Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 07:46

'Atama yüksək dozalı iynələr vurub öldürdülər'


Sulutəpə sakini, xəstəxanada ölən Pirməmməd İmanov.
Sulutəpə sakini, xəstəxanada ölən Pirməmməd İmanov.

"Deyirlər, təcili yardım briqadasını döymüşük. Əvvəla, ağ yalandır, həmin anda başımız ölümüzə qarışmışdı, kimisə döymək yadımıza da düşmürdü. Əlbəttə ki, gəlib evin içində xəstəyə bir-birinin ardınca yüksək dozalı iynələr vurub öldürən həkimin dərisini boğazından çıxarmaq lazımdır. Sadəcə, biz ölənin hayındaydıq, o anda həkim döymək yadımıza da düşmürdü. Həkim xəstəni öldürəndən sonra özünü sığortalamaq üçün gedib çıxıb televiziyaya, deyir, ‘xəstənin adamları məni döydü’. Guya bununla məsuliyyətdən yaxa qurtaracaq. Qətiyyən... Mənim xəstə atamı yüksək dozalı iynələr vurub öldürdülər. Buna görə də cavab verəcəklər".

“HƏKİMİ, TİBB BACISINI, SÜRÜCÜNÜ DÖYÜBLƏR”

Bunu AzadlıqRadiosu-na atasının təcili yardım briqadasının vurduğu iynələr nəticəsində öldüyünü iddia edən Sulutəpə sakini Səadət Mirzəyeva deyir.

Buna da bax:​ Bir ailəni küçə həyatı gözləyir

Bakıda təcili yardım briqadasının həkimi, tibb bacısı və sürücüsünün çağırışa getdikləri ünvanda döyülmələri ilə bağlı məlumat yayılıb. Həmin məlumata görə, Binəqədi rayon 17 saylı köməkçi yardım stansiyasının briqadası Sulutəpədə onkoloji xəstə olan 1941-ci il təvəllüdlü Pirməmməd İmanova yardım göstərməyə gediblər. Lakin hər cür cəhd göstərsələr də, xəstə dünyasını dəyişib. Xəstənin qohumları vurulan iynədən sonra onun öldüyünü iddia edərək tibb bacısını, həkimi və sürücünü döyüblər. Nəticədə həkim Rizvan Hacıyev və tibb bacısı Ləman Həsənova hadisə yerinə çağırılan digər təcili yardım maşını ilə xəstəxanaya aparılıb.

Bu faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma başlanılıb.

“DEDİ, İŞİMƏ QARIŞMAYIN, ÖZÜM BİLİRƏM”

Xəstənin ailə üzvləri isə iddia edirlər ki, həkim və tibb bacısı məsuliyyətdən yaxa qurtarmaq üçün onlara böhtan atır. Səadət Mirzəyeva danışır ki, aprelin 24-də onkoloji xəstə olan atasının durumu ağırlaşdığından təcili yardım çağırıblar. Təcili yardım briqadası çağırışdan 1 saat sonra gəlib çıxıb. Həmin müddətdə xəstənin vəziyyəti daha da ağırlaşıb:

Buna da bax: Hərbi hissəyə qayıdandan 3 gün sonra ölüm xəbəri gəlib

"Hamı həkimin döyülməsindən yazır, ancaq heç kəs maraqlanmır ki, bu həkim nə iş tutub? Bu həkim yüksək dozalı iynələr vurmaqla bir xəstənin həyatına son qoyub. Çağırışımızdan 1 saat sonra gəlib çıxdılar. Dedik ki, ‘xəstəni xəstəxanaya götürmək lazımdır’. Həkim dedi, ‘mənim işim iynə vurmaqdır’. Atam uzun müddətdir xəstədir deyə, ona hansı iynədən, hansı dozada vurulduğunu artıq əzbərləmişik. Baxdım ki, yüksək dozada ‘Relanium’ çəkib vurur. Dedim, ‘siz 2 qram çəkdiz, xəstəyə yarım qram vurulmalıdır’. Dedi, ‘işimə qarışmayın, özüm bilirəm’. İynəni vuran kimi atamın əlləri ağappaq oldu, əsməyə başladı. Təzyiqini ölçdülər, sonra da qarnına hanısa iynədən vurdular. Bu dəfə də atamın nəfəsi kəsilməyə başladı, əl-ayağı buza döndü. Tez ağzına hava balonu qoydular, Sonra da 2 qram təzyiqsalan iynə vurdu. Xəstə daha da şoka düşdü. Bu dəfə damarına iynə vurmaq istəyəndə dərman getmədi, həkim tibb bacısına beləcə də dedi: ‘zopla yanına’. Bu iynədən sonra da atamın qarnı əsməyə başladı. Gözləri yığıldı, keçindi. Həkimin üstünə düşdük ki, ‘sən niyə bu qədər yüksək dozalı iynələri xəstəyə vurdun?’ Dedi ki, ‘onsuz da öləcəkdi’".

“BAŞIMA 3 TİKİŞ QOYULUB”

Binəqədi rayon 17 saylı köməkçi yardım stansiyasının həkimi Rizvan Hacıyevlə tibb bacısı Ləman Həsənova isə xəstə öləndən sonra ailə üzvləri tərəfindən döyüldüklərini iddia edirlər.

Buna da bax:​ Bakı sakini: 'Həkimlər infeksiyaya yoluxdurub, ölürəm...'

Rizvan Hacıyev:

"Biz protokol üzrə hansı iynə, dərmanlar lazım idisə, vurduq, xəstəyə yardımlar göstərsək də vəziyyətdən çıxmadı. Vəziyyəti kritik idi, xəstəni müayinə edəndə də başa salmışdım ailəsini. Keçindi, evdə nə qədər adam vardısa, töküldülər üstümə, yumruqla, təpiklə döydülər. Başım zərbələrdən yarılıb, üç tikiş qoyulub".

İndi tərəflər bir-birlərindən polis və prokurorluq orqanlarına şikayət ediblər. Xəstənin ailə üzvləri Binəqədi rayon 40-cı polis bölməsinə və Binəqədi rayon prokurorluğuna, həkimsə polis bölməsinə ərizəylə müraciət edib. Həm prokurorluqda, həm də polisdə şikayətlərin araşdırılması davam edir.

XS
SM
MD
LG