Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:47

Zərərçəkmiş: «Müstəntiq deyir, məni narahat eləmə»


Elsevər Əliyev
Elsevər Əliyev

-

Ağcabədi rayonu, Yuxarı Qiyaməddinli kəndinin sakini Elsevər Əliyev AzadlıqRadiosunun «Qaynar xətt»inə danışır ki, ötən ilin fevralında avtomobil qəzasına düşüb. O vaxtdan işi aparan müstəntiq onunla cəmi bircə dəfə görüşüb və ifadəsini alıb. Aylardır ki, nə müstəntiq onunla maraqlanır, nə də hadisəni törədən sürücü tapılır:

«Hərbi sahədə işə düzəlmək üçün gedirdim. Tərtər ərazisində məni maşın vurdu. Xəsarətlərim ağır olduğundan maşını görə bilmədim. 5 gün xəstəxanada koma vəziyyətində qaldım. Müstəntiq də mənim heç nəyi xatırlamamağımdan istifadə edir, deyir, «heç olmasa, əlamətlərindən desəydin, tapardıq». Mən o halda maşının əlamətlərini necə yadda saxlaya bilərdim axı? İndiki vaxtda hansısa sürücünü müəyyən etmək çətin məsələ deyil. Küçələrdə addımbaşı müşahidə kameraları quraşdırılıb. Saatına, dəqiqəsinə qədər bilirlər. İstəsəydilər, çoxdan kameralar vasitəsilə tapardılar».

Elsevər Əliyev avtoqəzanın xəsarətlərinin acısını hələ də çəkir. Deyir, bir ayağı buddan aşağı hissiyyatını itirib:

«Həkimlər ayağımı kəsmək istəyirlər. Mən buna dözə bilmərəm. Özümü ayaqsız təsəvvür etmirəm. Bütün xəstəxana xərclərimi ailəm çəkib. Hələ də dava-dərmanla yaşayıram. Təkcə ayaqlarımdan yox, başımdan da ağır xəsarət almışam. Kəllə-beyin travmasının təsiri hələ də canımdadır. Artıq dava-dərmana pul da çatdırmırıq. Məni vuran adam üzə çıxıb, heç olmasa, yardım əlini uzadaydı».

«KİMİ NARAHAT ELƏYİM?»

Şikayətçinin sözlərinə görə, ötən bir ildə nə vaxt müstəntiqə zəng vursa, eyni cavabı eşidir: «Məni narahat eləmə»:

«Yataq xəstəsinə çevrilmişəm, gəzə bilmirəm, polis şöbəsinə gedə bilmirəm. Başımda problem var, ayaqlarım işləmir. Müstəntiq də yaxşı bilir ki, onunla yalnız telefon əlaqəsi yaratmaq imkanım var. O da ya zənglərimə cavab vermir, ya da mənimlə kobud danışıb telefonu söndürür. Belə müstəntiq olar? Mən burda canımla çarpışıram, məni ömürlük şikəst edən adamın tapılıb cəzalandırılmasını tələb edirəm, o isə deyir, «məni narahat eləmə». Bəs kimi narahat eləməyiləm? Tələbim onun üçün narahatçılıqdırsa, o zaman işi ondan alıb başqa müstəntiqə versinlər».

Bu iş üzrə istintaqı Tərtər rayon Polis Şöbəsinin müstəntiqi Firuz Nuriyev aparır. Müstəntiqlə əlaqə saxlamaq üçün rayon polis şöbəsinə müraciət etdik. Növbətçi hissədən bildirdilər ki, bütün suallara cavab almaq üçün Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə müraciət edək. Nazirliyin mətbuat xidməti isə hələlik Elsevər Əliyevin ittihamlarına münasibət bildirməyib.

XS
SM
MD
LG