Keçid linkləri

Təcili xəbərlər
2018, 17 İyul, çərşənbə axşamı, Bakı vaxtı 13:46

Kremlin yüksəkçinli rəsmisi deyir ki, ötən il ABŞ-da Rusiyaya məxsus iki diplomatik binanın tutulmasıyla bağlı səbri tükənmək üzrədir.

Yury Ushakov iyulun 3-də Moskvada jurnalistlərə bildirib ki, Rusiya bu məsələ üzrə «müstəsna çeviklik» sərgiləyib. ABŞ prezidenti Barack Obama Nyu-York və Merilenddəki binaların bağlanmasına Moskvanın ötənilki prezident seçkisinə iddia olunan müdaxiləsinə cavab olaraq qərar vermişdi.

RUSİYANI CAVAB TƏDBİRLƏRİNDƏN AZAD ETMƏK...

Prezident Vladimir Putin-in müşaviri olan Ushakov söyləyib ki, Rusiyanın səbrinin həddi var.

Qeyd edək ki, bir neçə gündən sonra, iyulun 7-də Almaniyada başlanacaq Böyük 20-lik sammiti çərçivəsində Putin-in amerikalı həmkarı Donald Trump-la görüşəcəyi gözlənir.

«Mənə elə gəlir ki, Rusiya tərəfini əvvəlki administrasiyanın ötən il atdığı addımlara cavab tədbirləri görməkdən azad etmək lazımdır», – Ushakov söyləyib.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Maria Zakharova iyunun 28-də demişdi ki, binaların qapadılmasına görə cavab tədbirləri hazırlanır.

Ötən il ABŞ kəşfiyyat rəsmiləri Kremlin seçki kampaniyasına haker hücumu və propaqandanı idarə etdiyini açıqladı. Bundan sonra, dekabrda həmin diplomatik korpuslar tutuldu. Kremlin Trump-ın xeyrinə seçkiyə müdaxiləyə cəhd göstərdiyi bildirilirdi. Ancaq Rusiya bu ittihamları rədd edib.

Y.Ushakov-un sözlərinə görə, Hamburqda gözlənən Trump-Putin görüşünün detalları yekunlaşmaq üzrədir. O, planlaşdırılan danışıqları «vacib» adlandırıb.

«Ən yüksək səviyyədə müzakirə olunası məsələlər çoxdur. Bu baxımdan, bu, şəxsi səviyyədə ilk təmas belə vacibdir», – o deyib.

Thomas Shannon
Thomas Shannon

ERTƏLƏNƏN GÖRÜŞ YENİDƏN BAŞ TUTA BİLƏR

İyulun 3-də ABŞ Dövlət Departamenti bildirib ki, dövlət katibinin köməkçisi Thomas Shannon gözlənən görüşü Rusiyanın Vaşinqtondakı səfiri Sergei Kislyak-la müzakirə edib. Tərəflərin Shannon-la Rusiya xarici işlər nazirinin müavini Sergei Ryabkov arasında yeni görüşü də götür-qoy etdikləri açıqlanıb.

Moskva ötən ay iki diplomatın görüşünü təxirə saldı. Səbəb ABŞ-ın Rusiyaya yeni sanksiyalar qoyması idi. Rusiya Ukraynanın Krım yarımadasını ilhaq etdiyinə, Ukraynanın şərqində separatçıları dəstəklədiyinə görə Qərbin sanksiyaları ilə üzləşib.

Trump indiyədək Rusiyaya daha geniş əməkdaşlıq arzusunu dilə gətirib Ancaq administrasiya hələlik sanksiyaların yumşaldılmasına doğru niyyət ortaya qoymayıb.

Digər tərəfdən, Rusiyayla gərginliyin azaldılmasını hədəfləyən hər hansı addım Vaşinqtonda konqresmenlərin müqavimətiylə üzləşər. Onsuz da Trump-ın inauqurasiyasından öncə onun müşavirləri ilə Rusiya rəsmilərinin kommunikasiyası ucbatından yetərincə ziddiyyət yaranıb.

Trump isə xəbər mediasını və siyasi opponentlərini prezidentliyinə «saxta» Rusiya əhvalatıyla zərbə vurmaq cəhdində suçlayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG