Ombudsman Elmira Süleymanova bu günlərdə Bakı İstintaq Təcridxanasında Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Gözəl Bayramlı və jurnalist Əfqan Muxtarlı ilə görüşüb.
Bu haqda AzadlıqRadiosuna vəkil Elçin Sadıqov məlumat verib. Vəkil hüquqlarını müdafiə etdiyi şəxslərlə sentyabrın 20-də görüşüb.
Vəkilin bildirdiyinə görə, Ombudsman Gözəl Bayramlıya yardım edəcəyini bildirib.
“Ombudsman Gözəl Bayramlıya bildirib ki, onun müalicə almasına köməklik göstərəcək”, vəkil deyib.
Xanım siyasətçi qıç ağrılarından şikayətlənir.
E.Sadıqov Avropa İnsan Hüquqları Məhkəməsinin Gözəl Bayramlı ilə bağlı bu il çıxardığı qərarın (parlament seçkiləri ilə bağlı) qüvvəyə mindiyini, ancaq qərarın icra edilmədiyi, xanım siyasətminin bundan narahat olduğunu bildirib.
“GözəlBayramlı ona ödənilməli olan kompensasiyanı ala bilmir. Bunun üçün kiməsə etibarnamə verməlidir, amma təcridxanada buna əngəl yaradılır. Dəfələrlə müvafiq orqanlara müraciət etsək də, hələlik, hər hansı müsbət nəticəsi olmayıb”.
Həbsdəki jurnalist Əfqan Muxtarlıya gəlincə, vəkili onun səhhətindəki problemlərin, hələ də narahatedici olduğunu bildirib.
“Ombudsman onunla da görüşüb. Əfqan Muxtarlı sağlıq durumundakı, habelə digər problemlər haqda Ombudsmana bilgi verib. Ombudsman ona vəd edib ki, yaxınları ilə görüşməsinə yaradılan maneələrin aradan qaldırılmasına çalışacaq”, vəkil deyib.
Jurnalistin də mədə ağrılarından və şəkər xəstəliyindən əziyyyət çəkdiyi deyilir.
Gözəl Bayramlının etibarnamə verməsinə, Əfqan Muxtarlının isəyaxınları ilə görüşünə maneələrin yaradılması barədə vəkilin açıqlamasına, hələlik, penitensiar xidmətdən münasibət almaqmümkün olmayıb. Əfqan Muxtarlının bu məsələdə məhkəmə çəkişmələri davam edir.
Xatırlatma
AXCP sədrinin müavini Gözəl Bayramlı mayın 25-i axşam saatlarında Gürcüstandan qayıdarkən saxlanıb. Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb. Mayın 26-da Səbail Rayon Məhkəməsində onun barəsində ilkin olaraq üç ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Avqustun 17-də bu müddət daha iki ay uzadılıb.
Rəsmi açıqlamada Gürcüstandan qayıdarkən G.Bayramlının əşyaları arasında bəyan edilməmiş 12 min dollar pul tapıldığı iddia olunur. G.Bayramlı isə məhkəmədə deyib ki, həmin pulu hüquq-mühafizə əməkdaşları özləri onun əşyaları arasına atıblar, onun həbsi siyasi xarakter daşıyır. Gürcüstana isə müalicə məqsədilə gedib. Son iki ildə Gürcüstanda üç dəfə əməliyyat olunub.
Gürcüstandan oturum izni almış jurnalist Əfqan Muxtarlı da bu il mayın 29-u müəmmalı şəkildə Azərbaycanda həbs edilib. Dediyinə görə, Tbilisidə saxlanıb, ona işgəncə verilib, zorla sərhədə gətirilərək Azərbaycan tərəfinə təhvil verilib. Üstəlik, cibinə 10 min avro pul qoyulub.
Bakıdakı rəsmi qurumlarsa onun sərhədi keçərkən Azərbaycan ərazisində saxlanıldığını, bu zaman hüquq-mühafizə əməkdaşlarına müqavimət göstərdiyini bəyan ediblər.
Ə.Muxtarlı hakimiyyət nümayəndəsinə müqavimət göstərməkdə, sərhədi qanunsuz keçməkdə və qaçaqmalçılıqda ittiham olunur.
Əfqan Muxtarlı ilə bağlı Gürcüstanda da tədqiqat aparılır. İş əvvəlcə bu ölkənin Daxili İşlər Nazirliyində olub, sonra prokurorluğa verilib. Gürcüstan baş naziri və daxili işlər naziri Əfqan Muxtarlı olayında yerli hüquq mühafizə orqanlarının iştirakını təkzib ediblər. Bununla belə istintaq yekunlaşana qədər Daxili İşlər Nazirliyi və gömrükdə iki şəxs tutduğu vəzifədən uzaqlaşdırılıb.