Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:16

ABŞ-da şəxsi silahlardan öldürülənlərin sayı müharibədə həlak olanlardan çox olub


Hətta ruhi cəhətdən o qədər sağlam olmayanlar da eyni anda çox sayda adamı öldürə bilən silahlar əldə edə bilirlər
Hətta ruhi cəhətdən o qədər sağlam olmayanlar da eyni anda çox sayda adamı öldürə bilən silahlar əldə edə bilirlər
Yanvarın 8-də ABŞ-da altı nəfərin həlak olması, Konqres üzvü Qabriel Qiffords (Gabrielle Giffords) da daxil olmaqla 10-dan çox adamın yaralanması ilə nəticələnmiş gülləbaran bu ölkədə silah gəzdirmək azadlığının məhdudlaşdırılması yönündə diskussiyaları qızışdırıb. Qanunların sərtləşdirilməsini istəyənlər deyilər ki, indi qaydalara əsasən, hətta ruhi cəhətdən o qədər sağlam olmayanlar da eyni anda çox sayda adamı öldürə bilən silahlar əldə edə bilirlər.

«The Washington Post» qəzeti yanvarın 10-da bu mövzuda çap etdiyi redaksiya məqaləsində yazır ki, ABŞ-da ciddi əsaslar olduqda silah nəzarətinin tətbiq edilməsi Konstitusiyaya zidd deyil. Bu cür nəzarət amerikalıların azadlıqlarını pozmaz və onların özlərini müdafiə etmək imkanlarını zəiflətməz. Prezident də daxil olmaqla, siyasi liderlər də buna razılaşsalar, belə nəzarəti qanuniləşdirmək siyasi cəhətdən də mümkün olardı.

Qəzet yazır ki, yanvarın 8-də Arizonada adamları güllələyən Cared Li Lofner (Jared Lee Loughner) də «Glock 19» yarı-avtomatik tapançadan istifadə edib. O, xüsusi hazırlanmış daraq hesabına bir-iki saniyədə 30 güllə ata bilib. Yeni darağı silaha yerləşdirəndə kənardan ona mane olmasaydılar, faciənin miqyası daha da böyük olardı.

Konresmen Qabriel Qiffords Arzionada güllələndi
Lofnerin istifadə etdiyi daraq vaxtilə ABŞ-da qadağan olunub. Amma 1994-cü ildə qəbul edilmiş «Hücum silahlarının qadağan olunması haqqında» qanunu 10 il sonra – 2004-cü ildə ABŞ Konqresi ləğv etdi.

1994-cü ildə demokratlar aralıq seçkilərində ciddi məğlubiyyətə uğradılar. O zaman bunun əsas səbəblərindən biri kimi onların silahlara nəzarət qanununu müdafiə etmələri göstərilirdi.

O, DƏLİDİRSƏ, BİZƏ NƏ OLUB?


«The Washington Post» yazır ki, prezidentliyə namizəd kimi senator Barak Obama hücum silahlarına qadağa qoyulması məsələsinə yenidən baxılacağına söz vermişdi. Amma prezident Obama namizəd Obamanın bu sahədə vədlərinin icrası istiqamətində demək olar heç bir addım atmayıb:

«Bu silahların qanuni məqsədlər üçün istifadə edildiyini düşünmək çox çətindir. ABŞ-da bu həssas qanunun dəyişdirilməsini istəyən merlər, polis rəhbərləri onun qanlı nəticələri ilə üzləşməli olublar. ABŞ-dan alınmış bu cür silahlarla Meksikada da on minlərlə adam qətlə yetirilib».

ABŞ-da silah dükanı
Qəzet hesab edir ki, bəlkə də Obama bu istiqamətdə addımlar atsa, onun reytinqində dəyişiklik olacaq. Amma bu addımı atmağın çox ciddi əsası var: silah nəzarəti qanununun qəbulu çoxlarının həyatını xilas edə bilər. Bəlkə də bu qanun ağlı yerində olmayanların cinayət törətməyinin qarşısını o qədər də ala bilməz, amma heç olmasa, onun vurduğu ziyanın miqyasını kiçildə bilər.

«The Washington Post» qəzetinin yanvarın 11-də çap olunan sayındakı məqaləsində Riçard Koen (Richard Cohen) bir daha bu məsələni gündəliyə gətirərək yazır ki, Amerikada silahlanma təhlükəli həddə çatıb:

«Hətta 22 yaşında hələ internetin xülyaları başından çıxmayan, qəribə hərəkətlərinə görə məktəbdən çıxarılmış bir gənc də belə silahı asanca əldə edə bilər. O, dəlidirsə, bizə nə olub?»

Müəllif Bredi Kampeyn (Brady Campaign) adlı silah əleyhdarları qrupunun hesablamalarına istinadla yazır ki, 1979-1997-ci illərdə - 18 illik dövrdə ABŞ-da şəxsi silahlarla qətlə yetirilənlərin sayı (651 697 nəfər) 1775-ci ilin müharibəsində həlak olanlardan (650 858 nəfər) daha çox olub.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG