Milli Məclisin bu gün, dekabrın 15-də keçirilən iclasında peşəkar səviyyədə fəaliyyət göstərən medianın, jurnalistlərin Silahlı Qüvvələr haqqında məlumatlar yazmasına məhdudiyyətlər qoyulmasına etiraz edilib.
APA-nın xəbərinə görə, yenidən hazırlanan «Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında» Qanun layihəsinin müzakirəsi zamanı çıxış edən deputat Qüdrət Həsənquliyev bildirib ki, bu, yanlış addımdır. O vurğulayıb ki, ordudakı problemlərdən yazmadıqca, o problem daha da artacaq:
«Əlbəttə, hərbi sirr qorunmalıdır və onsuz da qorunur. Amma peşəkar fəaliyyət göstərən jurnalistlərə ordudan yazmağı qadağan etmək, məhdudlaşdırmaq düzgün deyil».
Ancaq hakimiyyətdə olan Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov deputat həmkarının dediklərinə qarşı çıxıb:
«Deputatların parlament və ya qeyri-hökumət təşkilatlarının orduya nəzarət tələbinə cavab olaraq deyim ki, Azərbaycanda Silahlı Qüvvələrinə Ali Baş Komandan nəzarət edir. Hər hansı nöqsan baş verdikdə, Ali Baş Komandan tərəfindən struktur dəyişikliyi və ya digər məsələlər həyata keçirilir».
Deputatın fikrincə, ordunun sirləri qapalı olmalı, mətbuat Müdafiə Nazirliyinin yaydığı məlumatdan kənar məlumatlar yaymamalıdır.
Başqa bir deputat Fazil Mustafa isə Penitensiar Xidmətə nəzarətin vacibliyindən danışıb.
Son aylar bir sıra sayt redaktorları ordu ilə bağlı tənqidi yazılara görə Baş Prokurorluğa çağırılaraq xəbərdarlıq alıblar. Üstəlik, ölkə mediasında son aylar tez-tez cəzaçəkmə yerlərində işgəncə və ölüm halları ilə bağlı məlumatlar yayılır. Penitensiar Xidmətin rəhbərliyi ya bu məlumatları təkzib edir, ya da bu məsələlərlə bağlı verilən sualları cavabsız qoyurlar.