Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 17:45

Əndicanda 15-yaşlı qız hamilə qalıb


Hamilə
Hamilə

Əndicandakı məktəblərdən birinin 9-cu sinif şagirdinin hamilə qalması xəbəri çıxandan sonra şəhər məktəblərində qızların bakirəliyini yoxlamağa başlayıblar. Bu məlumatı AzadlıqRadiosunun (RFE/RL) özbək xidmətinə həmin məktəbin müəllimləri və məhəllə fəalları verib.

Əndicandakı 6 saylı məktəbin rəhbərlərindən biri deyib ki, məktəb həmin uşağın hamilə qalmasını onun noyabrın sonunda bir neçə gün dərslərə gəlməməsindən sonra öyrənib.

«Biz məsuliyyət daşımırıq»

«Noyabrın 25-də o, məktəbə gəlmədi. Biz onun nənəsinə zəng vurduq. Qadın dedi ki, insult olub və nəvəsi indi xəstəxanada ona qulluq edir. Noyabrın 27-də biz həmin şagirdi ziyarət etmək qərarına gəldik və onların evinə getdik. Bu dəfə nənəsi qızın yüksək qızdırma ilə yataqda olduğunu dedi. Ancaq tibbi müayinə zamanı qızın hamilə olduğu üzə çıxdı», – məktəbin müəllimlərindən biri radionun özbək xidmətinə deyib.

Məktəbin başqa bir müəlliməsinin sözlərinə görə, tibbi müayinə zamanı 15-yaşlı şagirdin hamiləliyin altıncı ayında olduğu üzə çıxıb.

***Buna da bax-Bakirəlik söhbəti gəlinin intiharıyla sonuclandı

Məktəbin müəllimləri uşağın yay vaxtı hamilə qaldığını və baş verənlərə görə məktəbin məsuliyyət daşımadığını deyirlər.

«Dekabrın 7-də biz 9-cu sinif şagirdinin evində olduq və ondan xəbər aldıq. Qız deyir ki, bu, yayda baş verib. Keçid imtahanları zamanı uşaqda hər hansı dəyişiklik, yaxud ruh düşkünlüyü müşahidə olunmurdu. Şagird məktəbin ərazisində hamilə qalmayıb. Bizim şagirdlərimizdən heç birinin bu məsələyə aidiyyəti yoxdur. Hamı bilir ki, məktəb divarlarından kənarda uşağın vəziyyətinə görə onun valideynləri, yaxud da onları əvəz edən şəxslər məsuliyyət daşıyır», – məktəbin müəllimlərindən biri deyib.

Məhəllə fəalları isə hazırda 15-yaşlı qızın həkimlərin nəzarətində olduğunu deyirlər.

«Məktəbli doğum kompleksində müalicə alıb. İki gündür ki, onu evə buraxıblar. Hazırda o, məktəbə getmir», – deyə bir məhəllə fəalı bildirib.

Kütləvi bakirəlik yoxlamaları

Məhəllə fəallarının sözlərinə görə, 9-cu sinif şagirdinin hamilə qalması xəbəri çıxandan sonra şəhərin icra hakimiyyəti məcburi qaydada şagirdlərin bakirəliyini yoxlatdırmağa başlayıb.

***Buna da bax-Universitetdə tələbələrdən bakirəlik testi tələb olunur

«Məktəblərdə şagirdləri ultrasəs müayinəsindən keçiririk. Hər məktəb şagirdlərinin bakirəliyini yoxlatdırmaq üçün onları mütəşəkkil qaydada yerli poliklinikalara aparır. Bizdə bakirəliyin kütləvi yoxlanmasına çoxdan başlanılıb. Ancaq 15-yaşlı məktəblinin hamilə qalması xəbəri çıxandan sonra biz bu yoxlamaları gücləndirməli olduq», – məhəllə fəallarından biri radionun özbək xidmətinə deyib.

Sözügedən şagirdin oxuduğu məktəbin rəhbərlərindən biri deyir ki, bu xəbər şəhərin icra hakimiyyətini, vilayət xalq təhsil idarəsini və məhəllə komitələrinin fəallarını ayağa qaldırıb.

«Bu hadisə hamını ayağa qaldırıb. Çoxlu iclaslar keçirmişik. Məktəbli qızların valideynlərini çağırmışıq. Məhəllə komitələrinin nümayəndələrini və poliklinikadan ginekoloqları iclaslara dəvət etmişik. Biz hamilə məktəblini hər gün ziyarət edirik. Bu məsələdə məhəllə komitəsinin fəalları ilə əməkdaşlıq edirik», – deyə o bildirib.

Məhəllə fəallarından birinin sözlərinə görə, hazırda yerli orqanlar 15-yaşlı məktəblinin kimdən hamilə qaldığını müəyyənləşdirməyə çalışırlar.

«Qızın atası ölüb. Anası var, ancaq o, qazanc dalınca Rusiyaya gedib. Qız nənəsi, bacısı və qardaşı ilə yaşayır. Oktyabrda qardaşı gözləri zəiflədiyinə görə Rusiyaya, anasının yanına gedib», – məhəllə fəallarından biri deyir.

Əndicanın hüquq-mühafizə orqanlarının bir əməkdaşı bildirib ki, məktəblinin daim fərqli ifadələr verməsi istintaqın işini çətinləşdirir.

Ötən ay AzadlıqRadiosunun özbək xidməti Özbəkistanın Səmərqənd vilayətində yuxarı sinif şagirdlərinin bakirəliyinin kütləvi şəkildə yoxlanması xəbərini vermişdi.

Bu yaxınlarda Səmərqənd vilayətinə səfər edən Özbəkistan prezidenti Şavkat Mirziyoyev burada arzuolunmaz hamiləlik və ictimai qınaqdan qorxu səbəbindən qadınlar arasında intihar hallarının artmasına diqqət yetirib. Məktəbli qızların bakirəliyinin kütləvi yoxlanması tədbirlərinin məhz bununla bağlı olduğu bildirilir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG