Keçid linkləri

2017, 22 Sentyabr, Cümə, Bakı vaxtı 03:12

Amerikada Qarabağ münaqişəsi müzakirə olunub [yenilənir]


Birləşmiş Ştatlardakı Atlantic Council siyasi araşdırmalar mərkəzində “Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq siyasəti” adlı müzakirəyə başlanıb.

Müzakirədə Atlantic Council qurumunun Dinu Patriciu Avrasiya mərkəzinin direktoru, səfir John Herbst, ATƏT-in Minsk qrupunda ABŞ-ın keçid həmsədri, səfir Richard Hoagland, Mərkəzi Asiya və Qafqaz İnstitutu və İpək Yolu Araşdırmaları proqramının direktoru Svante Cornell, Amerika Xarici Siyasət Şurasının (American Foreign Policy Council) nümayəndəsi doktor Stephen Blank, Atlantic Council, Qlobal Enerji Mərkəzinin araşdırmaçısı doktor Brenda Shaffer iştirak edirlər.

Müzakirələr zamanı tez-tez səslənən ümumi rəy belə olub ki, Ermənistan-Azərbaycan münasibətlərinə, eləcə də Dağlıq Qarabağ münaqişəsinin çözümünə daha geniş Rusiya-Qərb, Rusiya-ABŞ və Rusiya-Avropa prizmasından baxılmalıdır.

Yəni məsələnin uzaq perspektivdə qoyuluşu belədir. Yaxın perspektivdə isə əsas vəzifə Ermənistan-Azərbaycan münaqişəsinin tammiqyaslı müharibəyə çevrilməsinin qarşısını almaqdır. Beləki bu iki ölkə arasında tammiqyası toqquşmalar bu müharibəyə regionun əsas güclərini cəlb edə bilər, bu isə Qərb perspektivindən arzu olunmayan ssenaridir.

Eşşək məsələsi

Mərkəzi Asiya və Qafqaz İnstitutu və İpək Yolu Araşdırmaları proqramının direktoru Svante Cornell çıxışına bir neçə illər bundan əvvəl Minsk qrupunun fransalı həmsədri ilə söhbətini xatırlamaqla başlayıb:

“Səfir mənə demişdi ki, “Eşşəyi içməyə məcbur edə bilməzsən”. O nəzərdə tuturdu ki, tərəflər razılığa gəlmək istəmirlər”.

Politoloq deyib ki, son beş-altı ildə Qarabağ münaqişəsi yavaş-yavaş Yaxın Şərq kontekstinə keçir. Bu xüsusilə də Rusiyanın Suriya münaqişəsinə müdaxiləsindən və ABŞ-ın tədricıən buradan çəkilməsindən yaranan vəziyyətdir.

Qafqazı Lavrovun öhdəsinə buraxmaq olmaz

“Biz Ukraynanın şərqində yaradılmış münaqişədən görürük ki, Rusiya bu münaqişələrlə Qərbin onun yaxın qonşuluğuna sirayət etməsinin qarşısını almağa çalışır” – deyib Blank.

Svante Cornell
Svante Cornell

Politoloqun fikrincə, ABŞ-ın Suriya münaqişəsinə aktiv dönüşü təqdir olunmalıdır. Blank bildirib ki, Qərb və ABŞ münaqişələrin çözümünü Rusiyanın öhdəsinə buraxmamalıdır.

“Ən qəribəsi budur ki, Qərb Gürcüstan müharibəsində sonra da Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin çözümündəki aparıcı rolunu qəbul etdi” – deyib politoloq.

Cornell-in fikrincə, Cənubi Qafqaz bölgəsi ABŞ üçün ən azı ona görə mühümdür ki, bura Amerikanın hazırda çox qeyri-sabit müttəfiqi Türkiyə və ona düşmən olan başqa bir ölkə - İranla həmsərhəddir.

“Biz Azərbaycan-Ermənistan münaqişəsinin Sergey Lavrovun oyun meydançasına çevrilməsinə yol verə bilmərik” – deyib Svante Cornell.

İran Qarabağ münaqişəsində şiə təəssübü çəkmir

Atlantic Council, Qlobal Enerji Mərkəzinin araşdırmaçısı doktor Brenda Shaffer daha çox İranın Dağlıq Qarabağ münaqişəsinə münasibətdə siyasətindən danışıb.

Brenda Shaffer
Brenda Shaffer

Xanım Shaffer deyib ki, İran spesifik olaraq bu münaqişədə, başqa münaqişələrdə olduğu kimi şiə təəssübkeşliyi çəkmir və hətta bəzi hallarda Ermənistanın tərəfində görünür.

Xanım Shaffer-in fikrincə, İran Çeçenistan müharibəsi zamanı çeçenlərlə də həmrəylik bəyan etməyib, Tacikistanın da işlərinə qarışmayıb. Başqa sözlərlə İran bir tərəfdən Rusiyanın “Mərkəzi Asiyadan kənar dur” ritorikasına əmə edir, digər tərəfdən də bilvasitə həmsərhəd olduğu ölkələrə müdaxilə etmir. Bunun bir səbəbi də odur ki, Tehran qonşu ölkələrdəki münaqişələrin onun öz ərazisinə yayılmasından ehtiyat edir.

İranın siyasəti islami yox, praqmatikdir

“İranın siyasəti islami yox, praqmatikdir”- deyib Shaffer.

Shafferin fikrincə, İranı narahat edən əsas faktor bu ölkədə böyük azərbaycanlı əhalisinin olmasıdır.

Lakin İranın narahatlığı təkcə azərbaycanlılarla bağlı deyil, çünki İranın bütün etnik azlıqları onun sərhədləri boyunca yerləşiblər.

“Bu mənada İran azərbaycanlıları bilavasitə Azərbaycan Respublikasının qonşularıdır, türkmənlər Türkmənistanın, ərəblər isə İraqın” – deyib xanım Shaffer.

Politoloqun fikrincə İranın Qarabağ münaqişəsində siyasətini də bu kimi faktorlar şərtləndirir.

Ermənistan Qarabağa görə müstəqilliyini itirib

Amerika Xarici Siyasət Şurasının (American Foreign Policy Council) nümayəndəsi doktor Stephen Blank deyib ki, Qarabağ münaqişəsi ilə bağlı gərginliyin son həddə çatmasında istər Ermənistan, istərsə də Azərbaycanın məsuliyyəti var. Tərəflər arasında Soyuq müharibə illərində olduğu kimi silahlanma yarışı gedir.

Stephen Blank
Stephen Blank

Lakin münaqişənin qızışmasında Rusiyanın məsuliyyəti böyükdür. O hər iki tərəfə silah satır. Moskva Ermənistana İskander raketlərini verib. Yəqin ki, nüvəsiz variantıdır, amma bu raketlər nüvə başlığı da daşıya bilir və 500 kilometrədək məsafəni vurur.

Stephen Blank bildirib ki, Dağlıq Qarabağ münaqişəsi Ermənistana çox baha oturub. Bu ölkə münaqişəyə görə müstəqilliyini itirib.

Politoloq deyib ki, Azərbaycan son illərdə 4 milyard dollarlıq silah alıb və buna görə də Rusiya Ermənistanı da öz hesabına silahlandırmağa məcburdur.

“Faktiki olaraq Azərbaycan Ermənistana subsidiya verilməsinə səbəb olur. Vəziyyət bu dərəcədə mürəkkəbdir” - deyib ekspert.

Blank-ın fikirincə, Trump-Tillerson tandemi ABŞ-ın bu münaqişənin çözümündəki rolunu canlandırmalıdır.

Politoloq deyib ki, münaqişə çözülməsə, partlayış baş verəcək və bu partlayışa heç də təkcə münaqişənin iki tərəfi düşməyəcək.

“Belə nəticə Moskvadan başqa heç kimin xeyrinə deyil” – deyib Blank.

Buna da bax:​ Richard Hoagland: 'Problemi birdəfəlik həll etməyin vaxtıdır'

* * *

R.Hoagland prezidentləri xalqları sülhə hazırlamağa səsləyib

ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Richard Hoagland Ermənistan və Azərbaycan liderlərini Qarabağ münaqişəsi ilə bağlı öz xalqlarını sülhə hazırlamağa səsləyib.

“ABŞ təkidlə iki ölkə liderini öz xalqlarını sülhə hazırlamağa dəvət edir”, - o, mayın 10-da Vaşinqtonda Atlantik Şurasının təşkil etdiyi debatlarda çıxışı zamanı bildirib.

Amerikalı həmsədr, iki ölkə cəmiyyətini “güclü iradə” nümayiş etdirməyə və kompromislərə hazır olmağa dəvət edib.

Buna da bax:​ Əliyev: 'Müsəlman ölkələri Ermənistanı boykot etməlidir'

Tədbirdə tanınmış ekspertlər Svante Kornell, Stiv BlankBrenda Şaffer iştirak edirlər.

Tədbir Bakı vaxtı ilə saat 18:00-da başlayıb və hazırda davam edir.

Xatırlatma

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sülh danışıqları ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr ölkələrdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG