Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 10:33

Keçmiş baş həkim: 'Oradan inzibati bina kimi istifadə edirdik' [yenilənib]


Narkodispanserin yanan korpusu
Narkodispanserin yanan korpusu

«Mən baş həkim olanda həmin taxta konstruksiyalı binada xəstə saxlamırdım, oradan inzibati bina kimi istifadə etmişik. Orda arxiv yerləşib, mühasibatlıq olub. Diqqətsizlik, ehtiyatsızlıq olub. Köhnə binalardır. 1990-cı illərdə quraşdırılıb. Sonradan kim necə istifadə edib, deyə bilmərəm, mənlik deyil».

Martın 2-də yanğın baş verən Respublika Narkoloji Mərkəzinin keçmiş baş həkimi, professor Araz Əliquliyev AzadlıqRadiosuna belə deyir.

«Bəlkə xəstə çox olub, bəlkə başqa səbəb var deyə, ora xəstə yerləşdirilib, deyə bilmərəm. Ölkə rəhbərliyi ordadırsa, hüquqi qiyməti veriləcək. Bu hadisəyə görə günahkarlar cəzasını almalıdır», – Əliquliyev əlavə edir.

Narkoloji Dispanserdə yanğın görüntüləri
Gözlə

No media source currently available

0:00 0:01:25 0:00

Professor hadisə haqda danışmağa çətinlik çəkir: «O qədər insanın ölümü böyük itkidir. Ölkə rəhbərliyinin ora gəlməsi də bunun nə qədər böyük bədbəxtlik olmasının sübutudur. İnsanlar xəstələrini gətiriblər ora müalicə etməyə, nəticə də belə... Sözsüz ki, istintaq orqanları taxta binada xəstələrin yerləşdirilməsi ilə bağlı öz sözünü deyəcək, qiymətini verəcək».

Martın 2-də səhər saatlarında Respublika Narkoloji Mərkəzində yanğın baş verib. Rəsmi məlumatda 25 nəfərin öldüyü bildirilir.

Prezident İlham Əliyev hadisə yerinə gedib. O, hadisənin araşdırılması məqsədilə bəzi tapşırıqlar verib. Cinayət işi başlanıb.

Adil Qeybulla
Adil Qeybulla

«Bu nəticə nəzərə alınmalı idi»

Professor Adil Qeybulla deyir ki, indi xəstəxanaların bir çoxunun təmir edildiyi, maddi-texniki bazasının möhkəmləndirildiyi barədə açıqlamalar verilir: «Neft ölkəsində bu cür korpusların, xəstəxanaların qalması onu göstərir ki, bu məsələlərə ciddi yanaşılmayıb. Bu da öz ağır nəticəsini göstərdi. Kütləvi insan olan yerdə, məsələn, xəstəxanada, məktəblərdə taxta konstruksiyalardan istifadəsi yolverilməzdir. Bu nəticə əvvəlcədən nəzərə alınmalı idi».

Hadisədən az sonra Səhiyyə Nazirliyi bildirib ki, Respublika Narkoloji Mərkəzinin yeni binası yaxın zamanlarda istifadəyə verilməlidir. Yeni binanın Sabunçu rayonunda yerləşəcəyi, 4 korpusdan və 300 çarpayıdan ibarət olacağı qeyd olunur.

Xəstə yaxınlarına məlumat verilmir

Yanğın səhər saatlarında baş versə də, pasiyentlərin yaxınları günorta saatlarında belə doğmalarının öldüsü, ya qaldısı haqda dəqiq məlumat əldə edə bilmirlər. Onlardan biri Qənirə İsmayılova AzadlıqRadiosuna danışır ki, oğlu içəridədir, onun ikinci korpusda olduğu, yanğının isə birinci korpusda baş verdiyi deyilir. Ana oğlu haqda başqa məlumat ala bilmir.

Polis yanğın olan əraziya heç kimi buraxmır
Gözlə

No media source currently available

0:00 0:01:10 0:00

Gülçiçək Sultanova da əri haqqında saatlardır hər hansı məlumat ala bilmədiyini söyləyir. Hadisəni o, mərkəzə ərinə bağlama gətirərkən öyrənib.

Bəzi xəstə yaxınları isə AzadlıqRadiosunun əməkdaşına saatlardır bir ünvandan başqa ünvana göndərildiklərini, ancaq məlumat əldə edə bilmədiklərini deyirlər.

Bəs bu durumda necə olmalıdır? Xəstə yaxınları nə qədər vaxtda məlumatlandırılmalıdır?

Respublika Narkoloji Dispanserinin rəhbərliyi ilə əlaqə saxlamaq mümkünsüzdür. Mərkəzin telefonları cavab vermir. Yalnız bir nömrə cavab verir. Rusdilli xanım rəhbərliyin «çöldə» olduğunu bildirir, hadisə haqqında isə məlumat verə bilməyəcəyini söyləyir.

Tibb elmləri doktoru, professor A.Qeybulla deyir ki, hər bir səhiyyə müəssisəsində pasiyentlə bağlı xəstəlik tarixçəsi olur, onunla bağlı qeydlər aparılır. Hadisə yerində ölənlər və evakuasiya edilənlər barədə qeydlər edildiyini vurğulayır.

«Bununla bağlı xəstə yaxınlarına mütləq məlumat verilməlidir», – professor deyir.

O bu durumda xəstə yaxınlarının intizarda saxlanılmasının doğru olmadığını söyləyir və əlavə edir ki, həmin şəxslərə qayğıyla yanaşılmalı, hətta psixoloji yardım göstərilməlidir: «İstənilən halda məlumat verilməlidir. Bu, ciddi durumdur».

Professor mətbuata verilən məlumatın isə tam olmadığını düşünür: «Mətbuata verilən məlumat isə yalnız statistika məlumatıdır, zərərçəkmişlərin sayından başqa məlumat verilmir».

Deputat: ‘Həqiqətən də o, inzibati bina olubsa...’

Necə olur ki, inzibati məqsədlər üçün nəzərdə tutulan bina xəstələrin müalicə aldığı korpusa çevrilib? Bu suala nə adıçəkilən Mərkəzdən, nə də Səhiyyə Nazirliyindən cavab almaq mümkün oldu. Nazirliyin mətbuat xidmətinin rəhbəri Liya Bayramova deyir ki, bu məsələdən xəbərsizdir. O, Narkoloji Mərkəzin rəhbəri ilə əlaqə saxlamağı məsləhət görsə də, Telman Məmmədhəsənovun telefonu söndürülüb.

Deputat Zahid Oruc martın 2-dəki yanğınla bağlı sosial şəbəkədə və mediada səslənən versiyalarla bağlı AzadlıqRadiosu-nun suallarını cavablandırıb.

Zahid Oruc
Zahid Oruc

– Gənc nəslin sosial media üzərindən paylaşımları başadüşüləndir. Hər kəs bu insanların belə faciəli şəkildə həyatdan getməsinə ağrıyır. Bütün bunlarla bərabər həmin hadisənin baş vermə səbəbləri ilə bağlı versiyalar da tirajlanır. Kimlərsə son illərdə ard-arda baş verən və itkilərlə müşayiət edilən hadisələri vahid tabloya yığaraq nəticə çıxarmağı təklif edir. Düzdür, burda da həqiqət payı var. Ancaq üçüncü qüvvə amilli, qəsd nəzəriyyələri işə salınırsa, gərək mütləq deyəsən ki, bunun arxasında kimlər dayanır, necə həyata keçiriblər, məqsəd nədir. İkincisi ənənəvi yanaşmadır. Dərhal idarəetmə sistemi dəyərləndirilir, yanğın siyasiləşdirilir və öz siyasi yanğınları üçün bundan bəhrələnmək istəyirlər. Bunun texniki amillərdən qaynaqlanması, qısaqapanmayla bağlı olması ilə yanaşı, binanın köhnə olması və taxta konstruksiyaların suvaqların altında gizlədilməsi, təmir-tikinti işlərindəki nöqsanlar barədə də eşitməkdəyik. Hər bir halda cinayət işi qaldırılıb. Üstəlik də həmin mərkəzin yeni binasının tikildiyi artıq açıqlanıb. Bir yanğın hadisəsinə görə bütövlükdə səhiyyə sistemini, bu yöndə görülmüş bütün işləri yerə vurmaq olmaz. Hər bir yanğını, hər bir fəlakəti siyasi mübarizə alətinə çevirənləri görmüşük. O üzdən mən bu məsələyə soyuqqanlı yanaşmağın tərəfdarıyam. Hər kəs klaviaturasının arxasında özünü virtual prokuror kimi apararaq hökm verə bilər. Ancaq ortada fakt olmalıdır.

– Adətən, bu cür hadisələr zamanı aşağı vəzifəli şəxslər, bəlkə də bu məsələyə birbaşa aidiyyatı olmayanlar cəzalandırılır, əsl günahkarların isə himayə edildiyi təəssüratı yaranır. Sosial şəbəkə istifadəçiləri buna görə də narahatdırlar. Sizcə, onlar haqsızdırmı?

– Dövlət başçısı hər kəsdən öncə hadisə yerinə gedib. Həm prokurorluq orqanlarına, həm də başqa qurumlara ciddi tapşırıqlar verilib. Bu yanğın maliyyə əyintiləri nəticəsində baş veribsə, bu, mütləq aşkarlanacaq, bu halda cəzalanacaq şəxslər aşağı kateqoriyalı şəxslər olmayacaq. Yox, biz əgər istəyiriksə ki, mütləq yüksək vəzifə sahibi, hökumətin rütbəli bir şəxsi cəzalansın, bu, sosial hikkədən başqa şey deyil.

– Respublika Narkoloji Mərkəzin keçmiş baş həkimi AzadlıqRadiosu-na deyib ki, əvvəl həmin taxta binadan inzibati məqsədlərlə istifadə edilib. İndi isə ora xəstələr yerləşdirilibmiş. Sizcə, bunun özü məsuliyyətsizlik deyilmi?

– Keçmiş baş həkim hansı illərdə işləyib bilmirəm. Amma mənim qarşıma bir məlumat da çıxdı ki, 2011-ci ilə qədər ora başçılıq edən şəxs korrupsiya yeyintilərinə görə cəzalandırılıb. Həqiqətən də belədirsə, bu sübut edir ki, dövlət orqanları ordakı nöqsanlara biganə qalmayıblar. Ancaq o da var ki, keçmiş rəhbərlər adətən, yeniləri ittiham etməkdə maraqlı olurlar. Bu məsələdə mən prokuror rolunda çıxış edə bilmərəm. Həqiqətən də o tikili inzibati bina olubsa, müalicə müəssisəsi tələblərinə uyğun deyildisə, bunun hesabı sorulacaq. Heç bir hakimiyyət vətəndaşlarının faciə nəticəsində itirilməsində maraqlı ola bilməz. Mümkün deyil. Mən özüm də bu məsələdə geniş, şəffaf araşdırmaların tərəfdarıyam, daim ictimaiyyətə məlumat verilməlidir. Ancaq bir daha deyirəm, burda ədalət tələb edənləri nə qədər anlayışla qarşılasam da, bu yanğın üzərindən bütün hakimiyyəti yandırmaq istəyənləri də pisləyirəm.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG