Keçid linkləri

Təcili xəbərlər
2021, 20 Yanvar, çərşənbə, Bakı vaxtı 11:12

Putin alkoqollu vasitələrlə bağlı göstəriş verib


Rusiyada ildə 12 milyon adam araq əvəzinə başqa alkoqollu maddələr qəbul edir.

Rusiyada araq əvəzinə parfüm, ya da təmizləyici maddə içməkdən ölənlərin sayı o qədər artıb ki, məsələyə prezident Vladimir Putin qarışmalı olub. «The Guardian» qəzeti V.Putin-in araq «əvəzləyici»lərinin satışının məhdudlaşdırılması barədə göstəriş verdiyini yazır.

Prezident hökumətə tərkibində 25%-dən çox alkoqol, etanol olan parfüm, dərman, təmizləyici və kosmetik vasitələrə və onların satışına nəzarəti gücləndirməkdən ötrü xüsusi tədbirlər planı işləyib hazırlamağı tapşırıb.

«MÖCÜZƏ»

Son bir neçə gündə Sibirdə losyon içdiyinə görə ölənlərin sayı 70-i keçib.

Ümumilikdə 100-dən çox adamın zəhərləndiyi qeydə alınıb. Onlarla adam xəstəxanalarda müalicə olunur. Həkimlər 4 nəfərin sağalmasının «möcüzə» olduğunu deyirlər.

Rusiya İstintaq Komitəsinin məlumatına görə, İrkutskda ölənlər «Boyarışnik» adlı bədən losyonunu içiblər. Losyonun tərkibində insan orqanizmi üçün təhlükəli metanol maddəsi olub. «The Guardian» yazır ki, həmin losyon normalda 93% etanoldan, yemişan ekstraktından, limon yağından ibarət olur və ruslar bu ucuz maddəni araq əvəzinə tez-tez istifadə edirlər.

İrkutskda zəhərlənənlər.
İrkutskda zəhərlənənlər.

İrkutskda «Boyarışnik» losyonunun qanunsuz istehsalıyla məşğul olduğu deyilən iki sex tapılıb. Losyonu kütləvi şəkildə satmaqda şübhəli bilinən 12 nəfəri həbs ediblər. Şəhərdə fövqəladə vəziyyət elan edilib. Polis minlərlə losyon şüşəsini dükanlardan yığışdırıb. Tərkibində alkoqol olan bütün maddələrin satışına müvəqqəti qadağa qoyulub.

36 MİN ZƏHƏRLƏNMƏ HALI

Rusiyada araq əvəzinə istifadə edilən maddələrdən zəhərlənmə halları geniş yayılıb. Səbəb alkoqollu təmizləyici və kosmetik vasitələrin daha ucuz olmasıdır.

Rusiyanın istehlakçıları müdafiə agentliyi – «Rospotrebnadzor»un məlumatına görə, 2016-cı ilin 9 ayı ərzində Rusiyada alkoqollu maddələrdən 36 min zəhərlənmə halı qeydə alınıb, 9 min 300 hal ölümlə sonuclanıb.

Alkoqol bazarı üzrə rusiyalı ekspert Vadim Drobiz «Reuters» agentliyinə müsahibəsində deyib ki, Rusiyada ildə 12 milyon adam araq əvəzinə başqa alkoqollu maddələr qəbul edir. Onun hesablamalarına görə, Rusiyada ildə 600 milyon litr alkoqol tərkibli losyonlar içilir.

XS
SM
MD
LG