Keçid linkləri

2017, 21 Oktyabr, şənbə, Bakı vaxtı 18:19

Putin: ‘ABŞ-la Rusiya arasında əsl müharibə başlanarsa...’


Oliver Stone-un çəkdiyi "Putin-in müsahibələri" sənədli filmindən kadr

Rusiya prezidenti Vladimir Putin ABŞ televiziyasında efirə çıxacaq müsahibəsində deyir ki, ABŞ-la Rusiya arasında əsl müharibə başlanarsa, "heç kəs sağ çıxmayacaq".

ƏSL MÜHARİBƏ BAŞLASA...

Hollivud rejissoru Oliver Stone-un çəkdiyi "Putin-in müsahibələri" adlı dörd hissəli proqram iyunun 12-də “Showtime” televiziya şəbəkəsində yayımlanacaq. Müsahibədə Putin Vaşinqtonu Moskvanın işlərinə qarışmaqda və NATO-dan öz maraqları üçün yararlanmaqda günahlandırır.

Müsahibə zamanı Oliver Stone Putin-dən soruşur ki, birdən ABŞ-la Rusiya arasında əsl müharibə başlasa və ABŞ üstünlük qazansa, nə baş verər. "Heç kim sağ çıxmaz", – deyə Putin cavab verir.

Buna da bax:​ Putin ABŞ-ı beynəlxalq aləmi qarışdırmaqda ittiham edir

Oliver Stone. Moskva, 5 noyabr, 2014
Oliver Stone. Moskva, 5 noyabr, 2014

Məlumdur ki, 2014-cü ildə Rusiyanın Krım yarımadasını ilhaqından və Ukraynanın şərqində silahlı münaqişə ocağı yaradaraq buradakı separatçıları dəstəkləməyə başlamasından sonra iki ölkənin münasibətləri kəskinləşib. Birləşmiş Ştatlar və Avropa Birliyi Moskvaya sanksiyalar tətbiq edib. NATO isə Rusiyanın aqressiyasına cavab olaraq özünün şərq sərhədlərində müdafiə sistemlərini gücləndirib.

“RUSİYA HƏRBİ HAZIRLIĞINI GÜCLƏNDİRƏCƏK”

Putin-in Oliver Stone-a verdiyi cavablar onun 17 illik hakimiyyəti dövründə sərgilədiyi mövqeyi əks etdirir. Ötən həftə Sankt Peterburq şəhərində iqtisadi forumdakı nitqində o, NATO-nu Vaşinqtonun istismar etdiyi xarici siyasət aləti adlandırıb.

"NATO ABŞ xarici siyasətinin alətidir. Burada müttəfiqlər yoxdur, vassallar var. Bir ölkə NATO üzvü olandan sonra onun ABŞ-ın təzyiqlərinə müqavimət göstərməsi çətin olur", – o, Oliver Stone-un çəkdiyi "Putin-in müsahibələri" sənədli filmində deyir.

Buna da bax: Vladimir Putin ABŞ-ın hava hücumlarından müdafiə sistemlərindən danışır

Müsahibədə o, həmçinin söyləyir ki, NATO-nun "təhdidlərinə" cavab olaraq Rusiya öz hərbi hazırlığını gücləndirməyə məcbur olacaq. Alyans dəfələrlə Rusiyaya təhlükə yaratmadığını, sadəcə, NATO-nun xartiyasına uyğun olaraq, üzv dövlətləri müdafiə etdiyini bildirib.

“CAVABLAR YOXLANILMIR”

Sənədli filmin anons kimi yayılmış fraqmentlərindən belə görünür ki, Oliver Stone çoxluğun vətəndaş azadlıqlarını boğan, siyasi opponentlərinə ciddi təzyiq göstərən, dostları, ailəsi və yaxınlarını da əhatələyən korrupsiya sxemlərində adı hallanan lider kimi tanıdığı Putin-ə danışmağa rahat məkan verib.

“Bloomberg” yazır ki, "sənədli filmdə Putin-in cavabları yoxlanılmır və müxalifətçilərdən müsahibə alınmır".

Buna da bax:​ Trump: “ABŞ-la Rusiya arasında hər şey yaxşı olacaq"

Filmdə Putin-in məşhur bayağı ifadələrindən biri də yer alıb: “Mən qadın deyiləm, ona görə də problemli günlərim olmur".

“Mən heç kimi təhqir etməyə çalışmıram. İşlərin gedişi belədir. Müəyyən təbii səkllər var", – Putin Stone-a deyir.

“BACARDIĞIM BÜTÜN NÖQTƏLƏRƏ TOXUNDUM”

Oliver Stone ötən ayın sonunda Avstraliya Teleradioyayım Şirkətinə müsahibəsində Putin-i "bəyəndiyini" və ona "hörmət etdiyini" deyib. O hesab edir ki, Putin Qərbdə yanlış təqdim olunur, onun "siyasi, ideoloji imici" qabardılır.

"Mən onu sınadım, cırnatdım və qəzəbləndirdim. Bacardığım bütün nöqtələrə toxundum", – deyə Stone qeyd edib.

Buna da bax:​ Hesabat: 'Rusiya ABŞ seçici sisteminə müdaxiləyə cəhd göstərib'

Showtime-ın yaydığı treylerdə Oliver Stone Kremlin ABŞ-da son prezident seçkilərinə müdaxilə edərək haker və təsir üsullarıyla Donald Trump-a yardım etməsinə dair iddialara da toxunur və bu barədə Putin-ə sual verir.

“Seçkilərə niyə haker müdaxiləsi etmisiniz?" – deyə Stone soruşur.

Ancaq treylerdən Putin-in bu suala nə cavab verdiyini eşitmək olmur. Hərçənd, Putin dəfələrlə bu ittihamı rədd edib.

Ötən həftə Putin ilk dəfə açıq şəkildə Rusiyanın seçkilərə müdaxiləsi məsələsindən danışıb. O deyib ki, "vətənpərvər" hakerlər Kremli tənqid edənləri hədəfə ala bilərlər, ancaq hökumət belə hərəkətlərdə iştirak etmir.

Günün bütün mövzuları

XS
SM
MD
LG