Keçid linkləri

Təcili xəbərlər
2018, 10 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:15

Polşada sovet rəmz və abidələri söküləcək


Varşavada sovet hərbçilərinin qəbiristanlığı

İyunun 22-də Polşa parlamentinin aşağı palatası (Seym) bina və obyekt adları, habelə abidələr vasitəsilə kommunizm və hər hansı başqa totalitar quruluşun təbliğini yasaqlayan qanuna yeni düzəlişləri qəbul edib. Yeni düzəlişlərin lehinə 408, əleyhinə isə 7 deputat səs verib.

DEKOMMUNİZASİYA

Qanuna görə, küçə, məktəb, mədəniyyət mərkəzləri, idman klubları, teatrlar, xəstəxanalar və başqa tikililərin kommunist xadimlərin və ya kommunist partiyasının şərəfinə adlandırılması qadağandır. Bu qadağa bəzi tarixlərə də tətbiq oluna bilər. Məsələn, 7 noyabr tarixinə. Bundan başqa, qanunda sovet dövründə Polşa ərazisində qoyulmuş abidələrin dekommunizasiyası (kommunistsizləşdirilməsi) də nəzərdə tutulub. Bu abidələrin üzərindən beşguşəli ulduzlar və sovet sistemini təmsil edən digər rəmzlər götürülməlidir. Bu haqda CurrentTime.TV yazır.

Düzəlişlər elan olunandan üç ay sonra qüvvəyə minəcək. Qanun qüvvəyə mindikdən sonra dekommunizasiya barədə qərar qəbul etmək və onu gerçəkləşdirməyə bir il vaxt var. Əgər abidə şəhərin mülkiyyətinə aiddirsə, o zaman onun dekommunizasiyasını şəhər öz hesabına həyata keçirəcək.

Dekommunizasiya qəbiristanlıqlarda və ya xatirə komplekslərinin ərazisində yerləşən, ictimaiyyətin gözü qarşısında olmayan, elmi məqsədlərlə, sənət əsəri kimi nümayiş etdirilən, memarlıq abidələri reyestrinə daxil edilmiş obyektlərə şamil edilməyəcək.

Sovet dövrünün hansı pis mirası qalır?
Gözlə

No media source currently available

0:00 0:01:23 0:00

SOVET OBYEKTLƏRİNİN MƏHVİ?

Bir çox Kremlyönümlü KİV-lər qanunun sovet obyektlərinin məhvinə yönəldiyini bildirirlər. Ancaq cümə axşamı günü qəbul edilmiş bu qanunda belə bir müddəa yoxdur.

Lakin ötən ilin aprelində Polşa Seymi başqa bir qanun qəbul etmişdi. Bu qanun «istifadə olunmayan» abidələrin – heykəl, obelisk, büst, xatirə lövhələri və rəmzlərinin sökülməsinə icazə verir.

Cümə axşamı, iyunun 22-də qəbul edilmiş qanunsa «istifadə olunmayan» anlayışını konkretləşdirir. Əgər obyektin üzərində sovet ulduzları və digər bu kimi yasaqlanmış simvolika varsa və obyekt sahibi onları çıxarmaq niyyətində deyilsə, yaxud çıxara bilmirsə, həmin obyektin demontajına icazə verir. Rusiyanın TASS xəbər agentliyi bildirir ki, mütəxəssislər Polşada üzərində totalitar simvolika olan ən azı 469 obyekt sayıblar. Onlardan 250-yə yaxını Qızıl orduya həsr olunub.

RUSİYANIN REAKSİYASI

Ancaq qanuna görə, abidələrin sökülməsi haqda yekun qərarlar region administrasiyaları –voyevodstvolar səviyyəsində veriləcək. Onlarsa, öz növbələrində, lazım bildikləri halda abidənin mədəni və tarixi əhəmiyyətə malik olduğu və sökülməli olmadığı barədə qərar qəbul edə bilərlər. Bundan başqa, regional hökumətlər küçə adlarının dəyişdirilməsi haqda qərar qəbul edəcəklər. Bu qərarlar Xalq Yaddaşı İnstitutunun təsdiqindən sonra icra ediləcək.

Yeni qanun artıq Rusiya Xarici İşlər Nazirliyinin mənfi reaksiyasına səbəb olub. Rusiya XİN-nin sözçüsü Maria Zakharova artıq xəbərdarlıq edib ki, Polşa sovet abidələrini sökməyə başlasa, Moskva bunu cavabsız qoymayacaq. Onun sözlərinə görə, abidələrə qarşı müharibə Qızıl ordunun Polşa xalqını Hitler nasistlərindən qurtarması faktının xalqın yaddaşından silinməsinə yönəlib.

Polşada qəbul edilmiş dekommunizasiya haqqında qanunun analoqu Ukraynada artıq bir neçə ildir ki, qüvvədədir.

Günün bütün mövzuları

XS
SM
MD
LG