Keçid linkləri

2017, 19 Noyabr, bazar, Bakı vaxtı 14:32

Putin yeni ABŞ səfirinin münasibətləri yaxşılaşdıracağına ümid edir


ABŞ-ın Rusiyadakı yeni səfiri Jon Huntsman (solda) və Rusiya prezidenti Vladimir Putin oktyabrın 3-də keçirilmiş mərasim zamanı

Rusiya prezidenti Vladimir Putin ABŞ-ın Moskvadakı yeni səfirinə deyib ki, o iki ölkə arasında “çox pis pozulmuş” münasibətlərin yaxşılaşacağına ümid edir.

Oktyabrın 3-də Kremldə keçirilən mərasimdə səfir Jon Huntsman-in səlahiyyətlərini qəbul edən Putin bildirib ki, ABŞ-Rusiya münasibətlərinin hazırkı durumu “bizi qane edə bilməz”.

Putin deyib ki, “biz konstruktiv, proqnozlaşdırılan və hər iki tərəfə xeyirli əməkdaşlığın tərəfdarıyıq”.

O əlavə edib ki, münasibətlərin bərabərlik, milli maraqlara qarşılıqlı ehtiram və bir-birinin daxili işlərinə qarışmamaq prinsipləri üzərində qurulmasını istəyir.

AzadlıqRadiosu yazır ki, iki ölkə arasında münasibətlərin kəskin pisləşməsi elə Putinin bu sonuncu prinsipi pozduğuna dair iddialara görə baş verib: Yanvar ayında ABŞ kəşfiyyatı bildirib ki, Putinin 2016-cı il ABŞ seçkçilərinə “təsir kampaniyasına” şəxsən göstəriş verdiyi aşkar olunub.

Sentyabrın 19-da Senatda yeni vəzifəsinə təsdiq edilərkən ifadə verən Huntsman deyib: “Rusiya hökumətinin ötən il keçirilən ABŞ seçkisinə müdaxilə etməsinə heç bir şübhə, təkrar edirəm, heç bir şühə yoxdur. Bundan başqa Moskva bizim dost və müttəfiqlərimizin demokratik proseslərinə qarışmaqda davam edir”.

Səfirlərin Kremldə qəbulu mərasimindən əvvəl Putinin sözçüsü deyib ki, “Moskva Huntsman-in bir səfir kimi münasibətlərimizin bərpasına töhfə verəcəyinə ümid bəsləyir”.

Sözçü Dmitri Peskov bu münasibətlərin pozulmasına görə Birləşmiş Ştatları təqsirləndirib və deyib ki, Putin yaxın əməkdaşlığın hər iki ölkənin marağında olmasına inanır.

Lakin seçki müdaxiləsindən əvvəl də ABŞ və Rusiya arasında münasibətlər Krımın qanunsuz ilhaqına və Moskvanın Ukrayanya müdaxiləsinə görə pisləşməkdə idi. İki tərəf arasında Suriya prezidenti Bashar al-Assad-a dair də fikir ixtilafları mövcuddur.

Huntsman sayca heyəti kəskin ixtisar edilmiş diplomatik missiyanı qəbul edir. Moskva ABŞ-ın Rusiyadakı diplomatik heyətinin 755 nəfər ixtisar edilməsini tələb edib. Buna səbəb Konqresin Rusiyaya qarşı sanksiyaları möhkəmləndirən qanunu qəbul etməsi olmuşdu.

Trump prezident seçiləndən sonra Rusiya rəsmiləri iki ölkə arasındakı münasibətlərin yaxşılaşacağına ümid edirdilər, lakin bu ümidlər tezliklə özünü doğrultmadı.

Bu həm də onunla bağlı idi ki, Rusiyanın ABŞ prezident seçkisinə iddia edilən müdaxiləsi hazırda xüsusi prokuror və Konqres komitələri tərəfindən araşdırılmaqda davam edir.

Putin ABŞ kəşfiyyatının təbirincə deyilsə çox güclü sübutlara rəğmən Moskvanın ABŞ seçkisinə müdaxilə etmədiyini bildirir.

2016-cı il prezident seçki kampaniyasının bir məqamında Trump-a yarışdan çıxmağı təklif etmiş ovaxtkı Yuta qubernatoru Huntsmanın səfirliyə namzidəliyi Senat tərəfindən rahatlıqla qəbul edilib.

İndi 57 yaşı olan Huntsman prezident George H.W. Bush-un adminsitrasiyası vaxtında, 1992-1993-cü illərdə Sinqapurda səfir olub. O prezident Obamanın hakimiyyəti dövründə, 2009-2011-ci illərdə ABŞ-ı Çində təmsil edib.

Huntsman 2012-ci ilin prezident seçkisində iştirak etmək niyyətində olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG