Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 08:51

Qarla xilas olan narkoman


- "Film psixoloji olaraq, mənə çox kömək oldu. Fikirləşdim ki, əl-ayağı olmayan bir adam bacarırsa, mən niyə bacarmayım?!"

Günel Mövlud keçmiş narkotik istifadəçisindən müsahibə alıb

10 il heroin asılısı olan gəncin hekayəti

Mən onu çoxdan, demək olar ki, 5 ildən artıqdır tanıyıram. Müxtəlif məclislərdə olmuşuq, xeyli söhbət etmişik.

Söhbətərindən hmişə görmüşəm ki, ağıllı, savadlı, xeyli də məlumatlı adamdır. Yaxşı ədəbi zövqü var, kino barədə söhbətləri isə mənə olduqca maraqlı idi, çünki dünya kinosundan təəccüblü dərəcədə məlumatlıydı.

Dostlaşmağımız birdən-birə olmayıb. Onu tanıyandan xeyli sonra bilmişəm utandığı keçmişi barədə. Və çox təəccüblənmişəm.

Axı indi onun gözəl ailəsi, iki gözəl qızı, çox sevdiyi və qayğısına qaldığı atası, ciddi yanaşdığı işi var. Amma deyilənə görə, cəmi 6-7 il əvvəl heroindən asılı vəziyyətdə imiş, narkotiksiz bir günü belə olmurmuş.

Necə olub ki, o, sağalıb, o faciəvi hıyatdan canını qurtara bilib, normal, sağlam həyata qayıdıb?

Uzun müddət ondan bu barədə nəsə soruşmağa cəsarət etməmişəm. Yalnız özü söhbət salandan, özü xeyli şeylər etiraf edəndən sonra açıq söhbət etmişik. Sonuncu dəfə ona müsahibə üçün müraciət elədim. Razılaşdı.

Amma kimliyini bəlli etmək istəmədi. Onu çox adam tanıyır. Elə bu yazını oxuyanlar arasında onu tanıyanlar kifayət qədər olacaq. Özü isə çox utanır keçmişindən.

Bu barədə danışmağa razı oldu. Razılaşdı ki, indi bu yolda olan gənclərin çoxu bilməlidir, belə həyatdan xilas olmaq da mümkündür. Qarşımızda ən azı qəhrəmanımızın təcrübəsi var.

- Nazim, (ad şərtidir) ilk dəfə narkotiklə tanışlığınız nə zaman başladı? Neçə yaşınz vardı, hansı şəraitdə, kimdə gördünüz?

- İlk dəfə dəqiq yadımda deyil. Hardasa 7-8-ci sinifdə oxuyanda idi, sinif yoldaşım gətirmişdi. Yüngül narkotik idi. 3 nəfər idik.

O yadımdadı ki, dəhşətli dərəcədə çox gülürdük. Bütün sinif yoldaşlarımız çaşıb qalmışdılar. Soruşurdular, nə olub sizə? Bizsə ancaq gülürdük.

Sonra o biri uşaqlara da dedik, bir nəfərdən başqa, hamısı dadına baxdı. Çox şagird deyildik, cəmi yeddi nəfər.

O yeddi nəfərdən ikisi sonra “peredozirovka”dan öldü, mən və başqa bir sinif yoldaşım həbs olunduq, bir nəfərimiz də dəli oldu.

Amma bunlar sonra baş verdi. Biz yüngül narkotikdən ağır, kimyəvi maddələrə keçəndən sonra...

- Ailənizin bundan xəbəri var idi? Sizi çəkindirmək üçün hansı yollara əl atırdılar?

- Əlbəttə, əvvəl-əvvəl heç kimin xəbəri yox idi. Amma sonra anam başa düşdü. Onu heç vaxt aldada bilmirdim. Heç kim başa düşməsə də, o, həmin dəqiqə bilirdi. Hiss edirdi hər şeyi.

Sonra atam da bildi. Sonra qohumlar oyrəndi. Mənə bitmiş, “konçennıy” adam kimi baxırdılar.

Əslində, düz edirdilər. Çünki o vaxtlar düşünürdüm ki, dünya dağılsa da, bunu tərgidən deyiləm.

Qohum-əqrəba nə deyir desin, heç vecimə də deyildi. Özü də elə olurdu ki, mən narkotiki tapmayanda da narkotik məni tapırdı.

İlk dəfə

- İlk dəfə heroini necə qəbul elədiniz? Hansı hissləri yaşadınız? Niyə heroin bu qədər asılılıq yaradır?

- Hə, yadımdadı. Dostum vardı. Biliridm ki, heroin vurur damara. Bir dəfə onlara getmişdim. Həyat yoldaşı dəstgahı hazırlayıb gətirdi.

Elə mənim və yoldaşının yanında hazırlayıb vurdu damara. Sonra mənə də təklif elədi. Bilmirəm, maraqdan, ya sərt hisslər yaşamaq istədiyimdən, ya nədən, amma razı oldum.

Yoldaşına tapşırdı ki, bir dəstgah da mənə gətirsin. Yoldaşı mənə də gətirdi eyni şeyləri. Koməkləşib, vurduq damarıma.

Bilmirəm, o hissləri necə təsvir edim. Konkret bunu deyə bilərəm ki, maye damarıma yeriyəndən bir müddət sonra özümü kral kimi hiss edirdim.

Mənə elə gəlirdi ki, səltənətim, qullarım, rəqqasələrim, sonsuz var-dövlətim var. Elə bilirdim ki, hər şeyə qadirəm.

Dostumun arvadı mətbəxdən çay gətirdi. Həmin an o mənim gözümə qadın kimi deyil, qanadları olan, dümağ geyinmiş mələk kimi görünürdü.

Mənə elə gəldi ki, o, otağa uçaraq girdi. Dostum mənə baxdı və hansı hissləri yaşadığımı başa düşdü.

Gülüb dedi ki, o, mələk-zad deyil, sənə elə görünür. Həmin gecədən sonra bir daha heroin istədim. Amma bu, fiziki istək deyildi, yəni onu istəyən orqanizmim deyildi, beynim idi.

Mən o hissi yenə yaşaaq istəyirdim. İkinci dəfə istifadə edəndə özümü kral kimi hiss eləmədim.

Bir pillə aşağı, vəzir-zad kimi hiss elədim. Amma mən kral olmaq istıyidim. Buna görə bir daha dadına baxdım.

Üçüncü dəfə özümü vəzir kimi də hiss eləmədim, daha aşağı vəzifəli bir əyan kimi hiss elədim.

Hər dəfə istifadə etdikcə, mən “bir rütbə” aşağı düşürdüm. Amma həmişə o möhtəşəm hissi, krallıq hissini axtarırdım.

Məncə, bütün narkomanlarda da birinci mərhələ belə olur. Onlar o möhtəşəm hissi bir daha yaşamaq istəyir, o hissi axtarırlar.

- Yəqin ki, belə meylləri olanların ayrıca dəstələri, ziyafətləri, məclisləri olur? Bu barədə nə danışa bilərsiniz?

- Hə, narkomanların başqa dünyaları olur. On il bu yolda çox “kruq”larda olmuşam. “Kruq” asılılığı daha da dərinləşdirir.

Vaxtında uzaqlaşa bilməsən, mütləq gedib çıxırsan cinayətə. Bu yola düşmüsənsə və milyonçu deyilsənsə, mütləq cinayət edəcəksən.

Əvvəl, ya axır. Evdən başlayan oğurluq sonralar daha da ağır cinayətə aparır. Çünki “kruq”da hamı ortaya nəsə qoymalıdır.

Pul olmayanda da məcbur olursan, hardansa tapıb gətirəsən. Narkomanların çoxu işləmədiyinə gorə, oğurluğa əl atmalı olur.

- Narkotikdən asılılıqla bağlı müxtəlif miflər gəzir. Bu, necə asılılıqdır? Fizikidir, yoxsa psixoloji? Adam nə hiss edir? Adama əzab verən nə olur?

- Əvvəl heç bir bağlanma olmur. Sonralar fiziki asılılıq başlayır. Daha sonra da psixoloji bağlılıq. Heç bilmirəm, hansı daha ağrılıdır. Məncə, psixoloji olaraq, daha cox sınır insan.

- Zamanla dozanın artma tələbi barədə deyilənlər doğrudurmu?

- Hə, dəqiqdi. Bayaq təsvir elədim, eyni doza heç vaxt eyni hissi, eyni effekti vermir.

Hər dəfə məcbur olursan o hissi yaşamaq, o effekti almaq üçün dozanı artırasan.

Doza da artdıqca tərgitmək çətinləşir, pul daha çox lazım olur, ağrılar artır. Dözülməz həddə gəlib çıxır hər şey. Ancaq bu barədə, doza tapmaq barədə düşünürsən. Həyatın ancaq bündan ibarət olur.

Son dəfə

- Necə oldu ki, bu həyatı bitirmək qərarına gəldiniz? Nədən başladı bu? Mənə o vaxt danışmışdınız ki, bir həftəlik qar yağıb və o zaman başlayıb yeni həyatınız...

- Bir az uzun söhbətdir. Atamla mübahisə edib, evdən çıxmışdım. Həyatdan bezmişdim, bütün tanışlardan qaçırdım, hətta narkoman dostlardan, qızlardan da.

Görmək istəmirdim heç kimi. Yol buz idi, maşınla idim, hara gedəcəyimi də bilmirdim. Fikirləşdim ki, ən yaxşısı ölməkdi.

Əlimi sükandan çəkdim. Maşın 3-4 dəfə fırlanıb, yol kənarına yığılmış qara çırpıldı. Maşına da, mənə də heç nə olmadı.

Amma yolnan gedın maşınlar elə bildilər, mən əzik-üzük olmuşam. Nəsə, uzun sözün qısası, özümü öldürməyim də alınmadı.

Zəng elədim bircə nəfər əlaqə saxladiğım dostuma. Dedim, “ağ” götür, gəl. O da gəldi, elə maşındaca həll elədik, vurduq damara.

Sonra dedik ki, belə yaşamağın adı yoxdu, pul tapaq, gedək Rusiyaya, burda ailəmizin gözü qabağında ölməyək.

Sonra dostum mənə bir gün bəs edəcək qədər heroin verdi. Dedi ki, Bakıda 1-2 gün qar olacaq, bununla yola ver, sonra tapıb getirərəm.

Bir gün keçdi, “ağ” qutardı, amma qar kəsmirdi. Heç yana getmək mümkün deyildi. Yavaş-yavaş ağrılarım başlayırdı. İki gündən sonra artıq düzulməz idi.

Səhərlər bir az yaxşı olurdum. Amma gecələr ölürdüm ağrıdan. İş o yerə çatmışdı ki, istifadə elədiyim iynələrə su doldurub vururdum ki, bəlkə nəsə ola.

Amma ağrılar artırdı. İki gün idi yataqdan qalxa bilmirdim. Beş gun belə keçdi. Televizora baxmaq istədim.

Bir film gedirdi. Cavan oğlan müharibədə əl-ayağın itirmişdi, amma təslim olmurdu. Mübarizə apardı, axırda özünə uyğun həyat qura bildi.

Film psixoloji olaraq, mənə çox kömək oldu. Fikirləşdim ki, əl-ayağı olmayan bir adam bacarırsa, mən niyə bacarmayım?

Beş gun keçmişdi artıq. Durdum ayağa, özümə bir çay süzdüm. Bu, dəhşət idi! Çayın nə gözəl dadı varmış! Sən demə, axır vaxtlar mən sadə dadları hiss etmirəmmiş, bütün hiss orqanlarım keyiyibmiş.

O gündən sonra nə yeyib, nə içirdimsə, mənə elə gəlirdi bütün dadlarla ilk dəfədir tanış oluram. Ağrılar davam edirdi.

Hiss edəndə ki, bacarmıram, yuxu dərmanı atıb, giridim yatağa. Gecə yarısı oyanırdım, o dəhşətli ağrılar yenə başlayırdı.

Bir gecə ağlıma gəldi ki, köhnədən maşında nsə gizlətmişəm, durum onu tapım. Çıxdım həyətə, maşının üstündə bir metr qar vardı.

Yalın əllə tələsə-tələsə qarı təmizləməyə başladım. Amma maşının qapısını açanda gördüm ki, zəiflik göstərib minib harasa getməyim deyə, bütün içini, oturacaqları, sükanı hər şeyi çıxartmışam. Əlbəttə ki, maşında heç nə yox idi.

- Sonra nə oldu?

- Qar bir az kəsdi. Dostum zəng elədi ki, neynirsən? Yəqin nəsə tapmısan. Yoxsa bu qədər dözə bilməzdin.

Dedim, heç nə yoxumdu, sadəcə dözmüşəm. İnanmadı, dedi, yalan demə, mən hələ bunu tərgidən adam görməmişəm. Doğrudan, mən də elə bilirdim ki, bunu tərgitmək mümkün deyil.

- Yəqin ki, hər şey belə tez bitmir, sonra da ağrılar, meyllər davam edirdi?

- Narkotiksiz bir həftə keçəndən sonra düşdüm həyətə. Siqaret almaq istədim. Baxdım ki, həyətdə “palatka” qurublar, toy axşamı idi.

Girdim “palatka”ya, gördüm araq içirlər. Mənə də süzdülər, vurdum, gördüm bir-iki qədəhdən sonra özümü yaxşı hiss edirəm. Düz bir il araqla müalicə olundum.

Ağrılarım azalsın deyə, araq içirdim. Amma hər gecə yenə də bərk ağrıyırdım. Amma dözdüm. Həyat mənə bir şans da verdi. Mən də ondan istifadə elədim.

Valideynlərimə çox minnətdaram. Axıra qədər mənə dəstək oldular. Valideyn, doğmaların dəstəyi belə vaxtlarda çox vacibdir.

Bəzən valideynlər narkoman övladdan imtina edirlər. Ona kömək eləmək istəmirlər, ondan utanırlar. Bununla da onu daha çox depressiyaya düşməyə, daha çox narkotik asılısı olmağa vadar edirlər.

Tərgitmək çətindir, amma o həyatı yaşamaq daha çətindir

- Ümumiyyətlə, bu yola düşən gənci nələr gözləyir?

- Bu yolun bir axırı var: doğmalara zülüm və ağrılı, rüsvayçı, urvatsız ölüm.

- İndi normal, xoşbəxt ailəniz, övladlarınız var. Ailəniz həmin həyatınızdan xəbardardırmı?

- Hə, var, bunu gizlətməyin mənası yoxdur. O da sağ olsun, anlaqlı qarşıladı, ondan sonra da heç vaxt bu söhbətə qayıtmayıb.

- Yəqin ki, hərdən yadınıza düşür, sizə əzab verir o günlər. Nə hiss edirsiniz?

- Sözün düzü, çox az yadıma düşür, əsasən yuxuma girir, amma həmişə zamanında ayılıram. Yəni yuxuda da toxunmuram o zəhrimara.

- Minlərlə gənc var ki, bu yoldadırlar. Onların çoxu yeni həyata başlamaq istəsə də, düşünürlər ki, bu mümkün deyil. Siz bunu necə bacardınız? Onlara nə məsləhət görürsünüz?

- Tərgitmək çətindir, amma o həyatı yaşamaq daha çətindir. Birinci məsləhət odur ki, heç nəyə baxmayaraq, narkoman kruqlardan uzaqlaşsınlar.

Onlara kömək edəcək adamlara müraciət etsinlər. Doğrudan da bu məsələdə dəstəyin rolu böyükdür. Həkimə müraciət eləsinlər, xeyli ağrıkəsicilər var ki, onlara kömək edə bilər.

İstəsələr, dinə də üz tuta bilərlər, belə vaxtlarda inamın böyük rolu var. Telefonu söndürsünlər, bütün əlaqələri kəssinlər, yoxsa mümkün olmayacaq.

Birdən-birə çox çətin olur, birinci dozaların azaltsınlar, onda ağrılar, sınmalar zəif olur. Bir də mütləq inanmalıdılar ki, bunu tərgitmək mümkündür.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG