“The Washington Post” qəzetinin verdiyi xəbərə görə Amerikanın Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) Rusiya prezidenti Vladimir Putinin ABŞ prezident seçkisi kampaniyasına müdaxilə kiberkampaniyası ilə birbaşa bağlı olduğuna dair məlumatı ovaxtkı prezident Barack Obamaya hələ 2016-ci ilin avqustunda veribmiş.
İyunun 23-də dərc olunmuş məqalədə deyilir ki, kəşfiyyat agentliyi Putinin demokrat namizəd Hillary Clinton-un gözdən salınması və ya məğlubiyyəti və onun rəqibi respublikaçı Donald Trump-ın qələbəsinə kömək məqsədilə keçirilən əməliyyata Putinin “spesifik tövsiyələr” verməsinə dair sübutları bildirib.
O zaman artıq ABŞ-ın kəşfiyyat rəsmiləri Rusiya kəşfiyyatına bağlı hakerlərin Demokratik Partiyanın kompüter sisteminə müdaxilə etdiyinə dair konkret məlumata malik idilər.
Lakin MKİ direktoru John Brennan-ın 2016-cı il, avqust tarixli tamamilə məxfi brifinqində ABŞ prezidentinə Rusiyanın həqiqi məqsədləri barədə rəsmi məlumat verilirdi.
Qəzet yazır ki, həmin brifinqdən sonra Obama administrasiyası Rusiyanın dəf edilməsi və ya cəzalandırılması üçün bir neçə variantı müzakirə edib.
Bu variantların arasında Rusiyanın infrastrukturuna kiberhücum, Putini narahat edəcək MKİ məlumatlarının açıqlanması və sanksiyalar olub.
Lakin Obama bu tədbirlərdən “simvolik” kimi qiymətləndirilə biləcək ən yüngülünü seçib.