Beynəlxalq Böhran Qrupu (BBQ) 2017-ci ildə dünyanı əndişələndirə biləcək məsələlərdən söz açan hesabatını açıqlayıb.
İllik hesabatda dünyanın ən narahat bölgələrindən biri kimi Qarabağdan da danışılır.
Sənəd müəllifləri ötən ilin aprel hadisələrini xatırladaraq, Dağlıq Qarabağda gərginliyin qaldığını, 2017-ci ildə bu gərginliyin artma təhlükəsinin böyük olduğunu vurğulayırlar.
GÜZƏŞTLİ DANIŞIQLAR – YEGANƏ HƏLL YOLU
Beynəlxalq Böhran Qrupu diplomatik cəhdlər olmasa, 2017-ci ildə Qarabağda döyüşlərin qızışacağını və bundan daha çox dinc əhalinin əziyyət çəkəcəyini, düşmənçiliyin tələfatla, köçkünlüklə sonuclanacağını bildirir. Hər iki tərəfin silahlandığını, həm Azərbaycan, həm də Ermənistanın bir-birinin ərazisini dağıda biləcək silahlara malik olduğunu qeyd edir. «Son hadisələr hər iki tərəfin qarşıdurmaya hazır olduğunu göstərir», – deyə qurum xəbərdarlıq edir.
Mütəxəssislərin fikrincə, Bakı da, Yerevan da, döyüşlərə başlasalar, regional təzyiqlə üzləşəcəklərini bilirlər. «Amma hər iki tərəf düşmənçiliyin öz xeyrinə olacağını düşünər. Bakı diplomatik səylərin nəticə vermədiyini görərsə, durumu dəyişməyə yenidən can ata, Yerevan isə aprel döyüşlərindəki uğursuzluğun başlanğıc olmadığını nümayiş etdirməyə çalışa bilər», – hesabatda vurğulanır.
Beynəlxalq Böhran Qrupu ekspertlərinin fikrincə, Qarabağ məsələsinin yeganə həlli yolu güzəştli danışıqlardır. Amma həm Ermənistan, həm də Azərbaycan liderlərinin xalqlarının «müharibə əhvalını alovlandıran çıxışları», real sülhün nəticələrindən, üstünlüklərindən danışmamaqları, ən başlıcası isə, hər iki ölkədə bir-biri ilə əlaqəsi olmayan nəsillərin yetişməsi, yəni xalqlar arasında ünsiyyətin olmaması sülhün əsas əngəlləridir.
MOSKVA SÜKANI ƏLƏ ALIB
Narahatlığa rəğmən, ATƏT-in Minsk qrupu həmsədrlərinin məsələnin həllində zəifliyi qeyd olunur. BBQ Minsk qrupunda sükanı Moskvanın ələ aldığını, 2016-cı ilin aprel döyüşlərindən sonra atəşkəsə Rusiyanın nail olduğunu yada salır. Digər həmsədrlərin Moskvanın liderliyinə qarşı çıxmadıqlarını, özlərinin isə problemə biganə yanaşdıqlarını qeyd edir. «Yeni ABŞ administrasiyası Qarabağ məsələsiylə, hələ ki, maraqlanmayıb, Fransanın da başı prezident seçkilərinə qarışıb… AB-nin təsiri isə güclü olsa da, məhduddur», – qurum bildirir.
«Amma Moskvanın da Bakı və Yerevana nüfuzunun həddi var», – deyə sənəddə vurğulanır. «Digər tərəfdən, Qarabağ probleminin tam həllinin Moskvanın maraqlarına uyğun olub-olmaması sual altındadır». Bunu da Beynəlxalq Böhran Qrupu söyləyir.
Sənəd müəllifləri Rusiyanın son illər həm Azərbaycan, həm də Ermənistanı silahlandırdığını qeyd edirlər. Rusiyanın Yerevan, Türkiyənin isə Bakı qarşısında öhdəliklərini xatırladaraq, hər iki ölkənin, həmçinin İranın Qarabağ münaqişəsinə qarışa biləcəyini ehtimal edirlər.
AVROPA, TÜRKİYƏ VƏ RUSİYA
Sənəddə qonşu ölkələrdən Türkiyə, Rusiya və İranla bağlı əndişələrdən də danışılır. Türkiyənin «İslam Dövləti» (İŞİD), PKK, Suriya qaçqınlarıyla bağlı yeni sınaqlarla üzləşdiyi, o biri tərəfdən də hökumətin öz hakimiyyətini gücləndirməkdə olduğu vurğulanır. Mütəxəssislər Rusiyaya yaxınlaşmaqda olan Türkiyənin bir-birinə zidd istiqamətlərə yönələ biləcəyini, AB ilə Türkiyə arasındakı etimadsızlığın əməkdaşlıq sahələrini azaldacağını ehtimal edirlər.
Hesabatda Rusiyanın artan maraqlarının, dünyanın əsas oyunçusuna çevrilmək cəhdlərinin bütün dünyanı yeni sınaqlarla üzləşdirdiyi qeyd edilir. Digər tərəfdən, yeni ABŞ prezidenti Donald Trump-ın NATO-ya münasibəti, eləcə də, Britaniyanın Avropa Birliyindən çıxması Avropanın əsas qurumlarının gələcəyinə şübhə yaradıb, silahlara nəzarətlə bağlı anlaşmaların da təhlükə altında olması insanlarda etimadsızlıq, etibarsızlıq hissini artırıb. Məsələn, «AB-yə üzv olan, NATO ilə əməkdaşlıq edən Baltikyanı ölkələrinin təhlükəsizliyi təmin olunub, amma Rusiyanın təxribatları və kiber-hücumlarıyla bağlı qorxuları artmaqdadır». Beynəlxalq Böhran Qrupunun hesabatında belə deyilir.
Bu hesabatda da Avropanın yeni sınaqlarla üzləşdiyi vurğulanır. Britaniyanın AB-ni tərk etməsi, miqrant problemi, terror hücumları, millətçilik və ekstremizmin alovlanması kimi problemlərin Avropanın cazibə qüvvəsini azaltdığı, Avropa dəyərlərini dəyişdiyi vurğulanır.