Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 07:34

Neftin barreli 30 dollara da düşə bilər


OPEC
OPEC

Bu gün – noyabrın 30-da Vyanada OPEC neft kartelinin üzvləri bir araya gəlib, hasilatı azaltmaq, bununla da neftin qiymətini qaldırmaq məsələsinə baxırlar. Hələ sentyabrda qurum üzv ölkələrin gündəlik hasilatı gündə 33.64 milyon barreldən 32.5-33 milyon barrelə qədər azaltmağa razılaşdığını bildirirdi. Toplantıdan öncə OPEC-ə üzv olmayan digər iri neft istehsalçıları da uzun-uzadı müzakirələr edib. Ancaq hasilatı azaltmağa hazır olanlar da var, tərəddüd edənlər də. Elə məsələ də burasındadır. Tərəddüdlər bugünkü toplantıya ümidləri, eləcə də neftin qiymətini azaldıb.

4% UCUZLAŞMA

«Reuters» agentliyinin yazdığına görə, toplantı ərəfəsi neft daha 4% ucuzlaşıb, bəziləri neftin bir barrelinin hətta 30 ABŞ dollarına düşəcəyini gözləyirlər.

Çoxları hesab edir ki, OPEC hasilatla bağlı razılığa gəlsə belə, bununla yalnız özünə etimadı qoruyub saxlayacaq, qiymətlərin düşməsinə bir elə təsir göstərə bilməyəcək. Ancaq qurumun bir-birinə düşmən kəsilmiş üzvləri – İranla Səudiyyə Ərəbistanının yola gəlməməsi, digər tərəfdən Rusiyanın tərəddüdləri heç bir razılığa ümid yeri qoymur.

İndi analitiklərin neftin dəyəriylə bağlı gözləntiləri xeyli fərqlənir. Optimistlər OPEC razılığa gələrsə, neftin barrelinin yalnız 50 dollara çatacağını, bəziləri isə hətta 60 dollar olacağını deyirlər. Razılıq əldə olunmazsa, neftin birdən-birə 40 dollara düşüb, yenidən indiki qiymətinə qayıdacağını gözləyənlər daha çoxdur. Bəziləri isə neftin dəyərinin 40 dollara yavaş-yavaş düşəcəyini, beləliklə də 30 dollara yol alacağını düşünürlər. Hazırda (noyabrın 30-da) neftin bir barreli 46.90 dollardır.

RAZILAŞMA OLMALIDIR

«Reuters» agentliyi iri mərkəzlərin OPEC-in toplantısından gözləntilərini çap edib.

«IHS ENERGY» informasiya mərkəzi OPEC-in bu günkü yığıncağının 1973-cü ildən bəri ən mühüm toplantı olduğunu yazır. Mərkəz hesab edir ki, üzv ölkələr arasındakı gərginlik üzündən razılığın əldə edilməsi çətin məsələyə çevrilib, amma quruma maddi və siyasi, eləcə də etimadla bağlı təzyiq o qədərdir ki, bu həftə olmasa da, başqa vaxt bu razılıq, hətta qüsurlu olsa belə, ortaya çıxmalıdır.

Neft buruqları.
Neft buruqları.

«SEB» bankı Səudiyyə Ərəbistanının energetika nazirinin sözlərini şərh edərək, OPEC-in razılıq şansının çox az olduğunu yazır. Ötən bazar nazir Khalid al-Falih deyib ki, OPEC-in müdaxiləsi olmasa belə, 2017-ci ildə neftə tələb bərpa olunacaq, qiymətlər sabitləşəcək. Bank ekspertlərinin fikrincə, nazirin məqsədi bazarı qurumun razılığa gəlməməsinə hazırlamaqdır. Çünki nazir hasilat azalmasa belə, neftin bir qədər ucuzlaşacağını, sonra yenidən 48 dollara qalxacağını bildirib.

40 DOLLARA DÜŞƏ BİLƏR

«COMMERZBANK» razılıq əldə edilməzsə, neftin dəyərinin 40 dollardan artıq olmayacağını yazır. Bank ekspertləri hazırda OPEC ölkələrinin gündə 700 min barrel artıq neft istehsal etdiyini, üstəlik Liviya, Nigeriya kimi ölkələrin hasilatı hər fürsətdə artırmağa çalışdığını vurğulayırlar.

«JBC» Rusiyanın sözlərinə bel bağlamır, bu ölkənin hasilatı onsuz da artırdığını, indi isə bazara töhfə kimi hasilatı yalnız olduğu səviyyədə saxlamağı vəd etdiyini xatırladır.

Norveçin «DNB Markets» bankı təşkilat üzvlərinin reallığı anlayacaqlarına ümidlidir. «İnanırıq ki, kartel üzvləri razılığa gəlmədikləri halda Milada qədər neftin dəyərinin 40 dollara düşəcəyini bilirlər».

«America Merrill Lynch» bankı isə bir qədər nikbindir. «Neftin bir barrelini 50 dollara qaldırmaqdan ötrü OPEC-in hasilatı gündə 1 milyon barel azaltdığını elan etməsi yetər…razılıq olmasa, qiymət 40 dollara düşə bilər», – deyə bank ekspertləri yazırlar.

75% ŞANS

Almaniyanın «ABN AMRO» bankı hasilatın azaldılması şansının 75% olduğunu bildirir: «OPEC hasilatı azaltmağa nail olsa, ya da Rusiya kimi qeyri-üzv iri neft istehsalçılarını yola gətirə bilsə, qiymətlər 55-60 dollara qalxar. Amma məyusluq riski böyükdür. Qiymətlər 41 dollara düşə, 30 dollara yol ala bilər».

OPEC-in nəticələrini şübhə altında qoyan, daha çox, İranın neft hasilatını artırmaq cəhdləridir. İran sanksiyalardan azad olandan sonra ixrac qabiliyyətinin bərpasına, bazardakı payını geri almağa çalışır, üstəlik, onun əvvəlki durumundan yararlanmış Səudiyyə Ərəbistanının hasilatı azaltmasını istəyir.

Müşahidəçilərin fikrincə, OPEC neftin qiymətinə daha əvvəlki kimi təsir edə bilmir. Buna özəlliklə, Birləşmiş Ştatlarda yeni neft və qaz yataqlarının aşkarlanması səbəb olub. Təzə yataqlar ABŞ-ı da dünyanın ən böyük neft ixracatçılarından birinə çevirib.

XS
SM
MD
LG