Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 13:46

Trump-ın keçmiş kampaniya rəhbərinə ittiham verilə bilər


Paul Manafort
Paul Manafort

Federal təhqiqatçılar prezident Donald Trump-ın seçki kampaniyasının keçmiş rəhbəri Paul Manafort-u gizli məhkəmə orderləri əsasında dinləyiblər və ona ittiham irəli sürməyi planlaşdırırlar. Bu haqda ABŞ mediası yazıb.

MANAFORT-U DA BİLGİLƏNDİRİBLƏR

«The New York Times» işlə tanış olan iki nəfərə istinadla sentyabrın 18-də yazıb ki, ABŞ agentləri iyulda Manafort-un Virciniyadakı evində reyd keçirəndə, ona ittiham irəli sürməyi planlaşdırmaları haqda bilgiləndiriblər.

CNN də elə həmin gün anonim mənbələrə istinadla yazıb ki, 2016-cı il prezident seçkisindən əvvəl və sonra təhqiqatçılar Manafort-u dinləməyə gizli order əldə ediblər.

Manafort Trump-ın yaxın müşaviri olub. Hazırda Ədliyyə Departamentinin xüsusi müşaviri Robert Mueller Rusiyanın seçkiyə iddia olunan müdaxiləsini araşdırır və Manafort da təhqiqat obyektidir.

Manafort 2016-cı ilin iyununda Trump-ın kampaniya meneceri kimi çalışıb, ancaq iki ay sonra istefa verməli olub, çünki Ukraynanın keçmiş kremlyönlü prezidenti Viktor Yanukovych-in partiyasıyla biznes əlaqələri barədə məlumatlar yayılıb.

Manafort və vəkilləri hələlik yayılan son məlumatlara reaksiya verməyiblər.

ORDER NİYƏ ÇIXARILIB

CNN-in məlumatına görə, Xarici Kəşfiyyata Nəzarət Aktı çərçivəsində order müraciətlərinə baxan gizli məhkəmə Manafort-un dinlənilməsi haqda orderi 2016-cı ildə, seçkidən öncə çıxarıb.

Belə orderlərə Federal Təhqiqatlar Bürosunun (FBI) və Ədliyyə Departamenti rəsmilərinin təsdiqi lazımdır. CNN-in yazdığına görə, Manafort-a maraq onun rusiyalılar, eləcə də rusiyalı əməliyyatçılarla kommunikasiyaları ucbatından artıb.

Hökumətin dinləmə prosedurunu 2017-ci ildə də, Manafort Trump-la prezident seçiləndən sonra danışdığı müddətdə də davam etdirdiyi bildirilir. Ancaq Trump-a da nəzarət olunubmu, CNN bunun aydın olmadığını vurğulayıb.

Amma CNN bir məsələni də qeyd edir ki, FBI 2016-cı ilin iyunundakı görüşü dinləməyib. O vaxt kiçik Donald Trump, Manafort və Ağ evin baş müşaviri Jared Kushner rusiyalı hüquqşünasla görüşüblər. O, Trump-ın rəqibi, demokratların namizədi Hillary Clinton haqda mənfi informasiya vəd edibmiş.

XS
SM
MD
LG