Keçid linkləri

2018, 24 Yanvar, çərşənbə, Bakı vaxtı 02:17

Pussy Riot qrupundan Alyoxinanı yenə də saxlayıblar


Maria Alyoxina

Rusiyada məşhur Pussy Riot pank etirazçı dəstəsinin üzvü Mariya Alyoxina Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) binası qarşısında aksiya keçirərkən saxlanıb. O bu etirazını FTX-nin 100-cü ildönümü günündə keçirirdi.

Polis Alyoxinanı dekabrın 20-də Leninin yaratdığı Fövqəladə Komitənin – ÇK-nın davamçısı olan təşkilatın Moskvanın Lyubanka meydanında yerləşən giriş qapısında saxlayıb. Alyoxinanın əlində “Ad gününüz mübarək, cəlladlar!” yazılmış plakat vardı.

Alyoxina polis məntəqəsindən AzadlıqRadiosuna telefonla verdiyi müsahibədə deyib: "Biz qərara gəldik ki, buraya gəlib çekistləri təbrik edək. Hamı bilir ki, bu gün onların doğum günüdür”.

FTX-nin zabit və əməkdaşları xalq arasında hələ də çekist kimi tanınırlar. 1917-ci ildə yaradılmış Fövqəladə Komitənin (FK) əsasını “Dəmir Feliks” kimi tanınan Dzerjinski qoymuşdu. Bu təşkilat Stalinin dövründə Xalq Daxili İşlər Komissarlığına (rusca NKVD), daha sonra isə DTK-ya çevrilmişdi.

DTK zabiti və FTX-nin rəislərindən biri olmuş Vladimir Putin prezident olduqdan sonra ölkənin ən nüfuzlu vəzifələrinə də bu təşkilatın adamlarını gətirib.

Rusiyada dekabrın 20-si rəsmən Təhlükəsizlik Xidməti İşçilərinin peşə bayramı hesab olunur. Yenə də xalq arasında buna “çekist günü” deyirlər.

Alyoxinanın Tvitter-də göndərdiyi fotoda FTX-nin Lubyanka meydanındakı giriş qapısında əllərində şüar tutmuş iki nəfər görünür. Daha sonra Alyoxina və onun rəfiqəsi Borisova həmin şüarı FTX-nin dəmir qapısından asıblar.

Borisova deyib ki, polis onu saxlamayıb, çünki bu aksiyada iştirak etmədiyini düşünüb. Lakin Alyoxina və daha iki fotoqraf – Andrey Zolotov və Denis Boçkaryov saxlanıblar.

Alyoxina AzadlıqRadiosuna deyib ki, onları əvvəlcə “söhbət üçün” FTX-nin qəbul vestibülünə gətiriblər. Bundan sonra onları Meşşanski rayon polis idarəsinin təcridxanasına aparıblar. Alyoxina deyib ki, vəkilləri hələlik onlarla görüşə bilməyib.

Alyoxina bildirib ki, FTX zabitləri “bir növ panikaya düşmüşdülər”: “Məncə kimə “cəllad” desələr xoşu gəlməz. Əynimizdə hansı uniformanın olmasından asılı olmayaraq, bu libasın içində nəsə bir insan övladı var. O cümlədən də FTX işçiləri”.

Alyoxina bunu da deyib ki, FTX DTK-nın birbaşa törəməsidir və “biz də bunu onların yadına saldıq”.

Alyoxina və Pussy Riot qrupunun başqa bir üzvü – Nadejda Tolokonnikova 2012-ci ilin fevralında Moskvadakı Xilaskar İsa məbədində yarıçılpaq rəqs etdiklərinə görə “dini nifrətdən doğan xuliqanlıq” ittihamı ilə məhkum edilmişdilər. Bu aksiya o vaxt baş nazir olan, lakin prezidentlik kampaniyası aparan Putinə etiraz olaraq keçirilmişdi.

Alyoxina və Tolokonnikova 2013-cü ilin dekabrında prezident amnistiyası ilə həbsxanadan azad ediləndə, onların məhbusluq müddətinin bitməsinə az qalırdı. Onların azad edilməsi 2014-cü il Soçi Olimpiadasının ərəfəsində Putinin imicini yüksəltməliydi.

Günün bütün mövzuları

XS
SM
MD
LG