Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:58

NASA alimi 8 aydır həbsdədir – Türkiyədə


Serkan Gölge
Serkan Gölge

NASA alimi Serkan Gölge 8 aydır Türkiyədə həbsdədir. Ötən yay Türkiyədəki çevriliş cəhdindən sonra yüz minlərlə adam həbsə atılıb. ABŞ vətəndaşı olan Serkan da onlardan biridir. Onun barəsində «The New York Times» qəzetində Laura Bohn və Tuğba Tekerek yazırlar.

Serkan-ın həbsinə 1 dollar səbəb olub. O, tezliklə məhkəmə qarşısına çıxarılacaq və «silahlı terrorçu qruplaşma»nın üzvü olduğu təsdiqlənərsə, 15 ilədək həbs cəzası ala bilər. Müəlliflər Serkan-ın işinə yerli və beynəlxalq mətbuatın az diqqət ayırdığını yazırlar.

İyul hadisələrindən səkkiz gün sonra Serkan həyat yoldaşı və iki oğluyla birlikdə Türkiyənin cənubundakı doğma Antakya şəhərindən Texasa yola düşməliydi. Onlar bir aylıq məzuniyyətə gəlmişdilər. Elə qohum-əqrəbayla sağollaşmaq üzrəydilər ki, mülkigeyimli iki polis gəlir və həyatları alt-üst olur.

QARDAŞININ OTAĞINDAN 1 DOLLARLIQ ƏSGİNAZ TAPIBLAR

Polis bildirir ki, onlara Serkan-ın C.I.A. (Mərkəzi Kəşfiyyat İdarəsi) agenti və çevriliş cəhdinin arxasında durduğu iddia olunan təşkilatın üzvü olmasına dair informasiya gəlib.

«Həmin məqamı təsvir etməyə söz tapmıram. Elə bil, bir filmdə idik», – Serkan-ın arvadı Kübra deyir.

37 yaşlı Serkan son 3 ildə ABŞ-ın Milli Aviasiya və Kosmik Tədqiqatlar Agentliyində –NASA-da baş tədqiqatçı alim kimi çalışırmış. O, Beynəlxalq Kosmik Stansiyadakı əməkdaşlara kosmik radiasiyanın təsirlərini öyrənirmiş. 2003-cü ildə Birləşmiş Ştatlara gedib və 2010-cu ildə ABŞ vətəndaşlığı alıb.

«Bu adam ağcaqanadları qutuya yığır və onları həyətə buraxırdı. Ona bu mərhəmət hissinə görə vurulmuşdum», – Kübra belə deyir.

Polislər ilkin axtarışda heç nə tapmayıblar. Amma Serkan-ı saxlayandan sonra onun valideynlərinin evinə gedib qardaşının otağında axtarış aparıblar. Onun şkafındakı xatirə qutusunun içindən 1 dollarlıq əsginaz tapıblar və bunu iş üçün əsaslı dəlil sayıblar.

1 dollar
1 dollar

12 MİLYARDLIQ 1 DOLLAR

Türkiyəli istintaqçılar bildirirlər ki, ABŞ-da yaşayan, çevriliş cəhdinin arxasında duran ruhani Fethullah Gülen sadiq tərəfdarlarına 1 dollarlıq banknotlar verir. Bu 1 dollarlıqlar indi Türkiyədə terror təşkilatına üzvlüyün sübut-dəlilinə çevrilib. Müəlliflər dünyada 12 milyardlıq 1 dollarlıq banknotun olduğunu yazırlar.

«1 Amerika dollarıyla bu təşkilat bu ölkənin uşaqlarını bədheybətə çevirib», – Türkiyənin baş naziri Binali Yıldırım ötən ilin avqustundakı çıxışında deyirdi.

F.Gülen özünə qarşı ittihamları rədd edir.

Serkan-ın işində üzə çıxan digər detallar onun təhsiliylə bağlıdır. O, Gülen-ə bağlı test hazırlığı mərkəzinə gedib, daha sonra İstanbulda, yenə Gülen-ə bağlı Fatih Universitetini bitirib. Amma Türkiyə dövləti orada oxumağa ona təqaüd veribmiş.

Ailəsi deyir ki, Serkan həbsdə cəmi bir saat gün işığı görür. Gününü ibadətlə və təsbeh çevirməklə keçirir. Həbsdə 10 kilodan artıq çəki itirib.

DEPARTAMENT NARAHATDIR

İndi ailənin bütün yükü həyat yoldaşı Kübra-nın çiyinlərindədir. Hyustondakı evlərinin ipotekasını ödəyir. 6 yaşlı oğlu Mustafa öz məktəbinə qayıtmağı, müəlliməsini görməyi arzulayır. Elə Serkan-ın saxlandığı həbsxananın yaxınlığında yaşayır, həftədə bir dəfə, 45 dəqiqəlik ziyarətinə gedirlər. Ola bilsin, Kübra-nın ölkədən çıxışı da yasaqlanıb. Amma Türkiyədən getməyə cəhd etməyincə, bunu bilməyəcək.

ABŞ Dövlət Departamentinin rəsmisi bildirib ki, Serkan Gölge adlı ABŞ vətəndaşının Türkiyədə həbsini təsdiqləyirlər, bundan narahatdırlar və bu məsələni Türkiyə hakimiyyəti qarşısında qaldırıblar.

NASA bu məsələylə bağlı şərh verməyib.

Serkan-ın işi üzrə ilk dinləmə aprelin 17-də keçiriləcək. O zaman onun həbsindən 9 ay keçmiş olacaq. Aprelin 16-da isə prezident Erdoğan-ın səlahiyyətlərini artıran konstitusiya dəyişiklikləri ilə bağlı referendum keçiriləcək.

XS
SM
MD
LG