluğu, yaxud İranı dəstəkləməsi barədə deyilənləri təkzib edib.

XS
SM
MD
LG