Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 08:41

Türkiyə nümayəndələri ‘Gülenə görə’ NATO tədbirini tərk ediblər


Middle Eastern Forum Konfransı
Middle Eastern Forum Konfransı

Britaniyada çıxan Daily Express yazır ki, bu həftə Türkiyənin nümayəndə heyəti nümayişkəranə bir şəkildə NATO Parlament Assambleyasının konfransını tərk edib.

Middle Eastern Forum (MEF) analitik mərkəzinin təşkilatçılığı ilə Filadelfiyada keçirilən bu konfransda NATO-nun Yaxın Şərq siyasəti müzakirə olunurdu.

Lakin konfransda Türkiyə dissidenti Emre Çelikin görünməsi əsl qalmaqal yaradıb. O Fethullah Gülenin fəal dəstəkçilərindən sayılır.

Məqalədə deyirlir ki, təşkilat komitəsinin qonaqlar siyahısı NATO-nun Brüsseldə mənzillənən Parlament Assambleyası tərəfindən hələ ötən iyunda təsdiqlənmişdi, amma tədbirə bir neçə gün qalmış Ankara konfransda Çelikin iştirakına rəsmi etiraz bildirmişdi.

Tədbirin Türkiyə tərəfindən boykotunu istəməyən NATO PA,MEF rəhbərliyinə bildirmişdi ki, Çelik qonaqlar siyahısından çıxarılmasa, tədbir ümumiyyətlə ləğv olunmalıdır.

Təşkilatçılar bundan qəzəblənsələr də, bu tələbə boyun əymiş, lakin formal olaraq Çelik üçün dəvəti açıq saxlamışdılar. MEF-in prezidenti David Pipes tədbiri açdıqdan sonra sözü Çelikə vermişdi.

Bu vaxt Türkiyə nümayəndələri ayağa qalxmış və Çelikin susmasını tələb etmişdilər. Bunun ardınca türklər konfarnsı tərk ediblər.

Sentyabrın 23-də bu hadisə barədə qəzetə danışan MEF direktoru Gregg Roman deyib ki, “konfrans Amerika demokratiyasının beşiklərindən biri olan Filadelfiyada keçirilirdi və biz Çelikin adını siyahıdan çıxarsaq da dəvəti qüvvədə saxlamışdıq”.

Ekspert bunu da əlavə edib ki, “biz Türkiyənin NATO üzvlüyündən fürsətlənərək Amerika təsisatına iradəsini diqtə etməsini qəbul edə bilməzdik”.

Lakin bu hadisənin ardınca NATO PA-nın britaniyalı vise-prezidenti lord Jopling MEF-i vədini pozmaqda ittiham edib. Yeri gəlmişkən, o da tədbiri türkiyəlilərlə birlikdə tərk edib.

Bununla belə, Roman Daily Express qəzetinə müsahibəsində daha sərt ifadələr işlədib. O deyib ki, “biz diktatora heç nə vəd edə bilməzdik”.

Gregg Roman bunu da deyib ki, NATO Türkiyənin üzvlüyünü dəstəkləməkdə davam etsə də, Ankara demokratiyadan getdikcə daha çox uzaqlaşır.

Ekspert bildirib ki, təkcə təkamül nəzəriyyəsinin Türkiyə məktəblərinin tədris proqramlarından çıxarılması və Erdoğanın Rusiya ilə silah alış-verişi barədə 3 milyard dollarlıq saziş imzalaması onun Qərbdən nə qədər uzaq düşdüyünü göstərir.

Roman əlavə edib ki, “Erdoğan Rusiya və İranın da üzv olduğu Şanxay Əməkdaşlıq Konfransı Təşkilatına üzv olmaq istəyir, Almaniyanın NATO qoşunlarını ölkədən çıxarıb, eyni hərəkəti Britaniya hərbi kontingenti ilə də edə biləcəyini deyib, Rusiyadan silah alır, Amnesty təşkilatının Türkiyə nümayəndəsini həbs edib və sair…”

Türkiyə Emre Çelikin konfransda iştirakına etiraz edib
Türkiyə Emre Çelikin konfransda iştirakına etiraz edib

Middle Eastern Forum (MEF) analitik mərkəzinin direktoru Gregg Roman deyir ki, “Türkiyə 1950-ci ildə NATO-ya üzv olanda onu çoxpartiyalı siyasi sistemə keçməyə məcbur etmişdilər, çünki demokratiya hər bir NATO üzvünün təməl prinsipi olmalıdır”.

Ekspert bunu da bildirib ki, indi isə prezident Erdoğanın demokratik prinsipləri getdikcə artan bir şəkildə pozması təkcə onun öz vətəndaşlarını yox, həm də NATO müttəfiqlərini incidir.

Romanın dediyinə görə, Erdoğan özünün siyasi təmizləməsi ilə o qədər uzağa gedib ki, indi Türkiyə həbsxanalarında Çin həbsxanalarında olduğundan daha çox jurnalist var.

O əlavə edir ki, Türkiyədə antiterror rəsmilərinin sayı az qala İŞİD üzvlərinin sayını ötüb.

MEF direktoru bildirib ki, “mənim fikrimcə bütün bunlardan sonra Türkiyə alyansdan çıxarılmalıdır, amma belə xaricetmənin heç mexanizmi də yoxdur”.

NATO Parlament Assambleyası alyansın qanunverici qolu sayılır.

Sentyabrın 22-də NATO PA-nın baş katibi David Hobbs deyib ki, “biz Türkiyədə baş verənlərə diqqətlə göz qoyuruq, lakin bu ölkədə fəaliyyət göstərən parlament və müxalifət olduqca, Türkiyə “demokratik ölkə” sayılır”.

NATO Parlament Assambleyasının baş katibi David Hobbs
NATO Parlament Assambleyasının baş katibi David Hobbs

O həmçinin bildirib ki, sentyabrın 20-də baş vermiş insidentə görə qismən də NATO PA məsuliyyət daşıyır, çünki cənab Çeliklə Gülen arasındakı əlaqədən dərhal xəbər tutmayıb.

Hobbs-un dediyinə görə, “Türkiyənin nöqteyi-nəzərindən bu ona bənzəyir ki, sanki İrlandiya Respublika Ordusu (IRA) təşkilatının üzvləri Britaniya siyasətçiləri ilə eyni platformaya dəvət ediliblər.

O deyib ki, MEF Çelikin danışmayacağını vəd etsə də, bu vədi pozub.

Lakin Roman bu bənzətməni rədd edib və deyib ki, IRA etdiyini boynuna alırdı, halbuki Gülen çevriliş cəhdi ilə heç bir əlaqəsinin olmadığını deyir.

Britaniyanın özünə gəldikdə isə sentyabrın 22-də ölkə parlamenti Xarici Əlaqələr Komitəsinin keçmiş rəhbəri, millət vəkili Crispin Blunt hökuməti Türkiyəni, özünün insan haqları pozuntuları olan ölkələr siyahısına salmamasını tənqid edib.

Millət vəkili deyib ki, Türkiyə insan haqları pozuntularının zirvəsinə çatıb, amma rəsmi London ona təsir imkanlarından istifadə etmir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG