Keçid linkləri

2017, 24 Sentyabr, bazar, Bakı vaxtı 12:51

Rusiya kinoteatrları çar II Nikolay barədə filmi göstərməkdən qorxur


Vladivostokda kineteatr

Rusiyanın ən böyük kinoteatrlar şəbəkəsi çar II Nikolayın romantik gəncliyindən bəhs edən “Matilda” filminin nümayişıindən imtina edib.

Şəbəkə bu qərarını film və onun rejissoru üzərinə çoxsaylı hücumların ardınca, tamaşaçıların həyatından narahatlığı ilə izah edib.

Cinema Park və Formula Kino kinoteatrlar şəbəkəsinə sahib şirkət bu bəyanatı sentyabrın 12-də verib.

Elə həmin gün Sankt Peterburq şəhərində bu filmə etiraz edən 2 min mühafizəkar fəalın nümayişi keçirilmişdi.

Rusiya pravoslav fəallarının, kazak qruplarının və başqalarının iştirak etdiyi bu yürüşdə etirazçılar Rusiyanın sonuncu çarının portretlərini və “Matilda rus xalqına sillədir” tipli plakatları daşıyırdılar.

Tanınmış rejissor Aleksey Uçitelin bu filmində gələcək çarın hələ vəliəhd olduğu gənclıik illərində balet aktrisası Matilda Kşesinskaya ilə yaşadığı sevgi macərasından bəhs olunur.

Lakin bu film monarxistlərin və Rusiya pravoslav fəallarının qəzəbinə səbəb olub. Onlar deyirlər ki, film Rusiya Pravoslav Kilsəsi tərəfindən 2000-ci ildə ailəsi ilə birlikdə müqəddəsləşdirilmiş Nikolayın xatirəsinə təhqirdir.

Filmlə bağlı narazılıqlara baxmayaraq Rusiyanın Mədəniyyət Nazirliyi iyul ayında filmin nümayişinə icazə vermişdi. Filmin ölkə boyunca premyerası oktyabrın 26-a təyin edilib.

Lakin Uçitel və onun filminə qarşı yönəldiyi düşünülən bir neçə hücumdan sonra Cinema Park/Formula Kino şəbəkəsi müştərilərinin həyatına təhlükə yaratmamaq məqsədilə filmin nümayişindən imtina etdiyini bildirib.

Rejissor Aleksey Uçitel
Rejissor Aleksey Uçitel

Şirkət bildirir ki, bu qərar sırf tamaşaçıların təhlükəsizliyi məsələsi ilə bağlıdır.

Bu şəbəkənin Rusiyanın 28 şəhərindəki 75 kino kompleksində 624 ekranı var.

Şirkətin direktoru Roman Linin bunun çətin qərar olduğunu söyləyib: “Film ətrafında yaranmış situasiya onun kommersiya dəyərini yəqin ki, artırıb, amma müştərilərimizin salamatlığı bizim üçün prioritetdir.”.

Kinoteatrlar şəbəkəsinin bu qərarından əvvəl Uçitelin vəkillərinin çalışdığı ofisin qarşısında iki avtomobil yandırılmış və yaxınlıqda səpələnmiş vərəqələrdə “Matildanı yandırmaq üçün” sözləri yazılmışdı.

Bu, iki həftədən də az müddətdə filmlə bağlı üçüncü zorakı insident idi.

Avqustun 31-də naməlum şəxslər Uçitelin Sankt Peterburqdakı studiyasına yandırıcı butılkalar atmışdılar.

Sentyabrın 4-də filmə etiraz etdiyini bildirən bir nəfər avtomobilini Yekaterinburqdakı kinoteatrın içinə sürmüş və maşını yandırmışdı.

Buna baxmayaraq sentyabrın 11-də filmin Vladivostok şəhərində keçirilən ilkin nümayişi insidentsiz ötüşüb. Lakin Moskvada elə həmin gün keçirilməli olan premyera oktyabrın 25-dək təxirə salınıb.

Bu filmin ən qatı əleyhdarı olan millət vəkili, keçmiş Krım prokuroru Natalya Poklonskaya ötən mart ayında iddia etmişdi ki,çarın bürünc büstündən rahiyəli ətir damcılayır.

1991-ci ildə SSRİ-nin süqutundan sonra dirçələn Rusiya Pravoslav Kilsəsinin ətrafında davakar fəallar təşəkkül tapmağa başlayıb.

Uçitelin vəkili Konstantin Dobrıninin ofisi yaxınlığında yandırılmış maşın
Uçitelin vəkili Konstantin Dobrıninin ofisi yaxınlığında yandırılmış maşın

Bunlara prezident Vladimir Putinin mövqeyi də qol-qanad verib. Prezident bildirib ki, kilsə indiki vaxtda özünün mühafizəkar ənənələri ilə cəmiyyət üçün əxlaq mənbəyidir.

Filmdə bəhs olunan hekayətə gəlincə isə, Nikolay və Kşesinskaya arasındakı eşq macərası 1894-cü ildə başa çatıb. Həmin il Nikolay Almaniya şahzadəsi və gələcək Rusiya çariçası Aleksandra ilə evlənib.

Bu eşq macərası Rusiya tarixində dəqiq sənədləşdirilsə də, kilsə fəalları, Poklonskayanın təbirincə deyilsə, çarın yarıpolyak və əsl-nəcabətsiz birini sevdiyinə inanmadıqlarını söyləyirlər.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG