Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:21

Rus hakerlər NATO əsgərlərinin smartfonlarını 'sındırır'


Litvada NATO hərbçiləri
Litvada NATO hərbçiləri

Rusiya NATO-ya yeni savaş cəbhəsi açıb. Qərb rəsmilərinin açıqlamasına görə, demək olar, bütün müttəfiq ölkələrin əsgərlərinin şəxsi smartfonlarından informasiya qoparmağa çalışıb.

«The Wall Street Journal» qəzeti yazır ki, NATO-ya üzv ölkələrdən zabitlər, hökumət rəsmiləri bu informasiyanı – Rusiyanın əsgərlərin smartfonlarını «sındırmağa» çalışmasını təsdiqləyib. Məqsəd də operativ informasiya əldə etmək, əsgər sayını öyrənmək, əsgərləri qorxutmaq olub.

DRONLAR

Rusiya Müdafiə Nazirliyi məsələni şərh etməyib. Rusiya rəsmiləri ümumiyyətlə, Moskvanın belə hücumlar gerçəkləşdirməsini danırlar.

ABŞ və digər Qərb ölkələri rəsmiləri bu kampaniyanın arxasında Rusiyanın durmasına şübhə etmədiklərini deyiblər. Onların fikrincə, hücumun xarakteri onun dövlət səviyyəsində təşkil olunduğunu göstərir. Axı müşahidə avadanlığıyla təchiz olunmuş təkmil dronlar sıravi adamlar üçün əlçatan deyil.

***Buna da bax-Rusiya hakerlərinin ABŞ kəşfiyyatının məxfi informasiyalarını oğurladığı xəbər verilir

Kampaniya çərçivəsində bu il Polşa və Baltik ölkələrinə göndərilmiş 4 min NATO əsgərinin hədəfə alındığı bildirilir. Həmin hərbçiləri alyansın Rusiyayla Avropa sərhədini qorumağa göndərmişdilər.

Hədəflərdən biri ABŞ ordusunun polkovnik leytenantı Christopher L'Heureux olub. O, iyulda NATO-nun Polşadakı bazasının komandiri postuna keçib. Atıcılıq təlimlərindən qayıdanda şəxsi «iPhone»nun haker hücumuna məruz qaldığını aşkarlayıb. Haker Rusiya IP ünvanından hərbçinin smartfonunun parol qorumasının ikinci qatını qırmağa çalışırmış.

«YERİMİ TAPIRDILAR»

«Kiçik «Apple» xəritəsinin mərkəzində Moskva dururdu. Yazılmışdı ki, «kimsə sizin «iPhone»a girməyə çalışır»», – Rusiyanın böyük hərbi bazasından çox da uzaqda yerləşməyən L'Heureux deyib.

Polkovnik L'Heureux potensial rus işğalının önlənməsi üçün taktiki mövqelər hazırlayır. O, «iPhone» vasitəsilə fiziki izləndiyini də aşkarlayıb.

***Buna da bax-NATO maraqlanır: Rusiya Belarusdan bütün qoşunlarını çıxarıbmı?

«Yerimi müəyyənləşdirirdilər. Elə hey «Lənət şeytana» deyib dururdum», – o söyləyir.

Polkovnikin sözlərinə görə, komandanlığında olan azı altı əsgərin telefonuna və ya «Facebook» səhifəsinə haker hücumu olub. O bu insidentlərin bir mesaj verməsindən şübhələnir – Rusiya kəşfiyyat qüvvələri onları izləyir, parollarını qıra bilər və əsgərlərini qorxutmaq istəyir.

Qərb rəsmiləri texniki təhlükəsizlik tədbirlərini detallı açıqlamayıb, ancaq vurğulayıblar ki, əsgərlərə kiberhücumlar daxil olmaqla, müxtəlif risklərlə bağlı təlim keçilir.

HÜCUMUN MİQYASI

Hərbi kibercasusluq ekspertlərinin fikrincə, dron uçuşları və mobil telefonlardan informasiya toplanması Rusiyanın bir niyyətinə dəlalət edir – Moskva NATO-nun yeni bazalarının səviyyəsinə nəzarət etmək istəyir, bilmək istəyir ki, alyans açıqladığından artıq qüvvə yerləşdiribmi.

Qərbin bəzi müdafiə rəsmiləri bu kampaniyanın hərbi miqyasının böyük olmadığını, əldə edilən informasiyanın da ictimaiyyətə açıq olduğunu vurğulayırlar.

Ancaq yenə də Qərb rəsmiləri «sındırılmış» telefonlarla NATO-nun Rusiyanın hərbi addımına reaksiyasının yavaşıdıla biləcəyini söyləyirlər. Məsələn, bir komandirin mobil telefonundan saxta təlimat göndərilib.

Yanvarda Estoniyanın Rusiyayla sərhədi yaxınlığında xeyli əsgər telefonlarında «qəribə şeylər»in baş verməsindən gileyləniblər. Bu, Tapa hərbi bazasına Fransa və Britaniyadan NATO əsgərlərinin gəlməsindən az öncə baş verib. Araşdırma nəticəsində bəlli olub ki, Rusiya həmin ərazidə telefonlara çıxış əldə etmək üçün daşınan telefon antenasından yararlanıb. Qurğu mobil telefonlardan göndərilən informasiyanı tutub və onlardan bəzi məlumatları silib.

XS
SM
MD
LG