Keçid linkləri

Təcili xəbərlər
2018, 17 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 20:20

Putin-in xalqla canlı bağlantısından xeyir görənlər


Vladimir Putin

«Yəqin, deyə bilmərəm ki, burada özüm üçün tamamilə inqilabi kəşflər etmişəm. Ona görə ki, nə qədər olmasa, mən bu məsələlərlə daimi rejimdə məşğul oluram».

Rusiya prezidenti Vladimir Putin bazar günü NTV telekanalının «İtoqi nedeli» proqramına müsahibədə «canlı yayım zamanı çoxmu yeniliyin üstü açılıb» sualına cavabında belə deyib.

Prezident canlı yayımı «faydalı» adlandırıb. Onun sözlərinə görə, belə tədbirlər «bu gərginliyi, bu siniri tutmaqdan ötrü» gerçəkləşdirilir: «Hesab edirəm ki, bu, faydalı işdir».

İyunun 15-də Rusiya prezidenti V.Putin xalqla 15-ci «birbaşa bağlantı»sını keçirib. Putin 4 saata yaxın müddət ərzində xalqın suallarına cavab verib.

CurrentTime.TV canlı yayımın dörd əsas nəticəsini vurğulayıb:

MÜALİCƏYƏ MOSKVAYA GƏTİRİLƏCƏK

Murmansk vilayətinin Apatitı şəhərinin sakini, onkoloji xəstə Daria Starikova həkimlərin səhlənkarlığı üzrə qaldırılmış cinayət işində zərərçəkmiş kimi tanınıb. İstintaq komitəsi bütün tibbi sənədləri götürüb, tibbi personalın dindirilməsinə başlanıb, ekspertizalar təyin edilib.

İyunun 19-da Rusiyanın Fövqəladə Hallar Nazirliyi Murmanska xüsusi təyyarə göndərib. Həmin təyyarə Starikova-nı müalicə üçün Moskvaya gətirəcək.

Canlı yayım zamanı bütün ölkə bildi ki, 24 yaşlı Daria Starikova-ya dördüncü dərəcəli xərçəng diaqnozu qoyulub. O, Putin-ə danışıb ki, əvvəlcə həkimlər ona «fəqərələrarası osteoxondroz diaqnozu» qoyaraq onurğasını müalicə ediblər və bu səbəbdən xərçəngin müalicəsinə ayrılmalı olan vaxt itirilib. Həmçinin qeyd edilib ki, onun yaşadığı şəhərdə xüsusi mütəxəssislərin kəskin çatışmazlığı müşahidə olunur. Belə ki, mütəxəssislərin çoxunu qonşu Kirovsk şəhərinə köçürüblər. Murmansk vilayətinin qubernatoru Starikova-nın altı yaşlı qızını yay istirahətinə göndərməyə söz verib.

Vladimir Putin-lə «birbaşa bağlantı»
Vladimir Putin-lə «birbaşa bağlantı»

1500 KƏNDİLİNİN HƏRƏSİNƏ 10 MİN RUBL

Canlı yayımda etdikləri şikayətdən sonra Stavropol diyarının Krasnokumskoye kəndinin 1500-ə yaxın sakininin hərəsinə 10 min rubl pul verilib. Canlı yayımdan bir sutka sonra diyar parlamentinin spikeri məruzə edərək bildirib ki, ümumən bütün regionda zərərçəkmişlərə 160 milyon rubl pul ödənilib.

Sakinlərdən biri Putin-ə mayda baş vermiş subasmadan sonra evinin təmirinə ehtiyac yarandığını, ancaq bunu sübut etmək üçün öz hesabına müxtəlif arayışlar toplamağa məcbur edildiyini deyib. O, subasmadan sonra dövlətdən heç bir kömək almadığını da vurğulayıb.

EKOLOJİ TƏLƏBLƏR NECƏ YERİNƏ YETİRİLİR

Uzaq Şərqin nəqliyyat prokurorluğu isə Primorye diyarında yerləşən Naxodkanın dəniz limanlarında ekoloji tələblərin yerinə yetirilib-yetirilməməsini yoxlayır.

Naxodkalı şagird Andrei Bol Putin-dən kömür tozu problemini həllini xahiş edib. Oğlan deyib ki, limanda kömürün saxlanması və daşınması açıq şəkildə həyata keçirildiyinə görə külək kömür tozunu şəhərə gətirir və şəhər kömür tozunun içində itib-batır.

YOLLARIN TƏMİRİNƏ 3 MİLYARD RUBL AYRILACAQ

Və nəhayət, Krasnodar diyarının qubernatoru bu il yolların əsaslı təmirinə 3 milyard rubldan artıq vəsait yönəldəcəyinə söz verib.

Krasnodardan olan tələbə Valery Lebedev Putin-ə Novorossiyskaya küçəsində yolun pis vəziyyətdə olmasından şikayət edib. Qubernatorun mətbuat katibi məruzə edərək bildirib ki, həmin küçədə yolun təmirinə artıq başlanılıb.

PS. «Caviar» şirkəti «ən vacib və maraqlı sual»ın müəllifinə «prezident seriyası»ndan olan «iPhone 7» hədiyyə edib. Telefonun üzərində Vladimir Putin-in portreti, imzasının təsviri və Rusiya Federasiyası subyektlərinin paytaxtlarının adları əks olunub. Telefon qara rəngli kompozit oniksdən hazırlanıb.

Müsabiqənin qalibi isə Danila Prilepa adlı vətəndaş olub. O, prezidentə məmurlar arasında korrupsiya və polislərə subsidiya ödənilməsi haqda sual verib.

Günün bütün mövzuları

XS
SM
MD
LG