Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 12:26

Qarabağ döyüşlərində həlak olanların sığorta pulları veriləcək


Milli Məclisin qarşısında «sığorta aksiyası»
Gözlə

No media source currently available

0:00 0:03:18 0:00

Milli Məclisin qarşısında «sığorta aksiyası»

Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan və hərbi əməliyyatlarla əlaqədar itkin düşdüyünə görə ölmüş elan edilən hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı fərman imzalayıb.

Bu gün, aprelin 19-da imzalanan fərman 1997-ci il avqustun 2-dək olan dövrü əhatə edir.

Beləliklə, bu fərmanla müəyyənləşdirilmiş qaydada 11 min manat məbləğində birdəfəlik ödəmə veriləcək. Birdəfəlik ödəməni Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirəcək.

Söhbət həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak və ya itkin düşdüyünə görə sığorta ödənilməyən insanlardan gedir.

Fərmanda tələb edilən sənədlər də açıqlanır. Bura hərbi qulluqçunun ölümü haqqında şəhadətnamə, məhkəmə qərarı, birdəfəlik ödəməni almaqdan ötrü müraciət etmiş şəxsin vərəsəlik hüququnu təsdiq edən sənəd və onun bank hesabı nömrəsinə dair arayış daxildir.

Qarabağda Azərbaycan artilleriyası. 1992
Qarabağda Azərbaycan artilleriyası. 1992

Fərmana əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti onların siyahısını Müdafiə Nazirliyi və bir sıra dövlət qurumları ilə birgə müəyyən etməlidir. Siyahı üç ay müddətində Maliyyə Nazirliyinə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim olunmalıdır.

Sənəddə vurğulanır ki, 1997-ci il avqustun 2-də «Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında» Qanun qüvvəyə minib.

Bundan sonra hərbi qulluqçuların həlak olması, itkin düşməsi və ya xəsarət alması zamanı sığorta ödənişlərinin verilməsinə dair normativ hüquqi baza formalaşıb. Qanuna uyğun olaraq, 1997-ci il avqustun 2-də belə insanlara görə sığorta ödənişlərinin verilməsinə başlanıb.

Xatırlatma

Bu məsələ illər idi ki, cəmiyyətdə zaman-zaman qızğın müzakirə edilirdi. Ancaq söhbət təkcə 1997-ci ilə qədər Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olanlara görə yox, həm də deyilən vaxt, eyni şəraitdə əlil statusu alanlara sığorta pulunun verilməsindən gedirdi.

Müxalifət partiyalarının liderləri də bir neçə dəfə onların sığorta pulunun verilməsini gündəmə gətirmişdilər.

Hətta Qarabağ müharibəsi iştirakçıları hesab edirdilər ki, həmin şəxslərə görə siğorta pullarının verilməsi zamanı 2015-ci ildə baş verən devalvasiyalar da nəzərə alınmalıdır.

T.Əbilov
T.Əbilov

T.Əbilov: «1000-ə qədər məhkəmə qərarı icrasız qalıb»

«Biz döyüşlərdə həlak olan insanların ailələrinə sığorta pullarının ödənməsindən ötrü 2005-ci ildən fəaliyyətə başlamışdıq».

Hüquqşünas Telman Əbilov bunu prezidentin Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan və hərbi əməliyyatlarla əlaqədar itkin düşdüyünə görə ölmüş elan edilən hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı fərmanını dəyərləndirərkən deyib.

Onun bildirməsinə görə, qeyri-hökumət təşkilatları bu məsələ ilə 2005-ci ildən məşğul olsalar da, buna aid məhkəmə qərarları yalnız 5-6 ildən sonra çıxarılmağa başlanıb: «Öncə 30-40-a yaxın məhkəmə prosesi oldu, qərarlar verildi, həmin pulları ödədilər».

T.Əbilov deyib ki, sonradan bu proses kütləvi hal alıb. Onun vurğulamasına görə, 1000-ə qədər belə məhkəmə qərarı verilib. Ancaq onun deməsinə görə, «Azərsığorta» şirkəti həmin pulları verməkdən imtina edib.

Hüquqşünas deyib ki, daha 1000 iş də məhkəmələrin baxışında olub: «Elə ki, bu məsələnin kütləviləşdiyini gördülər, sığorta şirkəti ödənişləri ödəməkdən, məhkəmə qərarlarını yerinə yetirməkdən imtina etdi».

O, bu məsələnin gec də olsa, həllinin tapmasını müsbət dəyərləndirir: «Hər halda, gec də olsa, bu müsbət bir addımdır».

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG