Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 13:25

Növbədənkənar parlament seçkisi, ya boş yerlərə seçki?


Baş nazirin müavini: “Məlumatım yoxdur”

“Erkən parlament seçkilərinin keçiriləcəyi barədə heç bir məlumatım yoxdur”. APA-nın məlumatına görə, baş nazirin müavini, YAP-ın icra katibi Əli Əhmədov belə deyib.

O, “bildiyimə görə, parlament seçkiləri 2020-ci ildə keçiriləcək”, - söyləyib.

Hər halda, baş nazirin müavini xəbəri təsdiqləməsə də, onu tam şəkildə təkzib də etməyib.

Azər Rəşidoğlu: “Seçki 2020-ci ildən tez keçiriləcək”

Növbədənkənar prezident seçkisi başa çatar-çatmaz növbədənkənar parlament seçkilərinin keçiriləcəyi ilə bağlı ehtimallar gündəmə gəldi. Bu haqda ilk dəfə sosial şəbəkədə yazan siyasi şərhçi Azər Rəşidoğlu oldu. O bu gün də AzadlıqRadiosuna növbədənkənar parlament seçkilərinin keçirilməsini istisna etmir:

“Mənim proqnozuma görə, parlament seçkiləri 2020-ci ildən daha tez keçiriləcək”.

O, hətta seçkilərin payızda, uzağı gələn ilin əvvəlində keçiriləcəyini güman edir.

Azər Rəşidoğludan başqa jurnalist Natiq Cavadlı Facebook sosial şəbəkəsində yazıb: “Sumqayıtda DSK və MİS-lərə oktyabra seçki hazırlığı tapşırığı verilib”.

Zahid Oruc indiki tərkibi “uyğun” saymır

“Növbədənkənar parlament seçkisi keçirilməsi ideyasının virtual şəbəkələrdə tirajlanması başadüşüləndir. Prezident seçkilərinin önə keçirilməsi avtomatik olaraq vətəndaşların beyinlərində buna imkan yaradır”, – deputat Zahid Oruc deyir.

“Prezident yenidən seçilib, xalqın etibarını və etimadını qazanıb. Hökumət tərkib baxımından çox böyük dəyişikliklərə məruz qalıb. Belə olan təqdirdə indiki parlament dövlət başçısının gələcək strateji planlarına hazırkı tərkiblə nə dərəcədə uyğundur? Söhbət parlamentdəki çoxluğu təmsil edən qüvvələrin iş əmsalı kimi, cəmiyyətlə, dövlətlə, beynəlxalq regional maraqlarla ayaqlaşmaq qabiliyyətindən gedir. Etiraf etmək lazımdır ki, biz bir çox millət vəkillərinin bu çağırışlara uyğun olmadığını görməkdəyik”.

Zahid Oruc erkən parlament seçkilərinin keçiriləcəyini güman etməsə də, deputatların sadaladığı tələblər çərçivəsində çalışmağa qadir olmadığını düşünür.

Onun qənaətincə, ali icra hakimiyyəti orqanında “böyük dəyişikliklər” baş verirsə, hakimiyyətin başqa qolu da “bu templə uyğunlaşmalıdır”.

“Yeni parlament seçkiləri keçirilməlidir”

“Yeni prezident seçkisi keçirilibsə, sırf hakimiyyətin düşüncə tərzinə, məntiqinə uyğun çıxış edərək “yeni parlament seçkiləri də keçirilməlidir” demək olar”, – siyasi icmalçı Azər Rəşidoğlu söyləyir: “Bu dəfəki parlament tamamilə mücərrəd siyasətçilərdən ibarətdir. Bu baxımdan yaxında parlament seçkiləri keçirilə bilər”.

Siyasi şərhçi başqa məqama da diqqət çəkir: “Yeni parlamentdə çoxluq kimin əlində olacaq?” O bugünkü parlamentin müxtəlif oliqarxların, biznes dairələrinin nəzarətində olan şəxslərdən ibarət olduğunu bildirir:

“Bu parlamentlə böhran dövründə müsbət fəaliyyət göstərmək mümkün deyil. İstənilən təhlil onu deməyə əsas verir ki, payıza doğru və ya gələn ilin əvvəllərində parlament seçkiləri keçiriləcək. Yəni 2020-ci ildə yox, daha tez keçiriləcək”.

Rəşidoğlunun fikrincə, erkən parlament seçkiləri keçirilərsə, yeni Milli Məclisdə biznes dairələrinin təmsilçiləriylə yanaşı müxalifətçilərin, ziyalıların da təmsilçiliyinə imkan yaradılacaq.

“MSK bunu hardan bilə bilər?”

AzadlıqRadiosu-nun əməkdaşı gün ərzində Mərkəzi Seçki Komissiyasına (MSK) zəng vuraraq növbədənkənar parlament seçkilərinə hazırlıqla bağlı tapşırığın verilib-verilməməsini dəqiqləşdirməyə çalışıb. Ancaq qurumun mətbuat xidmətinin rəhbəri Şahin Əsədli zənglərə cavab verməyib. MSK-nin saytında qoyulan əlaqə telefonu da məşğul göstərib.

Qurumun hüquq şöbəsinin müdiri İradə Hacıyeva isə “Mərkəzi Seçki Komissiyası bunu hardan bilə bilər? Və yaxud növbədənkənar seçkinin olması üçün nə əsas var” deyə suala sualla cavab verib. Daha sonra əlavə edib: “MSK belə bir məsələylə məşğul deyil. Bu haqda məlumatım yoxdur”.

Boş yerlərə seçki keçirilə bilər

Növbədənkənar seçki keçirilməsə də, parlamentdəki boş yerlərə seçkilərin keçirilməsi mümkündür. Son prezident seçkisindən sonra parlamentdə altı deputat yeri boşdur. Rövşən Rzayev, Vüsal Hüseynov, Fuad Muradov və Muxtar Babayev vəzifəyə gediblər.

Birinci xanım Mehriban Əliyeva isə 2017-ci ilin fevralında birinci vise-prezident təyin olunduqdan sonra onun da yeri boş qalıb.

Daha bir deputat Astan Şahverdiyev isə bu yaxınlarda vəfat edib.

Amma bununla bağlı qərarı da prezident verməlidir. Prezident İlham Əliyev hansı sərəncamı verəcək, zaman göstərəcək.

Azər Rəşidoğlu isə bu dəfə hökumətdə deputatlara da vəzifə verilməsini iqtidarın qruplaşmalar üzərində nəzarəti əldən buraxmaq istəməməsi ilə izah edir:

“Məsələn, Rövşən Rzayev Şükür Rzayevin, Qarabağ klanında nüfuza malik adamın oğludur. Bir qarabağlı və ya ermənistanlı vəzifədən gedirsə, mütləq yerinə qarabağlı və ya ermənistanlı gətirilir. Hakimiyyətin yanaşması, təfəkkürü professionallıqdan çox region və başqa amillərlə bağlıdır”.

Azərbaycanda sonuncu dəfə parlament seçkiləri 2015-ci ildə keçirilib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG