Keçid linkləri

Təcili xəbərlər
2018, 13 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:45

'Rusiya pulunun izinə düşməyin vaxtı çatıb'


Paul Manafort

1973-cü ilin yayında ABŞ-da «Watergate» istintaqı gedəndə, prokurorluğun susqun bur tərəfdaşı vardı: Maliyyə Departamentinin Daxili Gəlirlər Xidməti (IRS). Bu qalmaqala korporasiyalar, onların rəsmiləri bulaşmışdı. IRS-ın təhqiqatı Richard M.Nixon-un 1972-ci ildə prezident seçkisinə ianələr zamanı vergi pozuntularının baş verdiyini üzə çıxardı. Xidmətdən gələn informasiya əsasında prokurorluq istintaq apardı, 18 korporasiya rəsmisi və 17 korporasiya qanunları pozduğunu boynuna aldı. «Watergate» qalmaqalı prezident Nixon-un istefasıyla sonuclandı.

MANAFORT-LA BAĞLI İDDİALAR

Bunları «The Washington Post» qəzetində Colbert I.King yada salır. Ötən həftə Federal Təhqiqatlar Bürosunun (FBI) direktoru James B.Comey Konqresə deyib ki, idarə Donald Trump-ın seçki kampaniyasına bağlı fərdlərlə Rusiya hökumətinin əlaqələrini araşdırır.

Məsələ bundadır ki, Donald Trump-ın seçki kampaniyasının keçmiş rəhbəri Paul Manafort-un adı oxşar iddialarda çəkilir. Ukraynalı deputat Serhiy Leshchenko iddia edir ki, Manafort «Belize» şirkətinə göndərilən 750 min dollarlıq qəbzi saxtalaşdırıb, bununla da özünə çatacaq həmin ödənişi qanuniləşdirib. «The New York Times»ın yazdığına görə, Manafort bu iddianı təkzib edib, deputatın ona şər atdığını bildirib. Amma «The Associated Press» agentliyi artıq Maliyyə Departamenti agentlərinin Manafort-la bağlı ofşor sövdələşmələr barədə bilgi əldə etdiyini yazır. Onun Şərqi Avropadakı fəaliyyəti federal antikorrupsiya təhqiqatı tərəfindən araşdırılır.

Müəllif federal agentliklərin önündə araşdırılası çox məsələnin olduğunu yazır.

Pul
Pul

«The Financial Times» hələ oktyabrda yazırdı ki, Trump-ın bir müəssisəsi ilə beynəlxalq çirkli pulyuma şəbəkəsi arasında əlaqələri göstərən dəlil tapıb. Bank bilgiləri, yazışmalar göstərirdi ki, milyonlarla çirkli dolları yumaqda suçlanan qazaxıstanlı ailə Manhettendə, qismən Trump-a məxsus binada mənzillər alıb və onun tərəfdaşlarından biriylə biznes qurub.

RUSİYA PULU

«Bloomberg Businessweek» isə bu ay yada salırdı ki, 1998-ci ildə Rusiyanın 40 milyard dollarlıq daxili borcu yaranmışdı, böyük banklarından bəziləri çökürdü. Milyonçular pullarını ölkədən çıxarırdılar. Bu zaman, 2001-ci ildə Rusiyada «Trump World Tower» açıldı və Rusiya pulunun qoruyucu seyfinə çevrildi.

«Trump Rusiyada pulu olmadığını, oraya heç vaxt sərmayə qoymadığını deyəndə, haqlı görünə bilər. Amma rusiyalıların onun daşınmaz əmlakına sərmayə qoymadığını söyləyə bilməz», – müəllif yazır.

Oğlu Donald Jr. isə 2008-ci ildə iddia edib ki, Rusiya sərmayəsi Trump-ın biznesinə axmaqdadır.

Müəllif ABŞ federal agentliklərini pulun izinə düşməyə çağırır. Konqresdə respublikaçılar IRS-i elə də sevmirlər, hətta komissarı John Koskinen-in impiçment etmək istəyiblər, alınmayıb. Səbəb xidmətin bəzi qrupların vergidən azad olunmasıyla bağlı müraciətinə baxmasıdır.

«Konqres «Watergate» təhqiqatında federal araşdırmaların bütövlüyünə güclü dəstək verib. Bəs indi necə olacaq?» – müəllif sual edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG