Özbəkistanda yol kənarlarında və küçələrdə çox sayda kiçik məscidlərin tikilməsi planlaşdırılır.
Daşkənd şəhərinin imamlarından Anvar-qori Tursunov yanvarın 15-də AzadlıqRadiosuna deyib ki, “mini-məscidlər” mömin müsəlmanların gündə beş dəfə namaz qıla bilməsinə şərait yaratmaq üçün tikiləcək.
Hökumətin Din Komitəsindən bir rəsmi AzadlıqRadiosuna bildirib ki, kiçik məscidlərdən həm də müsəlman ölkələrindən gələn turistlər istifadə edə biləcəklər.
Rəsmi deyib ki, 22 mini-məscid tezliklə paytaxt Daşkənddə tikilməlidir.
Yanvarın 15-də habelə Özbəkistanın turizm naziri Aziz Abduxalikov deyib ki, əsasən müsəlman ölkələrindən turistlərin cəlb olunması məqsədilə ölkə otellərinin 10 faizində otaqlara Quran nüsxələri qoyulacaq.
Abduxalikovun sözlərinə görə bundan başqa otellərin 30 faizində Qiblənin istiqamətini göstərən nişanlar təşkil ediləcək.
Özbəkistanın keçmiş prezidenti İslam Karimovuin hakimiyyəti illərində bu çox dindar ölkədə müsəlmanların fəaliyyəti sərt şəkildə məhdudlaşdırılmışdı.
Yeni prezident Şavkat Mirziyoyev ölkəsində bir sıra islahatları həyata keçirəcəyini və vətəndaş azadlıqlarını genişləndirəcəyini vəd edib.