Keçid linkləri

Təcili xəbərlər
2018, 14 Avqust, çərşənbə axşamı, Bakı vaxtı 21:39

Qətərin o qədər pulu var ki… sanksiyalar vecinə deyil


Doha sakinləri

Təxminən bir aydır Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və Misir Qətərlə diplomatik, ticarət və nəqliyyat əlaqələrini kəsiblər, onu terrorçuluğu dəstəkləməkdə suçlayırlar. «Reuters» agentliyi yazır ki, Doha təcriddən əziyyət çəkir, ancaq bu, heç də iqtisadi böhranın yaxınlaşması demək deyil.

Dünyanın ən böyük maye qaz ixracatçısı olan Qətər çox varlıdır. Beynəlxalq Valyuta Fondunun məlumatına görə, bu ölkədə adambaşına ÜDM 127 min 660 dollardır ki, bu da bütün ölkələrdən çoxdur. Yəni, istənilən sanksiyanın qabağına çıxarmağa pulu var.

Son bir ayda Doha dinc durmayıb, Səudiyyə Ərəbistanıyla sərhədin bağlanmasını kompensasiya edəcək yeni nəqliyyat marşrutları təşkil edib, yerli banklara dəstək məqsədiylə büdcədən milyardlarla dollar ayırıb, maye qaz hasilatını 30 faiz artırmaq planlarını açıqlamaqla Qərbin ən böyük enerji şirkətlərinin diqqətini çəkib.

AYLAR, YAXUD İLLƏR LƏ DAYANA BİLƏR

«Bu təşəbbüslərin uğuru onu göstərir ki, siyasi iradəsi olarsa, Qətər indiki sanksiyaların qarşısında aylarla, yaxud illərlə duruş gətirə bilər. Hətta alyansın nəzərdən keçirdiyi digər sanksiyalar belə nəticə verməz», – məqalədə deyilir.

Qətərə tələbləri yerinə yetirməyə qoyulmuş vaxt artıq bitib. Səudiyyənin xarici işlər naziri Adel al-Jubeir deyib ki, Dohaya qarşı əlavə addımlar beynəlxalq hüquq çərçivəsində və «uyğun zamanda» atılacaq.

Səudiyyə mediasının yazdığına görə, yeni sanksiyalar alyans ölkələrindəki banklar vasitəsiylə Qətərdən depozitlərin və kreditlərin çıxarılması, «ikinci boykot» isə alyansın Qətərlə ticarət aparan firmalarla iş görməyi dayandırması ola bilər.

Qətərdə market
Qətərdə market

Bu addımlar Qətəri ağrıdar, ancaq onun maliyyə sistemini sabitsizləşdirməyi, yaxud riyalı ABŞ dollarına qarşı zəiflətməyi bacarmaz. Bunu Qətər biznesmenləri və xarici iqtisadçılar deyir.

BEŞ YOX, ÜÇ QULLUQÇU

«Məhsullarımızı sata bildiyimiz müddətdə hələ uzun müddət duruş gətirə bilərik. Bircə qaz ixracımızın qarşısını alsalar, bizə ziyan vura bilərlər, bu halda da dünyada böhran yaradarlar», – qətərli bankir belə deyib.

«İqtisadiyyatımıza ziyan dəyəcək, ancaq biz qətərlilərin ziyan görəcəyi həddə deyil. Evimizdə beş yox, üç qulluqçu saxlayacağıq», – deyən bankir adının çəkilməsini istəməyib, çünki bankı Fars Körfəzinin digər ölkələrində də işləyir.

Əslində, Qətər daha az əlverişli marşrutlardan yararlanmaqla daha yüksək idxal xərcləriylə üzləşir, məsələn, Omanın limanlarından istifadə edir. Ancaq bu, heç də Dohanın böyük iqtisadi layihələri ertələməsinə səbəb olmur.

«Sanksiyalar gələn ilə keçsə belə, böhran ehtimalı bizimçün real deyil», – Londonda mənzillənən «Capital Economic» təşkilatının Yaxın Şərq üzrə iqtisadçısı Jason Tuvey belə düşünür.

BANKLARIN DURUMU

Qətərin ən zəif nöqtəsi banklarının xarici maliyyədən asılılığıdır. Mayda kommersiya banklarının cəmi borclarının 36 faizi xaricilərə idi. Artıq sanksiya qoyan ölkələrin bəzi bankları Qətərlə yeni layihələri dondurublar. Sanksiyaların sərtləşdirilməsi pulun kütləvi çıxarılmasıyla sonuclana bilər.

Səudiyyə Ərəbistanı, BƏƏ və Bəhreynin Qətər banklarında 18 milyard dolları var və iki aya ödəniş vaxtları bitə və uzadılmaya bilər. «Bank of America»nın proqnozuna görə, Körfəz Əməkdaşlıq Şurası maliyyə əlaqələrini tamamilə dayandırsa, bir il ərzində Qətərin bank sistemindən 35 milyard dollarlıq vəsait çıxarıla bilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG