Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 08:32

Pentaqon Rusiya mediasının “yalanını çıxartdı”


Rusiyanın Su-25 eskadriliyası (Foto arxivdəndir)
Rusiyanın Su-25 eskadriliyası (Foto arxivdəndir)

Pentaqon Rusiyanın Suriyadakı hərbi-hava qüvvələrinin İslam Dövləti adlanan təşkilatın mövqelərinə aviasiya zərbələri üçün koordinatlar verdiyi barədə Rusiya dövlət mediasında yayılmış xəbərləri təkzib edib.

Yanvarın 23-də Rusiya hökumətinə bağlı media qurumlarının bir neçəsi Rusiya Müdafiə Nazirliyinə istinadən bildirmişdi ki, guya Vaşinqton Suriyadakı Hmeimim bazasında yerləşən Rusiya qüvvələrinə Hələb rayonundakı Əl-Bab şəhəri yaxınlığına zərbələrin endirilməsi üçün “birbaşa xətlə” koordinatlar verib.

Hökumətin nəzarətində olan RIA Novosti xəbər verirdi ki, “kəşfiyyat uçuşu keçirdikdən sonra Rusiyanın iki təyyarəsi və beynəlxalq koalisiyanın iki təyyarəsi terrorçu hədəflərə zərbə endiriblər”.

AzadlıqRadiosu bildirir ki, Rusiya Müdafiə Nazirliyi bu xəbəri nə özünün internet saytında, nə də Facebook səhifəsində dərc etməyib, amma məlumat RT və TASS tərəfindən oxşar mətnlərlə verilib.

Lakin Pentaqon bu xəbəri dərhal təkzib edib.

"Müdafiə Nazirliyi hava zərbələrini Suriyadakı Rusiya hərbçiləri ilə koordinasiya etmir” - deyib Pentaqonun sözçüsü Eric Pahon AzadlıqRadiosuna göndərdiyi email-də.

Sözçü əlavə edib ki, hazırda Pentaqonun Rusiya ilə kommunikasiyası yalnız təyyarə ekipajlarının təhlükəsizliyinə xidmət edir.

Pentaqonun başqa bir sözçüsü Adrian J.T. Rankine-Galloway AzadlıqRadiosuna bildirib ki, “ABŞ Rusiya hərbçilərinə heç bir hədəf nişanları vermir və birgə Rusiya-koalisiya hava zərbələri endirilmir”.

Rusiya və ABŞ 6 ildir ki, davam edən Suriya münaqişəsində qarşı duran tərəfləri dəstəkləyirlər.

Hər iki dövlətin təyyarələri İD mövqelərinə zərbələr endirsə də, Vaşinqton Moskvanı dəfələrlə prezident Assad-ı dəstəkləməkdə ittiham edib.

Bu ziddiyyətli xəbərdən iki gün əvvəl Donald Trump ABŞ prezidenti kimi vəzifəsinin icrasına başlayıb.

Trump özünün seçki kampaniyası ərzində dəfələrlə bildirmişdi ki, ölkəsinin Rusiya ilə münasibətlərini yaxşılaşdırmağa çalışacaq.

Trump-ın andiçmə mərasimindən dərhal sonra Ağ Ev bəyan edib ki, Suriyada “radikal islamçı qruplara” hava zərbələrinin endirilməsi davam etdiriləcək.

Rusiya mediasının sözü gedən xəbəri barədə suala cavab verərkən Ağ Evin sözçsü Sean Spicer sualı Pentaqona ünvanlamağı məsləhət görüb.

"Düşünürıəm ki, prezident İD-i məğlub etmək işində istənilən ölkə ilə əməkdaşlığa hazır olduğunu aydın şəkildə bildirib” – deyib Spicer.

Öz növbəsində Kreml Trump və Vladimir Putin arasında yaxşı münasibətlərin bərqərar olacağına ümid edir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG