Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:37

Yazıçı Anar baş prokurora müraciət elədi


Yazıçı, dramaturq Anar, 2015
Yazıçı, dramaturq Anar, 2015

28 mart, 2016-cı il. Yerli media-icmal.

Rusiya Xarici İşlər naziri S. Lavrovun Azərbaycana gözlənilən səfəri, insan haqları və işgəncələrlə bağlı şikayətlər bu gün medianın aparıcı mövzularındandır.

Yazıçı Anar baş prokurora müraciət elədi

«Strateq.az» saytı Yazıçılar Birliyinin sədri Anarın, şair Saday Şəkərlinin həbsi ilə bağlı baş prokuror Zakir Qaralova göndərdiyi müraciəti dərc edib.

Müraciətdə Anar S. Şəkərlini istedadlı şair kimi dəyərləndirir.

Saday Şəkərli, şair
Saday Şəkərli, şair

O, şairin həbsinə də toxunur: «Hazırda S. Şəkərli həbs edilib. Buna çox təəssüf edirik. Əli qələmli, yaradıcı bir insan cəmiyyət üçün faydalı olmalıdır. Lakin S. Şəkərli günahsız olduğunu bildirir. Əlbəttə ki, bu məsələnin araşdırılması hüquq-mühafizə orqanlarının işidir. Bizim sizdən xahişimiz budur ki, S. Şəkərlinin məsələsinə ədalətlə baxılsın, lazımdırsa yenidən araşdırılsın».

Anar müraciətində, bu məsələdə söhbətin geniş oxucu auditoriyasının tanıdığı, hörmət etdiyi bir şairdən getməsini xüsusi qeyd edilir.

Yazıçılar Birliyinin sədri S. Şəkərlinin şəkər xəstəsi olduğuna da diqqət çəkir: «Məhkəməyə qədər onun hospitala yerləşdirilib müalicə olunmasını rica edirik».

Müraciətdə sonda da, S. Şəkərlinin 2015-ci il dekabrın 23-də həbs olunduğu, ona qarşı Cinayət Məcəlləsinin 182.3.2-ci (külli miqdarda pulu hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham irəli sürüldüyü yada salınır.

«Polislər bu adamla əsir kimi davranıblar»

«Azadlıq» qəzeti bu il Novruz bayramı günlərində Sumqayıtda baş vermiş bir bıçaqlanma hadisəsinə görə, bir vətəndaşın günahsız yerə saxlanması və polisdə başına gələnlərdən bəhs edən yazı dərc edib. «Usubov dəhşətli işgəncə faktına niyə susur?» başlıqlı yazıda Rəşad Abbasov adlı həmin şəxsin polis bölməsində işgəncələrə məruz qalması iddia olunur: «Polis idarəsində həmin günahsız vətəndaşa saatlarla işgəncələr verilib. Cinayəti boynuna alması tələb edilib. Sonda məlum olub ki, bu şəxs həqiqətən də günahsızdır».

Karikatura
Karikatura

Məqalədə yazılanlara görə, polis işgəncə məsələsini ört-basdır etməyə çalışıb: «Bu işgəncəni gizlətmək üçün isə polis rəisi vətəndaşı hədələyib, susmasını tələb edib. İşgəncəyə məruz qalan şəxsin danışdıqlarından, bədənindəki xəsarətlərdən də aydın görünür ki, polislər bu adamla əsir kimi davranıblar».

Müəllif daha sonra baş verənlərə görə, bütünlükdə sistemi qınayır: «Bu kimi faktlar göstərir ki, polis sistemində özbaşınalıq, hüquqsuzluq hökm sürür. Faktiki olaraq, polislər bir insanın, bir ailə başçısının həyatına qəsd etməklə məşğul olublar. Belə cinayətlər cəzasız qalmamalıdır».

Məqalədə daha sonra keçmiş Milli Təhlükəsizlik Nazirliyində, 10 il öncə isə elə DİN-də baş verən bir sıra hadisələr yada salınır: «Görünür, MTN-də baş verənlər DİN üçün dərs olmayıb. Amma DİN rəhbərliyi bilməlidir ki, belə işgəncə halları onların aktivinə yazılır. Hacı Məmmədov işindən xeyli müddət ötüb və yenə də iyrənc ənənələr davam etdirilir. Bir cinayətin üstü açılmırsa, bunu günahsız insanın üstünə yıxmaq lazımdır?»

Lavrov Bakıya niyə gəlir?

«Yeni Müsavat» qəzeti Rusiya xarici işlər naziri Sergey Lavrovun Azərbaycana aprel ayında gözlənilən səfəri ilə bağlı yazı dərc edib.

Lavrov Azərbaycanda (arxiv fotosu)
Lavrov Azərbaycanda (arxiv fotosu)

Müəllifin gəldiy nəticəyə görə, bu səfərin xüsusi missiyası var: «İstənilən halda, bu səfər önəminə görə, əvvəlkilərdən kifayət qədər fərlqənəcək. Çünki, nazirin səfəri ərəfəsində regional şərtlər mühüm dəyişkliklərə uğrayıb».

Yazıda qeyd edilir ki, S.Lavrov Bakıya Putinin xüsusi tapşırığı ilə gəlir Səfərdə Rusiya-Azərbaycan münasibətlərindən tutmuş, bir sıra beynəlxalq məsələlərin müzakirəsi gözlənilir.

Müəllifin fikrincə, bu səfərdə Rusiya-Türkiyə münasibətlərinin yoluna qoyulmasında Azərbaycanın vasitəçiliyi məsələsi də gündəliyə gələ bilər.

Yazıda qeyd edilir ki, S, Lavrovun Azərbaycana gəlməsində prezident İlham Əliyevin ABŞ səfərinin də rolu böyükdür.

Müəllif yazır ki, Qarabağ münaqişəsinin həlli istiqamətində ABŞ-ın atdığı addımlar Rusiyanı bir qayda olaraq, qıcıqlandırır.

XS
SM
MD
LG