Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Fevral, çərşənbə axşamı, Bakı vaxtı 04:09

'Oscar'ı 'Ay işığı'na 'La La Land' təqdim etdi


Zərflər səhv düşüb.

«Oscar»ın budəfəki – 89-cu təqdimetmə mərasimi qeyri-adiliyi ilə yadda qalıb.

ABŞ kino akademiyasının ən yaxşı filmə görə təyin olunmuş mükafatını əvvəlcə «La La Land»a veriblər. Təxminən 2 dəqiqə sonra isə zərflərin səhv düşdüyünü, mükafata, əslində, «Ay işığı» filminin layiq görüldüyünü elan ediblər. Məyus «La La Land» müəllifləri əllərindəkiləri «Ay işığı»nın iştirakçılarına ötürməli olublar.

ƏN ÇOX «OSCAR» ALAN FİLM

Əslində, 7 «Qızıl Qlobus» alan «La La Land»ın «Oscar»a da layiq görülməsi gözlənilən idi.

Amma «La La Land» da «Oscar»sız qalmayıb, hətta ən çox «Oscar» alan film olub. Filmin rejissoru Damien Chazelle ən yaxşı rejissor işinə görə, filmin baş qəhrəmanlarından birini oynamış Emma Stone isə ən yaxşı aktrisa kimi «Oscar»a layiq görülüb. Filmə ən orijinal mahnısına, klişelərinə, texniki dizaynına və operator işinə görə də «Oscar» verilib.

«La La Land» filminin rejissoru Damien Chazelle.
«La La Land» filminin rejissoru Damien Chazelle.

«USA Today» mükafat sahiblərinin siyahısını dərc edib.

«Oscar»ın da təqdimat mərasimi, «Qızıl Qlobus»unku kimi, ABŞ prezidenti Donald Trump-a atmacalarla, prezidenti sancası eyhamlarla yadda qalıb. İştirakçılar, əsasən, D.Trump-ın miqrantlarla bağlı qərarına etirazlarını ifadə ediblər.

«DİGƏR ÖLKƏ VƏTƏNDAŞLARINA SAYQISIZLIQ OLARDI»

Ən güclü etiraz iranlı rejissor Asghar Farhadi-dən gəlib. Müəllifi olduğu «Satıcı» filmi əcnəbi dildə ən yaxşı film kimi «Oscar» qazansa da, A.Farhadi səhnədə görünməyib, çünki ümumiyyətlə tədbirə qatılmayıb. Onun mükafatını iranlı mühəndis Anousheh Ansari alıb və elə səhnədəcə rejissorun məktubunu oxuyub.

Asghar Farhadi
Asghar Farhadi

«Sizinlə olmadığıma təəssüflənirəm. Amma mənim iştirakım həmvətənlərimə, eləcə də miqrantların ABŞ-a girişini yasaqlayan qanunla hörmətsizlik edilən digər ölkə vətəndaşlarına sayqısızlıq olardı». A.Farhadi-nin məktubunda belə deyilir.

D.Trump-ın miqrantlarla bağlı qərarını Federal məhkəmə ləğv edib. Buna baxmayaraq, rejissor qərarın qeyri-insani olduğunu, dünyanı «biz və düşmənlərimiz» deyə iki yerə parçaladığını, bununsa insanlarda qorxu və aqressiya yaratdığını söyləyib.

Gecəki mərasimdə Suriyadakı müharibədən bəhs edən «Ağ dəbilqələr» filminə də ən yaxşı kiçik sənədli film kimi «Oscar» verilib. Film Suriyada fəaliyyət göstərən, müharibədən əziyyət çəkən suriyalılara yardımdan ötrü həyatını təhlükəyə atan xilaskarlara həsr olunub.

Günün bütün mövzuları

XS
SM
MD
LG