Keçid linkləri

2017, 17 Dekabr, bazar, Bakı vaxtı 10:26

İcra başçısı 45 dəqiqə ərzində 126 dəfə söyüş söyüb


Parkent rayon administrasiyasının binası

Daşkənd vilayətinin Parkent rayonunun icra başçısı Nematulla Abdullaev idarə və qurumların rəhbərlərini, habelə məhəllə ağsaqqallarını kobud formada danlayaraq onları təhqir edib. Buna səbəb onların pambıq yığmağa yetərincə adam göndərməməsi olub.

45 dəqiqə çəkən iclasda icra hakimi düz 126 dəfə toplaşanların ünvanına ağır söyüşlər işlədib. Abdullaev-in özü məsələyə münasibət bildirərkən, söyüş söymədiyini, sadəcə iclas iştirakçılarını danladığını deyib.

CİDDİ SÖHBƏT

İclasın audioyazısı AzadlıqRadiosunun özbək xidmətinə yol tapıb.

Yazı müəllifi icra hakiminin əvvəlcə tibb birliyinin rəhbəri Gofir Roziboev-i təhqir etdiyini deyib.

«Sən boş vədlər verirsən, lənətə gələsən, (icra hakimi daha kobud ifadələr işlədib - tərc.) bu boyda böyük qurumun rəhbərisən, amma pambığa az adam göndərmisən. Bacarırsan, işlə, bacarmırsan, cəhənnəm ol, get... (bu məqamda da bir neçə söyüş işlədib)», – deyə icra hakimi tibb birliyinin rəhbərini təhqir edib.

Gofir Roziboev icra hakiminə cavabında pambığa 20 nəfər göndərdiyini deyəndə, icra başçısı onu təhqir etməyə davam edir:

«Cəhənnəm ol... (Söyür) Guya sənin 20 adamın nə yığıb? Bura bax, ... (yenə söyür), sənin g... dağıdaram...!», – icra hakimi deyir.

İclasda Nematulla Abdullaev pambıq «pripiskası»na görə Bekabad rayonunun icra hakimi, prokuroru və milis rəisinə cinayət işlərinin açıldığını deyib. İclasın audioyazısını diktofona yazan şəxs AzadlıqRadiosunun özbək xidmətinə bildirib ki, Daşkənd vilayətindəki bəzi rayonların rəhbərlərinə cinayət işinin açılması Parkent rayonunun icra başçısını ciddi narahat edir.

Audioyazı müəllifinin sözlərinə görə, pambıq qərargahında iclasda Abdullaev məhəllə ağsaqqallarını da təhqir edib.

«Beş ton pambıq təhvil verməsəniz, ş..inizi qoparacam, köpək uşağı», – o deyib.

Audioyazı müəllifinin sözlərinə görə, Parkent rayonunun pambıq qərargahında keçirilən iclas bir saatadək davam edib. Nematulla Abdullaev iclas iştirakçılarını təhqir edərək alçaldandan sonra onlara pambıq sahələrinə kifayət qədər adam çıxarmağı, o adamların da günə azı 30 kiloqram məhsul yığmasını əmr edib.

«SADƏCƏ DANLAMIŞAM»

AzadlıqRadiosunun özbək xidmətinin müxbirinin suallarına cavab verən icra başçısı Nematulla Abdullaev noyabrın 1-də rayonun pambıq qərargahında yerli qurumların rəhbərləri və məhəllə ağsaqqallarının iştirakıyla iclas keçirdiyini təsdiqləyib. Ancaq o, iclas iştirakçılarını nalayiq sözlərlə təhqir etdiyini danıb.

«Mən həqiqətən də onları pambıq toplama planının yerinə yetirilməsi zamanı yanlış məlumat verdiklərinə görə danlaya bilərdim. Axı pambığa dair yanlış məlumat verilən vaxtlar geridə qalıb. Əgər kimisə təhqir etmişəmsə, qoy həmin adam məni məhkəməyə versin. Məhkəmə qarşısında cavab verməyə hazıram. Heç kimi təhqir etməmişəm və heç kimə hədə-qorxu gəlməmişəm», – icra hakimi radionun müxbirinə deyib.

QANUNSUZLUQ VƏ ZORAKILIQ

AzadlıqRadiosu daha öncə də Özbəkistanda vilayət və rayon icra hakimlərinin tabeliklərində olan şəxsləri təhqir və təhdid etməsi, döyməsi hallarını işıqlandırıb.

Bu il sentyabrın 12-də internetdə bir icra hakiminin məktəb direktorlarını döydüyünü göstərən video yayılmışdı.

Aprelin 12-də keçirilmiş iclas zamanı icra hakimi bir yerli məmuru hamının qarşısında təhqir etdikdən sonra işçilərinə onu döymək əmri vermişdi.

2016-cı il oktyabrın 19-da isə daha bir icra hakimi yerli fermerlərin gözü qarşısında məktəb direktorunun müavinini döymüşdü. Səbəb yenə də təhvil verilən pambığın tələb olunandan az olması idi.

Ötən il iyunun 8-də bir fermer yaşadığı rayonun icra başçısından şikayət etmişdi. Fermerin sözlərinə görə, icra başçısı tez-tez sakinləri təhqir edir, onlara əl qaldırırmış. Bunun ardınca məhkəmə fermeri təhqir etdiyinə görə icra hakiminə minimal əməkhaqqının üç misli qədər cərimə cəzası kəsmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG