Keçid linkləri

Təcili xəbərlər
2018, 16 Avqust, Cümə axşamı, Bakı vaxtı 06:23

Dünyada İŞİD və iqlim dəyişikliyi əsas təhlükə sayılır


Dünyaya ən böyük təhlükələr. Sorğu

Dünya əhalisi «İslam Dövləti» (İŞİD) silahlı qruplaşmasını və iqlim dəyişikliyini milli təhlükəsizliyə əsas hədə sayır. Bunu «Pew» araşdırma mərkəzinin yeni sorğusu üzə çıxarıb.

Sorğuda səkkiz mümkün təhlükə barədə soruşublar. Regionlar və ölkələr üzrə narahatlıq səviyyəsi fərqli olsa da, İŞİD və iqlim dəyişikliyi təhlükəsizlik riskləri kimi ən çox sadalanıb. Sorğu 38 ölkədə keçirilib.

KİBERHÜCUMLAR, İQTİSADİ BÖHRAN

18 ölkədə İŞİD-in adını əsas təhlükə kimi çəkiblər. Bunlar, əsasən, Avropa, Yaxın Şərq, Asiya ölkələri və Birləşmiş Ştatlardır. Həmin ölkələrin çoxunda İŞİD-in məsuliyyətini götürdüyü ölümcül terror hücumları baş verib.

Latın Amerikası və Afrikada 13 ölkədə isə ictimaiyyət qlobal iqlim dəyişikliyini əsas təhlükə kimi görür. Bir sıra ölkələrdə iqlim məsələsi narahatlıq doğuran ikinci məsələdir.

Digər ölkələrdə kiberhücumlar və qlobal iqtisadiyyat da böyük təhlükələr kimi vurğulanır. Kiberhücumlardan ən çox Yaponiyada narahatdırlar. Bu məsələ ABŞ, Almaniya və Böyük Britaniya kimi ölkələrdə ikinci yerdə gəlir. Son aylar bu ölkələrdə bir neçə belə hücum törədilib.

Yunanıstan və Venesuela əhalisi beynəlxalq iqtisadiyyatın durumunu ölkələrinə aparıcı təhlükə hesab edirlər. Bu da, yəqin, həmin ölkələrin son illər iqtisadi çarpışmaları ilə bağlıdır. Yaxın Şərq və Latın Amerikasında bir çox ölkələr iqtisadi böhranı ikinci narahatlıq mənbəyi kimi görürlər.

3 ÖLKƏDƏN NARAHATDIRLAR

2016-cı ildə Avropada əsas problem olan qaçqın axını 38 ölkədə rəyi soruşulanların ortalama 39%-i tərəfindən əsas hədə sayılır. Bircə Macarıstanda əsas təhlükə hesab olunur.

Rəyi soruşulanların 1/3-i Birləşmiş Ştatlar, Rusiya və Çinin nüfuzunu başlıca təhlükə sayırlar. Amerikanın nüfuzu Türkiyədən ötrü birinci təhlükədir. Cənubi Koreya və Vyetnamda isə hər 10 nəfərdən 8-i, bəzən daha da çoxu Çinin gücünü və nüfuzunu böyük hədə adlandırırlar. Polşada isə Rusiya sarıdan qorxular daha kəskindir.

Sorğu bu il fevralın 16-dan martın 8-dək 38 ölkədə 41 min 953 nəfər arasında keçirilib.

Sonuncu dəfə bu suallar soruşulandan bəri cavablarda ciddi dəyişiklik olmayıb. Ancaq ABŞ-da Donald Trump prezident seçiləndən bəri Birləşmiş Ştatların gücü və nüfuzu sarıdan narahatlıq Avropada və bir sıra digər ölkələrdə yüksəlib.

Günün bütün mövzuları

XS
SM
MD
LG