Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 13:39

Putinlə şəkil çəkdirməyin ‘düşər-düşməzliyi’ ola bilər


İyulun 28-də Tel-Əvivin məşhur “Jabotinskinin evi” adlı binasında İsrailin baş naziri Benjamin Netanyahunu və Rusiya prezidenti Vladimir Putini əks etdirən böyük plakat asılıb.

Baş nazirin şəklinin üstündə həm də “başqa səviyyə” sözləri yazılıb.

AzadlıqRadiosu yazır ki, Netanyahunun eyni silsilədən Trump və Narendra Modi ilə də belə plakatları var.

Hamısının üstündə “başqa səviyyə” sözləri yazılıb. Şərhçilərin fikrincə bu plakatlardan məqsəd İsrail kimi kiçik bir dövlətə rəhbərlik edən Netanyahunun dünyanın nəhəngləri ilə eyni sırada olmasını nümayiş etdirməkdir.

Əslində Netanyahunun Trump-la birgə plakatından Likud partiyası ötən yazda keçirilən Knesset seçkisində istifadə etmişdi.

O seçkidən sonra Netanyahunun Likud partiyası keçmiş müdafiə naziri Avigdor Libermanın “Evimiz İsrail” partiyası ilə koalisiya qura bilməmişdi.

Bunun nəticəsində İsrail tarixində ilk dəfə olaraq iki növbədənkənar seçki təyin olunub.

Putin, Trump və Modinin Tel-Əvivin mərkəzində asılmış plakatları drondan belə görünür:

Putinlə çəkilmiş şəklin plakatı İsraildəki rusdillilərə ünvanlanmasa da, bu plakat məhz rusdillilər arasında hiddət və qəzəbə səbəb olub.

İsrail vətəndaşlarının 1, 5 milyonu rusdillidir. Amma bu icmanın arasında Ukraynadan və keçmiş Sovet İttifaqının başqa respublikalarından gələnlər də var.

İsrail rusdillilərinin əsas partiyası olaraq Libermanın “Evimiz İsrail” partiyası sayılır. Belə görünür ki, Likud bu seçkidə məhz bu partiyaya tərəfdar olanların səslərini ələ keçirməyə çalışır.

Odur ki, Netanyahunun Putinlə birgə plakatı Likud partiyasının əleyhinə də işləyə bilər.

Hərçənd baş nazirin oğlu Yair Netanyahu rusdilli seçicinin qılığına girə bilmək üçün məxsusi olaraq rus dilini öyrənməyə başlayıb:

Lakin xəbər verilir ki, Putinlə qoşa plakatdan sonra internetdə narazılıq ifadə edən çoxlu tvit və postlar yazılıb.

Keçmiş SSRİ-dən çıxmış bir çox israillilər Netanyahunun Ukraynada təcavüz törədən Putinlə yaxınlığını tənqid edirlər.

Tvitlərin arasında Rusiyada Moskva Dumasına seçkilərlə bağlı etiraz edənlərə divan tutulmasından narazılıq ifadə edənləri də var.

Rusdilli israillilər sözü gedən plakatla bağlı etiraz aksiyası keçiriblər. Aksiyanın təşkilatçısı Roman Goldstein deyib ki, o Putinlə Netanyahunun plakatı asılmazdan on saat əvvəl Moskvanın mərkəzində etirazçılara qarşı zor işlədilməsini göstərən süjetə baxırmış.

Bu da bildirilir ki, SSRİ-dən İsrailə köçənlərin arasında yaşlı adamlar da var. Onların bir qismi bu ölkəyə DTK-nın repressiyalarından qaçaraq gəlib.

Goldstein deyir ki, indi bu adamlar üçün baş nazir Netanyahunun DTK zabiti ilə birgə şəklini görmək təhqir kimidir.

Bir sıra şərhçilər bildirirlər ki, İsraildə hər üç rusdilli israillidən biri Libermanın partiyasına səs verir. Bu, seçicilərin 33-34 faizi deməkdir.

Bəzi təhlilçilər deyirlər ki, indi bu rəqəm 40 faizə də çata bilər. Hərçənd İsraildəki rusdilli icma siyasətdə o qədər də fəal deyil.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG