-
Azərbaycanda uzaqdan yönəldilən pilotsuz uçuş aparatlarından xüsusi icazə əsasında yararlanmaq mümkün olacaq.
APA-nın xəbərinə görə, bu gün – mayın 17-də Milli Məclis «Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında» qanuna dəyişikliyi qəbul edib. İstifadəsinə icazə verilmiş 17 adda avadanlıq, silah, mal və məmulata məsafədən yönəldilən pilotsuz uçuş aparatları da əlavə edilib.
AMMA...
Elə bu gün Milli Məclisdə Cinayət Məcəlləsinə edilən dəyişikliklərdən sonra pilotsuz uçuş aparatlarından yararlanıb şəxsi məlumat toplamaq da özəl yaşamın toxunulmazlığını pozan hal kimi dəyərləndiriləcək.
Qüvvədə olan Cinayət Məcəlləsinə görə, şəxsi həyata aid sirləri yayanlara 100 manatdan 500 manatadək cərimə kəsilir. Belələri 240 saatdan 480 saatadək ictimai və ya bir ilədək islah işlərinə də cəlb edilə bilərlər.
Eyni əməlləri vəzifəli şəxs törədərsə, o, üç ilədək bəlli vəzifə tutmaqdan azad edilə və ya iki ilədək həbs cəzası ala bilər.