Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:11

120 yaşlı məktəb binasının dam örtüyünü külək qoparıb


Neftçala, Xıllı qəsəbə məktəbinin damını güclü külək qoparıb, 31 mart 2017
Neftçala, Xıllı qəsəbə məktəbinin damını güclü külək qoparıb, 31 mart 2017

Xıllı sakinləri qəsəbədəki məktəbin özüldən sökülməsini və yerində yenisinin tikilməsini istəyirlər.


"Külək dam örtüyünü qaldırıb çırpdı yerə. Xadiməni örtüyün altından dartıb çıxardılar. Həmin vaxt şagirdlər məktəbin həyətində olsaydılar, görün nə faciə baş verərdi. Kim cavab verəcəkdi o uşaqların valideynlərinə?".

Martın 31-də ölkə ərazisində əsən güclü küləyin fəsadları Neftçalanın Xıllı qəsəbəsindən də yan ötməyib. Qəsəbədəki köhnə məktəbin bu yaxınlarda təmir olunmuş dam örtüyü dağılıb. Sakinlərin sözlərinə görə, hadisə gündüz saat 1 radələrində - şagirdlər məktəbi az əvvəl tərk edəndən sonra baş verib. Güllü Atakişiyeva:

“Heç 10 dəqiqə keçməmiş...”

"Məktəb zəngi vurulub, uşaqlar dağılışıb, heç 10 dəqiqə keçməmiş, dam örtüyü dağılaraq məktəbin həyətinə düşüb. Örtük bu yaxınalrda təzələnmişdi. Görünür, keyfiyyətsiz imiş ki, bir küləyə dağılıb".

Neftçala, güclü küləkdən sonra Xıllı qəsəbə məktəbi, 31 mart 2017
Neftçala, güclü küləkdən sonra Xıllı qəsəbə məktəbi, 31 mart 2017

Sakinlər məktəbin maraqlı tarixindən söz açmağı sevirlər. Deyirlər ki, 1898-ci ildə Salyan qəzasının tərkibində olan Xıllı kəndində ilk dəfə bu məktəb - 2 sinifli ibtidai rus-tatar məktəbi açılıb. Burada dərslər rus dilində aparılsa da, həftədə bir dəfə Azərbaycan dilində şəriət dərsləri keçilib. Məktəbdə 40-45 şagird təhsil alırmış. Binası köhnə olduğundan 1916-cı ildə xalqdan yığılan vəsait hesabına onun yerində yeni məktəb binası tikilib. Bir ilə tikilən məktəb anadilli ibtidai təhsil ocağı kimi fəaliyyətə başlayıb. Sonralar şagirdlərin sayı artıb. Sovetlər dönəmində məktəbdə bir neçə dəfə kosmetik təmiraparılıb. Postsovet dövründə bura milli qəhrəman Rafiq Gözəlov adına Xıllı qəsəbə 1 saylı tam orta məktəbi adlanıb. Ancaq təhsil ocağının yalnız adı dəyişib. Özü “nimdaş” qalıb. 2014-cü ildə güclü qar yağması nəticəsində dam örtüyü tam dağılıb. Valideynlərin yuxarı qurumlara müraciətlərindən sonra - ötən ilin yayında məktəbin dam örtüyü təzələnib.

“Hər an uça bilər”

Sakin Bəxtiyar Abbasov: "Ötən il sentyabrın 15-də məktəb yeni dam örtüyü ilə istifadəyə verildi. Ancaq biz tələb etmişdik ki, binanı söküb yenisini tiksinlər. Axı dam örtüyü ilə məsələ bilmir. Bina tam qəzalı vəziyyətdədir. Hər an uça bilər. İçərisinə daxil olanda, adamı vahimə basır. Təəssüf ki, yalnız dam örtüyü təzələndi, onu da dünən (martın 31-də) külək apardı".

Neftçala, Xıllı qəsəbəsində orta məktəb, küləyin uşurduğu dam, 31 mart 2017
Neftçala, Xıllı qəsəbəsində orta məktəb, küləyin uşurduğu dam, 31 mart 2017

Qəsəbə sakinləri övladlarını bu məktəbdən çıxarıb yaxınlıqdakı təzə məktəbə göndərirlər. Şagirdlərin bir qismi də qonşu kənddə tikilmiş başqa bir yeni məktəbə gedir. Bununla belə, köhnə, qəzalı binada hazırda təxminən 400 şagird təhsilini davam etdirir. Sakinlərdən Səlim Hüseynov özünün üç nəvəsinin buqəzalı məktəbə getdiyini bildirir:

“Bilirdik ki, o örtük çox tab gətirməz”

"76 yaşım var. Özüm də o məktəbin məzunu olmuşam. Bu məktəbin tarixi, adət-ənəsi olduğundan, istəmirəm onları başqa məktəbə göndərim. Məktəbin binası əyilib, qəzalı vəziyyətdədir. Bu məktəbi təmir-bərpa yox, söküb özüldən təzədən tikmək lazımdır. Məktəbin örtüyü ona görə uçdu ki, onu çox tez bir zamanda, keyfiyyətsiz düzəltmişdilər. Avqustda işə başladılar, sentyabrın 14-də bitirdilər. Biz bilirdik ki, belə qısa zamanda düzələn örtük çox tab gətirməz. Vaxtında iş icraçılarını da xəbərdar etmişdik. Ancaq qulaqardına vurdular. Bu da nəticəsi. Məktəb örtüksüz qalıb. Yaxşı ki, uşaqların başına düşmədi".

Neftçala Rayon İcra Hakimiyyətindən "Qaynar xətt"ə bildirilib ki, hazırda məktəbin dam örtüyü təmir olunur. Bazar ertəsinədək məktəb yeni örtüklə müəllim və şagirdlərin istifadəsinə veriləcək.

Yeni örtük yox, yeni məktəb istəyirlər

Neftçala rayon icra hakimiyyöətinin internet səhifəsi
Neftçala rayon icra hakimiyyöətinin internet səhifəsi

Xıllı sakinlərinin dərdi təkcə örtük deyil, onlar məktəbin sökülməsini və yerində yenisinin tikilməsini arzulayırlar. İcra hakimiyyəti son illərdə köhnə məktəbin yaxınlığında müasir tələblərə cavab verən iki yeni məktəbin inşa edildiyini deyir və bildirirlər ki, maliyyə imkanları yol verərsə, 120 yaşlı bu məktəb də yenilənəcək.

XS
SM
MD
LG