Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:26

Azərbaycanda insan alveri - 2010


Qadınlar və uşaqlar Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə, Rusiya və İranda fahişəliyə məcbur edilir
Qadınlar və uşaqlar Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə, Rusiya və İranda fahişəliyə məcbur edilir
«Azərbaycan alver olunan qadınların, uşaqların və kişilərin götürüldüyü, tranzit olunduğu və aparıldığı ölkədir. Kişilər əməyə, qadınlar və uşaqlar isə fahişəliyə məcbur olunur».

Bunu Amerikanın Dövlət Departamentinin insan alveri haqda illik hesabatının Azərbaycana aid hissəsində deyilir.

«KİŞİLƏR ƏMƏYƏ, QADINLAR FAHİŞƏLİYƏ MƏCBUR EDİLİR»


«İnsan Alveri – 2010» hesabatına görə, «Azərbaycan kişiləri və oğlan uşaqları Rusiyada işlədilir, qadınlar və uşaqlar isə Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə, Rusiya və İranda fahişəliyə məcbur edilir».

«Moldovadan, Özbəkistandan, Qazaxıstandan Türkiyəyə fahişəliyə aparılan qadınlar üçünsə Azərbaycan tranzit ölkədir». Dövlət Departamentinin hesabatında Naxçıvan Türkiyəyə aparılan qadınlar üçün tranzit nöqtəsi kimi qeyd olunur.

Eyni zamanda «Ukraynadan, Moldovadan, Özbəkistandan, Qazaxıstandan və Rusiyadan qadınlar Azərbaycana fahişəliyə gətirilir».

Bosniya-Herseqovinadan, Serbiyadan, Makedoniyadan və Çindən gətirilən adamlar isə Azərbaycanda tikintidə əməyə məcbur edilir.

«HÖKUMƏT MİNİMAL STANDARTLARA CAVAB VERMİR»


Dövlət Departamentinin hesabatında deyilir ki, «Azərbaycan hökuməti insan alverinin kökünü kəsmək üçün minimum standartlara cavab vermir, ancaq bu işi görmək üçün əhəmiyyətli cəhdlər edir».

Hesabata görə, Azərbaycan hökuməti işləməyə məcbur edilənləri müəyyən etməkdə və yardım göstərməkdə adekvat cəhdlər etmir:
«Bu işlərin istintaqında da hökumət irəliləyiş nümayiş etdirmir».

Hesabata görə, 2009-cu ilin oktyabrında Şərqi Avropadan 496 adamın Azərbaycan tikintilərində işə məcbur edildiyi üzə çıxanda, Azərbaycan hökuməti qurbanlardan heç kimi müəyyənləşdirmədi.

Hərçənd məlumatlara görə, Azərbaycan hökuməti 2009-cu ildə alver qurbanlarına köməyə 625 min dollar ayırıb, bu yardımdan o əməyə məcbur edilənlərə pul verilmədi:

«Nəticədə o yüzlərlə qurbana təcili yardımı beynəlxalq ictimaiyyət verdi, o cümlədən ərzağı».

Dövlət Departamenti insan alveri hesabatında Azərbaycana məsləhət görür ki, əməyə məcbur edilənləri müəyyənləşdirməkdə cəhdlərini artırsın, hökumət qurbanlara yardım fondu yaratsın, bu yardım ölkə miqyaslı olsun.

Tövsiyə olunur ki, insan alveri halları araşdırılsın, günahkarlar məhkəmə qarşısına çıxarılıb, cəzalandırılsın.

«CƏZALANDIRMAĞA SİYASİ İRADƏ YOXDUR»

Dövlət Departamentinin hesabatına görə, «Azərbaycanda yüksək səviyyədə mütəşəkkil cinayətkarlığı cəzalandırma siyasi iradə yoxdur».

O cümlədən, insan alverində yüksək səviyyəli rəsmilərin əlinin olması haqda deyilənləri də araşdırmağa istək yoxdur.

2009-cu ildə Azərbaycanda 700 –dən çox əməyə məcbur edilmə halı olub. Azərbaycanda əməyə məcbur edilmə halı ilə bağlı keçən il cəmi 3 istintaq başlanıb. 2008-ci ildə belə istintaqlar 66 idi.

Bu ilin fevralına kimi insan alverinə görə, 62 şəxs cəzalanıb, 2008-ci ildə belələrinin sayı 61 idi. Cəzalananlardan 15-nə 5 ildən 15 ilə kimi həbs cəzası verilib.

Hesabata görə, insan alveri ilə mübarizədə Azərbaycanda Qeyri-Hökumət Təşkilatları ilə hökumət qurumlarının işinin əlaqələndirilməsi yaxşılaşıb.

Onlar keçən il birlikdə 920 qurban müəyyən ediblər. 2008-ci ildə bu, 121 idi.

Hesabatda xüsusi qeyd olunur ki, hökumət insan alveri qurbanlarına kömək edəndə, bu, əməyə məcbur edilənlərə aid olmur.

Hesabatda deyilir ki, hökumət insan alverinin qabağını əvvəlcədən almaq üçün bəzi cəhdlər də edir. Bunlara əhalinin sayıqlığını artırmaq kimi tədbirlər daxildir.

Hökumət QHT-lərin idarə etdiyi «qaynar xətti» maliyyələşdirir.

Ancaq hesabatda deyilir ki, «Azərbaycan hökuməti insan alveri ilə mübarizədə hökumətin səylərini tənqidi qiymətləndirən QHT-lərlə əməkdaşlıq etməkdən qaçır».
XS
SM
MD
LG