Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 15:33

Almaniya: İranla nüvə sazişi məsələsində Avropanın mövqeyi dəyişməzdir


Almaniyanın xarici işlər naziri Heiko Maas
Almaniyanın xarici işlər naziri Heiko Maas

Almaniyanın xarici xarici işlər naziri Avropanın 2015-ci il nüvə sazişində qalmaq qətiyyətini bir daha təsdiq edən bəyanat verib.

Vaşinqtonda müxbirlərlə danışan Heiko Maas deyib ki, o Almaniya və Avropanın nüvə sazişi ilə bağlı mövqeyini mayın 23-də ABŞ milli təhlükəsizlik müşaviri John Bolton-a izah edib.

Nazir bildirib ki, 2015-ci il sazişi İranın nüvə silahı əldə etməsinin qarşısının alınması üçün ən yaxşı vasitədir:

"Avropa İranla nüvə sazişi məsələsində çox, çox həmrəy mövqedədir və bu mövqe dəyişməyəcək”.

Ağ Ev hələlik Bolton-la görüş və ya Maas-ın bəyanatı ilə bağlı şərh verməyib.

Maas mayın 23-də ABŞ dövlət katibi Mike Pompeo ilə görüşməlidir.

***

Pompeo: ‘İran sadəcə olaraq davranışını dəyişməlidir’

ABŞ dövlət katibi Mike Pompeo deyib ki, Birləşmiş Ştatlar “İranın nüvə və qeyri-nüvə təhlükələrini dayandırmaq üçün” mümkün qədər çox sayda müttəfiqi ilə birlikdə işləyəcək.

Pompeo mayın 23-də Konqresin Xarici İşlər Komitəsində çıxışı zamanı deyib ki, “İranın üzərinə misli görünməmiş təzyiqlər ediləcək, İran xalqına dəstək veriləcək və İranla yeni sazişin perspektivləri açıq saxlanacaq”.

O deyib ki, “İran sadəcə olaraq davranışını dəyişməlidir”.

Prezident Donald Trump mayın 7-də ABŞ-ın İranla nüvə sazişindən çıxacağını bəyan edib. Prezident İranın, özünün raket proqramı və Yaxın Şərqdə davranışı ilə sazişin “ruhunu” pozduğunu iddia edir.

Almaniya, Fransa və Britaniya, Tehranı öz nüvə proqramını məhdudlaşdırması müqabilində sanksiyalardan azad edən bu sazişi qoruyub saxlamağa cəhd göstərir. Sazişi imzalamış daha iki ölkə - Rusiya və Çin də sazişin saxlanmasına tərəfdardır.

Pompeo bu gün az sonra Vaşinqtonda Almaniyanın xarici işlər naziri ilə görüşərək danıqışlar aparacaq. Bu danışıqlar zamanı İran sazişinin taleyi məsələsinin müzakirə mövzusu olacağı gözlənilir.

Pompeo həmçinin Konqres komitəsinə bildirib ki, “ABŞ Rusiyanın 2018-ci il seçkisinə mümkün müdaxiləsinə dözməyəcək və buna qarşı mübarizə aparacaq”.

O deyib ki, Trump administrasiyası Rusiya hədələrinuin önlənməsi üçün “nəhəng cəhdlər” göstərir.

Pompeo Rusiya hədəsinin qarşısını “lazımınca almadığına” görə keçmiş administrasiyanı tənqid edib və deyib ki, Avropa müttəfiqləri Rusiyanın daha böyük təhlükəsi ilə üzləşiblər.

Ukrayna məsələsinə gəlincə isə, Pompeo deyib ki, Moskva Minsk sazişləri üzrə öhdəliklərinə əməl etməlidir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG