Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 08:43

Lukashenka etirazlara niyə imkan verir


Minskdə milis müxalifətin aksiyasını dağıdıb
Gözlə

No media source currently available

0:00 0:00:59 0:00

Minskdə milis müxalifətin aksiyasını dağıdıb

Son bir ayda Belarusda etiraz aksiyaları səngimir. Vətəndaşlar prezident Alyaksandr Lukashenka-nın 3 saylı fərmanından qəzəbləniblər. Bu fərman həm də «sosial parazit»lərə qarşı qanun adıyla tanınır. Sənəd yarımştat çalışan, yaxud işsiz vətəndaşların ildə 250 dollarlıq vergi ödəməsini nəzərdə tutur ki, bu da əslində, həmin şəxslərin tamştatlı işə görə ödəyəcəyi vergini qismən kompensasiya etmiş olur.

QƏRB DAHA ÇOX TƏZYİQ GÖSTƏRSİN

«The Washington Post» qəzeti yazır ki, etirazlar rejimə qarşı ilkin nümayişlərdən miqyasına görə daha kiçik olub. Amma yenə də avtoritar prezident Alyaksandr Lukashenka-ya ciddi problem yaradıblar. Çünki etirazçıların çoxu, adətən, prezidenti dəstəkləyən qrupları təmsil edir, onun tərəfində durmuş şəhərlərdə yaşayırlar.

«Əvvəllər, Lukashenka etirazları çox tez yatırardı. Amma bu etirazlara o, nə qədər təəccüblü olsa da, dözümlü yanaşdı. Niyə? Fikrimizcə, bu dözümlülüyün əsas səbəbi odur ki, o, Qərblə münasibətləri yaxşılaşdırmağa çalışır və beləliklə də, azad söz, sərbəst toplaşma azadlığı, digər fundamental demokratik azadlıqlarla bağlı beynəlxalq təzyiqə güzəştə getmiş olur. Belədirsə, Qərb daha çox demokratiyadan ötrü təzyiq göstərə və bunun da effekti ola bilər», –məqalədə deyilir.

Lukashenka 1994-cü ildən Belarusu idarə edir və 2015-ci ildə beşinci müddətə prezident seçildi. Beynəlxalq müşahidəçilər seçki pozuntularını tənqid etdilər. Müxalifət parçalanmış, vətəndaşlar isə siyasi baxımdan passivdirlər. Amma fevralın 17-də Minskdə 2 min 500 etirazçı toplaşdı. İlkin səbəb 2016-cı il vergisini ödəməyə qoyulmuş son tarixin fevralın 20-də bitməsiydi. Sonradan etirazlar bütün ölkəyə yayıldı.

Minskdə etiraz aksiyası.
Minskdə etiraz aksiyası.

QƏRBƏ DOĞRU

«The Washington Post» qəzeti yazır ki, əvvəllər nümayişləri əlüstü yatıran hökumət bu dəfə etirazçıların bir neçə həftə ardıcıl toplanmasına icazə verdi. Hətta jurnalistlərin bu hadisəni işıqlandırmasına şərait yaradıldı. Qəfildən, martın 9-da Lukashenka vergini ertələyəcəyini, hökumətin bu siyasətə yenidən baxacağını bildirdi. Amma indi etirazçılar həm də hökumətdə dəyişiklik istəyirlər.

Müşahidəçilərin çoxu bu etirazların kökündə Belarusdakı iqtisadi problemləri görürlər. Ölkədə işsizlik artıb. Elə tüfeylilərə qarşı qanunun da məqsədi büdcəyə gəlir gətirməkdi. 1990 və 2000-ci illərdə Lukashenka beynəlxalq subsidiyalar hesabına ölkədə sabitlik və firavanlığı təmin edə bilirdi. Amma son böhran ictimaiyyətin səbir kasasını daşdırıb, rejimə dəstək azalıb.

İqtisadi problemlər etirazların motivasiyası ola bilər, bəs hökumət niyə onlara dözümlü yanaşır? Məsələ bundadır ki, 2014-cü ildə Rusiya Krımı ilhaq edəndən, Belarus iqtisadiyyatında da çöküş başlayandan Lukashenka siyasətini Qərbə meylləndirməyə başlayıb. 2016-cı ildə iki müxalifətçinin parlamentə düşməsinə icazə verildi, bütün siyasi məhbuslar buraxıldı, viza qadağaları yüngülləşdirildi. O, heç Rusiyanın Krımdakı hərəkətlərini də dəstəkləmədi. Əvəzində, Avropa Birliyi və ABŞ da məhdudlaşdırıcı sanksiyaların çoxunu qaldırdı. Belarusun Beynəlxalq Valyuta Fondundan daha bir kredit almaq imkanı yaranıb. Yəni, Avropa və ABŞ-ın xaricdə demokratiyanı irəlilətməyə marağı öləziyə bilər, amma iqtisadi rıçaqlar qalmaqdadır. «Belarus diktatoru məntiqlə düşünə bilər ki, müxalifəti həmişəki zorakılıq və həbslərlə yatızdıra bilər, amma əvəzində bu vacib maddi qazancları təhlükəyə salar», – məqalədə oxuyuruq.

A.Lukashenka
A.Lukashenka

HƏBSLƏR NİYƏ BAŞ VERİR?

Qeyd edək ki, martın 25-də Minskdəki etiraz aksiyaları dağıdılıb və 300 nəfər saxlanılıb. Həbslərdən sonra polis «Viasna 96» adlı insan haqları qurumunun ofisinə də hücum edib. Burda 50-dən çox adam həbs olunub.

Elə «The Washington Post» da fevralın 17-dən martın 20-dək Belarusda 240-dan çox adamın həbs olunduğunu, onlarla etirazçının 15 günlük inzibati həbs aldığını yazır. Səbəb? Axı Lukashenka-nın son islahatları Moskvada ona dost qazandırmayıb. Rusiya dövlət mediası onu ardıcıl tənqid edir. Lukashenka da düşünə bilər ki, etirazlar çox davam etsə, Rusiya onlardan onun devrilməsindən ötrü bəhanə kimi faydalanar.

«Onun bu tədbirləri davam etdirib-etdirməyəcəyi bəlli deyil. Qərb daha islahat tələb etməsə, sonucda daha çox zorakılıq görə bilərik. Son günlər AB-nin, BMT-nin və ABŞ-ın sözçüləri saxlanan etirazçılarla bağlı narahatlıq bildiriblər. Beynəlxalq qurumlar da onlara səs veriblər... Lukashenka müxalifəti cəzalandırmağa davam etsə, Qərbə daha öncə güzəştləri əvəzində qazandıqlarını itirə bilər. ABŞ-da demokratiyaya pul ayırmaqla bağlı müzakirələr yenidən qızışar. Amma Qərbin Belarusda cəhdləri, azından, bir diktatoru repressiyaya girişmədən öncə düşünməyə vadar edir», – «The Washington Post» belə yazır.

XS
SM
MD
LG