Keçid linkləri

2017, 13 Dekabr, çərşənbə, Bakı vaxtı 18:47

Poroshenko: 'Kim orduda oğurluq eləsə, əllərini kəsərəm'


Petro Poroshenko

Ukraynanın Müdafiə Nazirliyi korrupsiya qalmaqalının mərkəzindədir. Nazir müavini Ihor Pavlovsky Milli Antikorrupsiya Bürosunun detektivləri tərəfindən saxlanıb. Məmur büdcə vəsaitinin talanmasında şübhəli bilinir.

Prokurorlar Pavlovsky-yə həbs cəzası verilməsini, yaxud da 75 milyon hrivna (2,8 milyon dollar) girov əvəzində azadlığa buraxılmasını tələb edirlər. Detektivlər nazir müavini ilə birlikdə Dövlət Satınalmalar departamentinin direktoru Vladimir Gulevich-i də həbs ediblər. İttihamçılar onun da həbs, yaxud da 8 milyon hrivna (264 min dollar) girova buraxılmasını tələb edirlər.

Müstəntiqlər hər iki məmurun nazirliyə yanacağın satın alınmasından ötrü nəzərdə tutulmuş büdcə pullarının talanmasında iştirakından şübhələnirlər.

Buna da bax: AŞPA Ukraynanı tənqid edir

QİYMƏT 16% ARTIRILIB

Ötən gün prezident Petro Poroshenko hadisəyə kəskin münasibət bildirib və işin mümkün qədər tez araşdırılmasını tələb edib.

"Heç kim orduda oğurluq edə bilməz. Orduda oğurluq edənin əllərini kəsərəm. Bu, prezidentin mövqeyidir, çünki ordu mənim şəxsi qayğımın predmeti və bizim son üç ildə əldə etdiyimiz ən bariz nailiyyətlərdən biridir. ...Ən qısa zamanda araşdırma aparılmalı, nəticələr ictimaiyyətə çatdırılmalı və məhkəməyə ötürülməlidir", – prezident deyib.

Ötən ilin yayında nazirlik yanacağın alınmasına dair müqavilə imzalayıb. Prokurorlar hesab edirlər ki, yanacağın qiyməti əsassız olaraq 16% artırılıb. Nəticədə yanacağın satın alındığı şirkətə guya 150 milyon hrivnayadək (5 milyon dollardan artıq) pul ödənilib.

Buna da bax: İsrail də Birləşmiş Ştatların ardınca YUNESKO-dan çıxır

Milli Antikorrupsiya Bürosu "Treyd Kommoditi" MMC adlı şirkətin cinayət sxemində iştirak etdiyini bildirir.

"Treyd Kommoditi"yə maliyyə xidmətlərini isə Ali Radanın Petro Poroshenko-nun blokundan olan deputatı Aleksandr Granovsky-nin biznes tərəfdaşı Andrei Adamovsky göstərir.

NAZİRLİYİN DAHA İKİ MƏMURU ŞÜBHƏLİ BİLİNİR

Jurnalistlər müəyyən ediblər ki, biznesmenin iş otağı ilə deputatın qəbul otağı, demək olar ki, yanaşıdır.

Məhkəmə materiallarında deyilir ki, "Treyd Kommiditi" həqiqətən də benzinin qiymətinin artmasını əsas gətirərək Müdafiə Nazirliyi ilə müqaviləsini yeniləyib. Nazirlik razılaşıb, ancaq satınalmanın həcmini azaldıb. "Treyd Kommiditi" nazirlikdən 4 milyon hrivnalıq (150,8 min dollar) qarantiya tələb etsə də, məhkəmə şikayəti təmin etməyib.

Aleksandr Granovsky "Treyd Kommiditi" ilə hər hansı əlaqəni inkar edir və istintaqa yardım etməyə hazır olduğunu deyir.

Buna da bax: Kiyev meri mərhum rusiyalı siyasətçi B.Nemtsova abidə qoyulmasını təklif edib

Antikorrupsiya prokurorluğu Müdafiə Nazirliyinin daha iki məmurunu şübhəli bildiyini elan etsə də, hələlik, onların adlarını açıqlamır.

Hazırda Ihor Pavlovsky ev dustaqlığında saxlanılır. Məhkəmədə onun halının bir neçə dəfə pisləşdiyi deyilir.

“PREZİDENTİN HƏBSLƏRDƏN XƏBƏRİ OLMAYIB”

Ukrayna Milli Antikorrupsiya Bürosunun rəhbəri Artyom Sytnik "Nastoyaşee Vremya"ya müsahibəsində deyib ki, onun idarəsi Müdafiə Nazirliyinin belə yüksək rütbəli əməkdaşlarının həbsi üçün Ali Baş Komandandan icazə almalı deyil. Ancaq o bildirib ki, qurum parlamentin deputatına müstəqil qaydada ittiham irəli sürə bilməz. Onun sözlərinə görə, prezidentin bu həbslərdən xəbəri olmayıb.

"O bilmirdi və bilməli deyil. Bu addımlar araşdırmaya nəzarəti gerçəkləşdirən antikorrupsiya prokurorluğundan başqa heç kimlə razılaşdırılmır", – o deyir.

Beynəlxalq Valyuta Fondu Ukraynaya kreditlərin növbəti tranşının verilməsinin ölkədə antikorrupsiya məhkəməsinin yaradılmasından asılı olduğunu bildirib. Artyom Sytnik hesab edir ki, belə bir məhkəmənin yaradılması təkcə Antikorrupsiya Bürosu yox, ümumilikdə ölkədə keçirilən islahatlar baxımından çox vacibdir. O, prezidentin bəyanatlarını nəzərə alaraq, antikorrupsiya məhkəməsinin yaradılması məsələsində siyasi iradənin mövcud olduğuna inanır.

Buna da bax: Rusiyada yeni pul vahidləri buraxılıb

"Biz bunun nə dərəcədə real olduğunu tezliklə anlayacağıq. Çünki qanun layihəsinin formalaşmasını, parlamentə nə dərəcədə tez ötürülməsini, parlamentin onu nə qədər tez qəbul edəcəyini izləyəcəyik", – Sytnik deyir..

Günün bütün mövzuları

XS
SM
MD
LG