Keçid linkləri

Təcili xəbərlər
2018, 22 Fevral, Cümə axşamı, Bakı vaxtı 20:52

Putin-in köynəksiz şəkillərini niyə yayırlar


V.Putin Tuvada balıq tutur. 2017

Rusiya prezidenti Vladimir Putin avqustda adətən köynəksiz fotolar çəkdirdiyi Tuvaya gedib. Bloomberg.com-da Leonid Bershidsky yazır ki, Kremlin yaydığı son fotosessiya qlobal medianın diqqətini çəkib, ancaq bundan artıq diqqətçəkən Putin-in bir trol kimi qazandığı inanılmaz uğurdur.

Məsələ bundadır ki, bu fotoqalereyanı təkcə tabloid mətbuatı yaymayıb, «The New York Times», «The Washington Post», «Time» da onlardan geri qalmayıb.

«Az dövlət başçıları hökumətin xəbər məhsullarının belə bir uğuruyla lovğalana bilər. Bu uğur həm də ona görə diqqətçəkəndir ki, Putin 2007 və 2009-cu illərdə də Monqolustanla sərhəddəki Cənubi Sibir bölgəsində köynəksiz fotolar çəkdirmişdi. 2013-cü ildə də bu regiona getmişdi, ancaq onda, yəqin, hava soyuq olduğundan köynəyini çıxara bilməmişdi. Ancaq onda da Putin tutduğu böyük bur durna balığını öpməklə sosial şəbəkələri həyəcanlandıra bilmişdi», – yazan müəllif Putin-in bütün köynəksiz fotolarını Tuvada, müdafiə naziri Sergei Shoigu-nun vətənində çəkdirdiyini vurğulayır.

Bu regionun uzaqlığı və təbiəti fonunda prezidenti arzuolunmaz şəxslər görmür, üstəlik, solğun dərili peterburqlunun bir maço (kişi, erkək) obrazını, açıq hava sevən romantizmini üzə çıxarmış olur.

Putin Tuvada at belində. 2009
Putin Tuvada at belində. 2009

KREML DAXİLİ EFFEKTİ BİLİR

«Bəs axı, Kreml niyə bu fotoları yayır, qlobal media isə onları belə acgözlüklə həzm edir? Bu sualın aydın cavabı budur – Putin 65 yaşlı bir kişi üçün dərin təsir bağışlayan bədən quruluşunu yerli auditoriyaya satır. Demokratiyanın bir daha məsxərəyə qoyulacağı 2018-ci il seçkiləri öncəsi seçiciləri inandırmaq istəyir ki, 17 il öncə hakimiyyətə gələn həmin qoçaq kişidir. Doğrudan da, son fotolarla 2007-ci il fotolarını müqayisə edəndə elə bir fiziki pisləşmə əlaməti görünmür. Bir qəzet hətta Putin-i sarkazmla Indiana Jones-la müqayisə edib, «ona necə səs verməmək olar» deyə sual edib».

Müəllif qeyd edir ki, Putin və mətbuat xidməti hətta Putin-ə qarşı çıxmayan rusiyalıların belə bu fotolara skeptik yanaşa biləcəyini bilirdi. Fotolarla bağlı yaltaq çalarları olmayan zarafatlar da edilir. Elə məşhur balıqla çəkdirdiyi fotodan sonra da onu «həvəskar» adlandıranlar olmuşdu. Yəni, Putin rusiyalıların çoxunu artıq bu məsələlərlə təəccübləndirmir.

«Rusiyalılar liderlərin superinsan kimi təqdim olunmasına alışıblar. Şəxsən mən Vladimir Lenin-in beyin quruluşunun fərqli olması barədə əhvalatlarla böyümüşəm… Putin Rusiyanı şəxsiyyətə pərəstişlə deyil, güc və hiyləgərliklə idarə edir. Kreml də bu fotoları pərəstiş yaratmaq məqsədiylə yaymır. Nə vaxtsa buna görə edirdi, indi isə ölkədə yaranacaq effekti bilir», – məqalədə oxuyuruq.

QƏRB AUDİTORİYASI ÜÇÜN

Müəllifin fikrincə, Kreml bu fotoları Qərb izləyiciləri üçün yayır. Köynəksiz Putin onları ovsunlayır və Qərb mediası illərdir bu fotolardan Rusiya prezidentiylə bağlı yazılarda istifadə edir. Hətta ən yaltaq kremlpərəst media belə, 2007 və 2009-cu il fotolarını daha dərc etmir. Sonucda bu fotolar Qərb mediasının nifrət etməyi seçdiyi kişi obrazını gücləndirir.

«Rusiyanın Qərblə bu cür təması heç də cəlbedici imic yaratmağı hədəfləmir. Məqsəd rişxənd və trollamadır. Qara eynək taxmış, köynəksiz Putin uzaq Sibirdə gölün ortasında üzür və ABŞ Konqresinin son sanksiyaları heç vecinə də deyil. ABŞ kəşfiyyat xidmətləri Putin-in Amerika şəbəkələrinə müdaxiləsini araşdırdığı bir vaxtda, Putin-in toruna durna balığı düşür», – yazan müəllif Qərb mediasını bu oyuna getməməyə çağırır.

«Bəlkə Angela Merkel-in tətil fotolarını yayasız? Putin-ə bu cür dəstək göstərdiyiniz yetər», – məqalədə vurğulanır.

Angela Merkel Putin-in sərt tənqidçilərindən olub, Rusiyaya sanksiyaları dəstəkləyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG