Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 21:18

İmişlili gənc ananın sirli ölümü…


Aygün Əbilova
Aygün Əbilova

-

İmişli şəhəri, E.İbrahimov küçəsi, 99 saylı evdə yaşamış, 1989-cu il təvəllüdlü Aygün Yaşar qızı Əbilovanın doğum zamanı ölümünün əsl səbəbi hələ də valideynlərinə məlum deyil. Hadisə elə bir gecənin içərisində baş verib. Həkimlər nə hamilə qadının özünü, nə də onun dünyaya gətirməkdə olduğu körpəsini xilas edə biliblər. Bir gün əvvəl xoş sorağını alan İmişlidə yaşayan ailə üzvləri ertəsi gün Aygünün özünü Sabirabadda, sonra isə meyitini Şirvanda axtarmalı olublar. İndi isə onlar çoxsaylı suallara cavab axtarışındadırlar...

QAPISINDAN QIRMIZI KƏLAĞAYI ASILAN EV…

İmişli rayonunun Mürsəlli kəndində qamış çəpərə bitişik həyət qapılarından birinin üzərində qırmızı kəlağayı görünür. Bələdçimiz deyir ki, kənddə toy-nişan mərasimi keçirilən evlərin qapıları qırmızı lentlə bəzədilir, evdə gənc yaşlı adam öldükdə isə qırmızı rəngli parçadan «ələm» düzəldilib asılır:
«Aygün bu evi iki dəfə qırmızı rəngə boyayıb- bir gəlin köçəndə, bir də «son mənzil»ə yola salınanda. Son günlər təkcə bu kənddə deyil, rayonun əksər məclislərində bu nakam taleli gəlindən danışılır. Çox adam bu müəmmalı ölümdən şoka düşüb».

Ana- Qaydabəyim Əbilova ucadan ağı deyib bir xeyli ağladıqdan sonra, nəhayət, ovunur və söhbətə başlayır. Amma onun özünə gəlməyi daha bir qədər vaxt aparır. Son günlərin mənəvi-psixoloji sarsıntısı və yuxusuzluqdan qadın fikrini cəmləyə bilmir, yer və şəxs adlarını, ayları, illəri qarışıq salır, tez-tez sözlərinə düzəliş verir:

Bacısı Railə Əbilova.
Bacısı Railə Əbilova.

«Qızım 8 il əvvəl ailə həyatı qurub. Əri bir müddət Rusiyada yaşayıb. Nə gizlədim, mehriban dolanmayıblar. Bir neçə dəfə övladımı götürüb gətirmişəm evimə, hər dəfə geri qayıdıb. Baldızları, qayınatası onunla mülk davası, evdən çıxmasını tələb edirdilər. Onun ölümü çox müəmmalıdır, ayrı-ayrı adamlardan eşitdiklərimizdir, bir-birinə uyğun gəlmir və inandırıcı deyil».

Aygünün bacısı Railə Əbilova deyir ki, ölümündən bir gün əvvəl bacısı ilə telefonla danışıb:

«Xəstəxanaya gedib, ultrasəs müayinəsindən keçmişdi. Deyirdi ki, sağlamlıq durumu ilə bağlı hər şey qaydasındadır. Hamiləliyinin 9-cu ayında idi, ona bildirmişdilər ki, doğuş vaxtı 15-ində olacaq. 7 yaşlı qızı Fatimə ilə də danışdıq və sonda gülə-gülə ayrıldıq. Bu gözlənilməz hadisə həmin gün gecə baş verib. Ertəsi gün səhər saat 7-də həyət qapımızın qabağında qara bir maşın dayandı və bizimkiləri çağırıb apardılar...».

«BACIMIN ÖLÜM XƏBƏRİNİ VƏ MEYİTİNİ BİZDƏN GİZLƏYİRDİLƏR»

Anası və qardaşı Aygünün harada olduğunu müəyyən etməkdə xeyli çətinlik çəkib. Onlara hamilə qadının İmişli xəstəxanasının doğum şöbəsindən Sabirabad şəhərində yerləşən Perinatal Mərkəzə göndərildiyi və burada doğuşun qeysəriyyə əməliyyatı ilə həyata keçiriləcəyi deyilib.

Aygün Əbilovanın atası, anası və bacısı.
Aygün Əbilovanın atası, anası və bacısı.

Aygünün qardaşı Nemət deyir ki, bacısı gecə saatlarında adıçəkilən Mərkəzə gətirilməyinə və meyitinin buradan Şirvan şəhərinə- ekspertizaya göndərilməyinə baxmayaraq, bu barədə onlara heç nə bildirilməyib:

«Sabirabaddan çıxarkən telefonla 102-ni yığdıq və kömək istədik. Az sonra DİN-in bu xidmətindən bizə səhih məlumat verildi. Getdik Şirvana. Oradakı morqda da əvvəlcə boyuna almırdılar. Təsadüfən bacımın meyiti saxlanılan otağın qapısını açıb onu gördük...».

«NIYƏ, NƏ ÜÇÜN?..»

İndi ailə üzvlərin də çoxsaylı suallar var: qəfildən Aygündə sancı yaranıbsa və o, doğuş üçün xəstəxanaya aparılıbsa, qohumları nə üçün onlara xəbər verməyib? Həmin günə qədər olan müayinələrdə narahatlıq doğuran bir hal müşahidə edilmədiyi halda, nə üçün doğuş bu xəstəxananın doğum şöbəsində həyata keçirilməyib? Hamilə qadın kritik vəziyyətdə olubsa, niyə onu müayinə edən həkimlər diaqnoz qoymadan və rəsmi qaydada göndəriş təqdim etmədən, mülki avtomobildə, həkim nəzarətində olmadan Sabirabad Perinatal Mərkəzinə yollayıblar?

Şahlar Əbilov
Şahlar Əbilov

Aygünün əmisi Şahlar Əbilov isə iddia edir ki, İmişli xəstəxanasına gətirilərkən eşitdiyinə görə, uşaq ana bətnində ölübmüş və buna görə xəstəni buradan kənarlaşdırıblar:

«Göndəriblər Sabirabada ki, hər nə olursa, qoy bu xəstəxanadan kənar olsun. Ora aparıb çıxaranadək də qadının vəziyyəti lap ağırlaşıb. Sonradan biz öyrəndik ki, Aygünün Sabirabaddakı doğum mərkəzinə daxil olmağı ilə meyitinin çıxarılmağı cəmi 15 dəqiqə çəkib. Ancaq Şirvanda olarkən ekspert Nazim müəllim dedi ki, qadının meyiti ekspertizaya təqdim edilərkən bətnindəki körpə diri olub. Uşaq sağ qalmışdısa, onu xilas etməyiblər, diri-diri yarıblar?!».

QEYSƏRİYYƏ ƏMƏLİYYATI ÜÇÜN GÖNDƏRİLƏN XƏSTƏ TƏBİİ DOĞUŞA CƏLB EDİLİB…

Azadlıq Radiosunun sorğusunu cavablandıran İmişli rayon Mərkəzi Xəstəxanasının baş həkimi Cəsur Paşayev hamilə qadının bu müəssisədən kənara göndərilməyinin səbəbini belə izah etdi:

«Hamilə qadını müayinə edən həkimlər təbii doğuşu riskli hesab edərək, qeysəriyyə əməliyyatının aparılmasını zəruri biliblər. Sabirabaddakı Perinatal Mərkəz fəaliyyətə başlayandan sonra Səhiyyə Nazirliyi bizə bu əməliyyatı aparmağı qadağan edib, bir qayda olaraq xəstələri həmin müəssisəyə göndəririk. İşçilərimiz Mərkəzin növbətçi həkimi ilə danışıb, xəstəni göndəriblər. Amma oradakı müayinə zamanı bu əməliyyatdan imtina olunub və təbii doğuş aparılmasına qərar verilib. Doğuş prosesi zamanı qəfildən xəstənin halı pisləşib və onun həyatını xilas etmək mümkün olmayıb».

CİNAYƏT TƏQİBİ BAŞLANILIB

Sabirabad rayon Prokurorluğundan isə bildirildi ki, faktla bağlı Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adamöldürmə) maddəsi ilə cinayət işi açılıb.

XS
SM
MD
LG