Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Sentyabr, Cümə axşamı, Bakı vaxtı 10:33

Thomas de Waal: ‘2016-cı il Qarabağ üçün pis olub. 2017 daha pis ola bilər’


Thomas de Waal

Britaniya jurnalisti və Qafqaz məsələləri üzrə ekspert, Ermənistan-Azərbaycan münaqişəsinə həsr olunmuş “Qara Bağ” kitabının müəllifi Thomas de Waal-ın Carnegie Europe saytında dərc olunmuş son məqaləsi “2017-ci ildə Qarabağ münaqişəsi təhlükəsi” adlanır.

Məqalədə deyilir ki, hər yaz Qarabağ münaqişəsini izləyən politoloq və ekpsertlər belə bir sual verirlər: “Müharibə olacaqmı?” Bu il onlar xüsusilə bədbindirlər. 2016-cı il bu mənada pis il olub. 2017 daha pis il ola bilər.

Ötən aprelin dörd günü ərzində, 1994-cü ildən bəri mübahisəli Dağlıq Qarabağda baş vermiş ən pis toqquşmalarda 200 azərbaycanlı və erməni həlak olub.

Müəllif qeyd edir ki, bu toqquşmaların ardınca yay aylarında azərbaycanlılar 1994-cü ildən bəri qüvvədə olan atəşkəsi saxlamağa, ermənilər isə daha geniş danışqılar prosesinə razılaşıblar. Amma bundan sonra hər şey öz məcrasına qayıdıb. Qarşılıqlı ittihamlar, Azərbaycanın səbirsizliyi, Ermənistanın inadkarlığı yenidən bərqərar olub.

4 günlük aprel müharibəsində hər iki tərəf ağır itkilər verib
4 günlük aprel müharibəsində hər iki tərəf ağır itkilər verib

Əlbəttə ABŞ-ın təməlini qoyanlardan Benjamin Franklin deyib ki, “yaxşı müharibədənsə, pis sülh daha yaxşıdır”, amma De Waal-ın fikrincə, Qafqazda yeni münaqişə minlərlə yeni qurbanlara və iqtisadiyyatın tamamilə darmadağın olunmasına gətirib çıxara bilər.

Məqalədə deyilir ki, tərəflər bütün hallarda müharibə yolunu seçə bilərlər. 1994-1995-ci illərdə əldə olunmuş razılaşmanı qüvvədə saxlamaq getdikcə çətinləşir.

Müəllif yazır ki, 1994-cü ildə 250 kilometrlik təmas xətti tələsik qazılmış səngərlərdən ibarət idi. Bu səngərlərə sığınan əsgərlər arabir güllə atar, bəzən isə hətta bir-birlərindən siqaret istəyərdilər. Amma indi bura Avropanın ən çox hərbiləşdirilmiş ərazisidir. İndi təfələrin artilleriyası, uzaqvuran raketləri, döyüş helikopterləri, hərbi dronları var. Azərbaycan yeni silahların alınması üçün neft pullarından milyardlarla dollar xərcləyib, elə ermənilər də Rusiyadan güzəştli qiymətlərə aldıqları silahlar hesabına əhəmiyyətli müdafiə qurublar.

De Waal yazır ki, Azərbaycan 2016-cı ilin aprelində iki kiçik ərazi parçasını geri qaytara bilib, lakin bunun psixoloji təsiri qat-qat böyük olub. Azərbaycan iki onillikdir ki, davam edən alçaldılmaya son qoyub, burada vətənpərvərlik hissləri, münaqişənin hərbi yolla həllinə ümidlər artıb. Bu, müəyyən mənada Azərbaycan əhalisinin diqqətini tənəzzül edən iqtisadiyyatdan və ucuzlaşan milli valyutadan yayındıra bilib.

Ermənistan Rusiyadan dağıdıcı İskander raketləri alıb
Ermənistan Rusiyadan dağıdıcı İskander raketləri alıb

Ekspertin qənaətinə görə hazırda tərəflər öz hərbi qüdrətlərini aşırı qiymətləndirirlər. Üstəlik hər iki tərəf indi daha ölümcül silahlara malikdir. Ermənilər Rusiyadan aldıqları İskander raketlərini 2016-cı ildə keçirdikləri hərbi paradda nümayiş etdiriblər. Bu raketlər 280 kilometrədək məsafəni vurur və əslində Azərbaycanın yaşayış məntəqələrini, neft və qaz infrastrukturunu hədəfləyə bilər.

Bu ermənilərin əl ata biləcəkləri sonuncu vasitədir, lakin əgər Azərbaycan tərəfindən genişmiqyaslı hücum başlanarsa, onlar bunu edə bilərlər. Ermənistanın 2015-ci ildə qəbul edilmiş hərbi doktrinasına görə də Yerevan Azərbaycanı çəkindirmək üçün önləyici zərbə endirə bilər. Azərbaycanın ixtiyarında isə Iron Dome raketdən müdafiə sistemləri də daxil İsraildən aldığı ağır silahlar var.

İndi Azərbaycanın İsrail istehsallı Iron Dome raketdən müdafiə sistemi var
İndi Azərbaycanın İsrail istehsallı Iron Dome raketdən müdafiə sistemi var

​De Waal yazır ki, hərbi vəziyyət təhlükəlidir, amma siyasi vəziyyət də daha az təhlükəli deyil. Azərbaycanda neft gəlhagəlinin başa çatması ilə iqtisadi tənəzzül başlanıb.

Ermənistanda prezident Serzh Sargsyan-ı qəliz aprel parlament seçkiləri gözləyir. Səsvermə başa çatdıqdan sonra orada bütün səlahiyyətlər prezidentdən parlamentə keçmiş olacaq.

Təhlilçilər bunu son prezidentlik müddəti 2018-ci ildə başa çatmalı olan Sagsyan-ın hakimiyyəti əldə saxlamaq üçün siyasi qambiti kimi qiymətləndirirlər.

Digər tərəfdən ABŞ-da prezidentliyə Donald Trump-ın gəlməsi, Avropa İttifaqındakı böhran Cənubi Qafqazda hiss olunur və tərəfləri məsuliyyətsiz addımnlara sövq edə bilər.

De Waal-ın fikrincə, 2016-cı ilin aprelində münaqişəyə Moskva müdaxilə edərək hər iki tərəfdən şifahi vəd alıb, lakin Qarabağ münaqişəsinin iplərinin Moskvanın əlində olması barədə qənaət aldadıcıdır. Əslində 1988-ci ildən bəri Moskva vəziyyətə heç cür nəzarət edə bilməyib və bunun əvəzində gah bir, gah digər tərəfi dəstəkləyib. Hazırda isə Rusiyaya heç bir tərəfdə inam yoxdur.

“Qısası Qarabağa görə önləyici zorakılığın baş qaldırmaması üçün önləyici diplomatiyaya ehtiyac var” – yazır Thomas de Waal.

Günün bütün mövzuları

XS
SM
MD
LG