Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 23:54

Prezidentlə kürəkəninin ədavəti yeni mərhələyə qədəm qoyur


Məhkəmə Rahat Əliyev haqqında qiyabi 40 il cəza çıxarıb
Məhkəmə Rahat Əliyev haqqında qiyabi 40 il cəza çıxarıb
Qazaxıstan prezidenti Nursultan Nazarbayevin keçmiş kürəkəni Rahat Əliyevlə davam edən ədavəti yeni mərhələyə qədəm qoyur. Rahat Əliyev Birləşmiş Ştatlara gedib orada «Qazaxgeyt» işiylə bağlı istintaqa təkzibolunmaz sübutlar təqdim etmək niyyətini açıqlayıb.

İstintaq 10 il bundan əvvəl prezident Nazarbayevin və ölkənin digər rəsmilərinin ABŞ-ın neft şirkətlərinə sərfəli kontraktlar imzalamaq qarşılığında Amerika biznesmenlərindən külli miqdarda rüşvət alıb-almadığını araşdırır. Rahat Əliyev niyyətini açıqlamazdan bir neçə gün əvvəl «Wall Street Journal» qəzeti Nazarbayevin böyük qızı, Rahat Əliyevin keçmiş həyat yoldaşı Dariqanın istintaq materiallarını ələ keçirmək üçün Amerika şirkətləriylə sövdələşdiyi barədə yazı dərc edib.


Altınbek Sarsenbayev Fondunun direktoru Aydos Sarim Dariqa Nazarbayevanın istintaqa xüsusi maraq göstərməsini təbii sayır: «Əvvəla, Dariqa prezidentin qızıdır. İkincisi, o, özü gələcəkdə siyasətə qatılmağı, birinci şəxs olmağı planlaşdırır. Aydın məsələdir ki, «Qazaxgeyt» nə qədər çox davam etsə, bu, onun gələcək siyasi maraqlarına bir o qədər əngəl olacaq. Ona görə də onun müəyyən tədbirlər görmək istəməsi başa düşüləndir. Ancaq bu tədbirləri qanuni yolla görüb-görmədiyi aydın deyil».


Çoxdankı müxalifətçilərdən olan Jasaral Kuanişali də deyir ki, Dariqanın istintaqla maraqlanması onun atasını hadisələrin pis məcrada inkişafından sığortalamaq istəyindən irəli gələ bilər. Ancaq bu da mümkündür ki, prezidentin qızı sadəcə ikili oyun oynayır: «Əgər Nazarbayevin ailəsi daxilindəki ixtilafları nəzərə alsaq, onda Dariqanın istintaq barəsində əldə etdiyi məlumatlardan atasına qarşı istifadə etmək niyyətində olduğunu da güman etmək olar. Dariqa keçmiş ərinə qarşı edilənlərdən narazı ola bilər, ona görə də mümkündür ki, o, atasına qarşı nəsə tədbir görmək istəsin».


Rahat Əlyevin «Wall Street Journal»da çıxan məqalədən sonra belə təkliflə çıxış etdiyi güman olunur. Mayın 15-də o, kaztoday.ru saytında prezident Nazarbayev, keçmiş Baş nazir, Dövlət Neft Şirkətinin sabiq rəhbəri, prezidentin keçmiş müşaviri və Nazarbayevin digər qızı Dinara barəsində İnterpolun vaxtilə Lixtenşteyndə verilmiş orderinin surətini yerləşdirib. Sayta «Frik and Ko» bankından 1 milyon dollarlıq çekin surəti də qoyulub. Bu, verilən çoxsaylı rüşvətlərdən birinin sübutu kimi təqdim olunur.


Qazaxıstanda Rahat Əliyevlə birgə ittiham olunanlardan biri də keçmiş Təhlükəsizlik naziri Alnur Musayevdir. Əliyevin Musayevlə bağlılığı onun president haqda sübutları necə ələ keçirdiyinə aydınlıq gətirir.


Məhkəmə Rahat Əliyevi çoxsaylı cinayətlərdə günahlandıraraq haqqında qiyabi 40 il cəza çıxarıb.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG