Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 15:14

Neftçilərin çəlləklərdə yaşadığı şəhər


Nyaqan
Nyaqan

Rusiyanın neftlə ən zəngin regionu olan Xantı-Mansi Muxtar Mahalında Nyaqan şəhəri var. Bu şəhəri tikən sakinlərin çoxu, keçmiş və indiki geoloqlar, neftçilər və tikinti işçiləri artıq 30 ildən artıqdır ki, kiçik vaqonlarda və... çəlləklərdə yaşayırlar.

1980-ci illərdə insanlar qazanc dalınca şimala üz tutduqları zaman onları belə müvəqqəti sığınacaqlara yerləşdirirdilər. Ancaq sonucda bu vaqon şəhərciklərində artıq nyaqanlıların üçüncü nəsli yetişir. Hökumət heç cür onları normal evlərə köçürə bilmir.

Nyaqanda bütöv məhəllələr vaqon və çəlləklərdən ibarətdir. Müxtəlif məlumatlara görə, gecəqondu məhəllələrinə oxşayan bu yaşayış yerlərində 1.5 milyondan 10 milyonadək adam yaşayır.

«NYAQAN RUSİYA DEYİL»

Vaqonlar birbaşa yerin üstünə qoyulduğundan, sakinlər döşəmənin soyuqluğundan şikayətlənirlər. Bu evlərə heç vaxt su çəkilməyib. Əraziyə içməli suyu su maşını gətirir. Bundan başqa, vedrə ilə yaxınlıqdakı bulaqdan su daşıyırlar. Əraziyə kanalizasiya xətti də çəkilməyib.

Sakinlər bu evlərdə yaşamağın həm sağlamlıq, həm də həyata təhlükəli olduğunu deyirlər. Döşəmə tərpənir və bir az ehtiyatsız hərəkət edəndə, yerə yıxılmaq olar. Sakinlərin dediyinə görə, uşaqlar tez-tez xəstələnir və çoxlu dərs buraxmalı olurlar.

Evlər o qədər darısqaldır ki, adamlar əşyalarını qoymağa yer tapmadıqlarından onları paketlərdə saxlayırlar. Sakinlər evlərdə siçovulların olmasından da şikayətlənirlər.

30 ildən artıqdır ki, kiçik vaqonlarda yaşayırlar
30 ildən artıqdır ki, kiçik vaqonlarda yaşayırlar

Nyaqanda iqlim çox sərtdir. Qışda temperatur mənfi 50 dərəcəyədək düşə bilər.

«...Yeni dam düzəltmişik, artıq kiflənib. Hər şey çürüyür», – Sergei Tsurkan damını göstərir.

«Məndə belə bir hiss var ki, biz heç Rusiyada yaşamırıq. Elə bilirəm, Nyaqan Rusiya deyil, ayrıca bir ölkədir», – o deyir.

PREZİDENT VƏD VERİB, AMMA...

2017-ci ilin iyununda vaqonların sakinləri bir qədər ümidləniblər. Bir Nyaqan sakini «Canlı xətt»də prezident Vladimir Putin-ə nə vaxt normal evlərə köçürüləcəkləri haqda sual verib. Prezidentsə vaqon-şəhərciklərin problemini tezliklə həll edəcəyini deyib.

««Ev» proqramında buna pul var, o cümlədən 2017-ci il üçün. Biz bu məsələ tam həll olunana qədər ona pul ayıracağıq. Mütləq onu həll edəcəyik», – deyə prezident vəd edib.

Formal olaraq, Nyaqan hökuməti həqiqətən də insanları vaqonlardan mənzillərə köçürməyə və evlərin dəyərinin ödənildiyi haqda sertifikatlar paylamağa başlayıb. Ancaq həmin sertifikatlarda nədənsə 2012-ci ildən sonra bu ailələrdə doğulmuş uşaqların adları yoxdur.

Tatiana Ryazakova 7 yaşından bəri bu vaqonlarda yaşayır. O zaman onun valideynləri Qırğızıstandan Nyaqana tikintidə işləməyə gəliblər. Tatiana vaqon şəhərciyində məktəbə gedib, ərə gedib, iki uşaq dünyaya gətirib, bu yaxınlarda isə nənə olub. İndi hökumət bütün ailəyə sadəcə 2 milyon rubla (34 min 600 dollar) yaxın pul ayırır. Nyaqanda isə bu pula yalnız kiçik birotaqlı mənzil almaq olar.

«Qızım, oğlum, mən və nəvəm onların bizə təklif etdiyi o birotaqlı mənzildə necə yaşayacağıq? Millət nə edəcəyini bilmir», – qadın deyir.

Çəllək
Çəllək

«ÖMRÜMDƏ İNANMAZDIM Kİ...»

Vaqon şəhərciyində yaşayan Viktoria Polonko dəfələrlə yerli administrasiyaya məktub yazaraq, ailəsinə ev verilməsini tələb edib.

«Bizə dedilər ki, sizə ev vermək yerli özünüidarə hökumətinin vəzifəsi deyil», – qadın deyir.

Vaqon şəhərciyinin hərəkət imkanları məhdud sakinləri belə, normal ev ala bilmirlər. Görünür, tikdikləri şəhər qarşısındakı xidmətləri artıq heç bir əhəmiyyət kəsb etmir.

«Ömrümdə inanmazdım ki, Rusiyada yaşayış şəraiti belə olacaq», – həyat yoldaşı əlil olan, buna görə də yeni ev almaq üçün kredit götürə bilməyən Valentina Galikeeva deyir.

«Ölkəmiz bütün hüquqlarımızı pozursa, biz necə onun vətənpərvəri ola bilərik? Bizi dizi üstdə qoyurlar. Mənə elə gəlir ki, onlar bizi ona görə dizüstü çökdürürlər ki, yuxarıda nə işlərlə məşğul olduqlarını görməyək», – T.Ryazakova deyir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG