Keçid linkləri

Təcili xəbərlər
2018, 22 May, çərşənbə axşamı, Bakı vaxtı 04:43

Şikayətçi: 'Qəzalı evdə ‘indi uçar’ deyib qalırıq'


Qəzalı ev (arxiv fotosu)

"Bir ay qohum evində qalandan sonra məcbur olub yenə qəzalı evə qayıtdıq. Ancaq ev çökmək üzrədir, hansı gecə daş-kəsəyin altında qalacağıq, bilmirik, hər şeyi Allahın ümidinə buraxmışıq".

Bu ilin iyununda Qəbələdə baş vermiş qasırğanın kəndlilərə vurduğu zərər hələ də tam aradan qaldırılmayıb. Bunu AzadlıqRadiosu-na rayonun Mıxlıqovaq sakini Qənirə Məmmədova deyir.

Buna da bax:​ Qışdan bəri donu açılmayan ailə

“ADAMLAR DƏRDLƏRİNİ DEMƏYƏ UTANDILAR”

Mıxlıqovaq qasırğaya məruz qalan kəndlərdən biridir. Təbii fəlakət kənddə bir neçə ailənin evinə zərər vurub.

Qənirə xanımın sözlərinə görə, qasırğadan sonra Qəbələnin icra hakimiyyətinin işçiləri və rayonun Fövqəladə Hallar Komissiyasının üzvləri kənddə olublar, qəzalı evlərə baxış keçirib fotolar çəkib, qeydlər aparıblar. Ancaq sakinlər komissiya üzvlərini elə bircə dəfə o zaman görüblər:

"Onda da kəndlilərlə qışqıra-qışqıra, yüksək tonla danışıb getdilər. Elə kobud davrandılar ki, sanki qasırğanı özümüz yaratmışdıq, adamlar sözlərini, dərdlərini deməyə də çəkindilər. Qasırğa həyətlərdəki yüzlərlə bar verən ağacı qırdı, tövlələri aşırtdı, mal-qara qırıldı. Evlərin divarları yarıq-yarıq oldu, dam örtükləri dağıldı... Biz hələ də bu vəziyyətdə yaşayırıq".

Buna da bax:​ Bir ailə bir ildir ki, çadırda yaşayır

“İNSANLARI SÜPÜRÜB ÇÖLƏ ATMAQLARI QALIB”

Kənd sakini İlhamə Rüstəmova qasırğadan bir tərəfi dağılmış evdə üç azyaşlı ilə qalır:

"Ziyan dəymiş evlər necə var eləcə də durur. Bəziləri elə o vaxtdan qohum evində yaşayır, bəzilərinin də getməyə yeri yoxdur deyə, mənim kimi elə qəzalı evdə "indi uçar, bu saat uçar" deyib qalır. Uşaqlar körpədir, üzü qışa vəziyyətimiz necə olacaq, bilmirik. Bu evi özülündən söküb təzədən tikmək lazımdır. Bunu hökumət etməlidir. Gedirsən icra hakimiyyətinə, elə münasibət göstərirlər ki, sanki şəxsi villalarına özbaşına girmisən. Bircə süpürgə götürüb insanları süpürüb çölə atmaqları qalıb. 2 aydan çoxdur başçının qəbuluna düşə bilmirəm deyim ki, bu tifillər qəzalı evdə, başımıza dağılan tavanın altında yaza salamat çıxmayacaqlar".

Buna da bax:​ 100 yaşlı binanın vaxtı çatıb... [fotolar]

Yayın ilk günlərindəki təbii fəlakət sonradan kəndlilərin təsərrüfatla məşğul olmasına da əngəl yaradıb.

“BU YOLVERİLMƏZDİR”

Qəbələ rayon icra hakimiyyətindənsə "Qaynar xətt"ə bildirilib ki, qasırğanın fəsadları aradan qaldırılıb: "Hər kənddə təxminən 5-6 evin dam örtüyünə zərər dəymişdi, hamısı təmir olunub, fərdi evlərə, yollara, körpülərə dəyən zərərlər aradan qaldırılıb. Sadəcə olaraq, adamlar təbii fəlakətdən də sui-istifadə edib çoxdan istismar müddəti bitmiş evlərini də hökumətin hesabına sökdürüb tikdirmək istəyir, bu da yolverilməzdir".

Buna da bax:​ Zəlzələdən 21 il ötüb, hələ də bu evdə qalırlar

Bu il iyunun 8-də axşam saatlarında rayonun Mıxlıqovaq, Xırxatala, Tikanlı, Bum, Həmzəli, Qəmərvan kəndlərinə dolu və güclü yağış yağıb, qasırğa qopub. Təxminən 20 dəqiqə yağan dolu və tüğyan edən qasırğa, meyvə-tərəvəz bağlarına və əkin sahələrinə, eləcə də evlərin əsasən dam örtüklərinə və şəxsi təsərrüfatlara ciddi ziyan vurub. Çaylarda suyun səviyyəsi artıb, bəzi həyətyanı sahələri, yolları su və lil basıb. Bundan əlavə, kəndlilərin otlaq və taxıl sahələrinə, meyvə bağlarına ziyan dəyib.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

  • Zəhmət olmasa təhlükəsizlik üçün nəzərdə tutulan sualları cavablayın *

ƏLAQƏ ÜÇÜN

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG