Keçid linkləri

2017, 21 İyul, Cümə, Bakı vaxtı 23:20

Dağıstanda oğurlanan xəncər Nadir şahındırmı?


Qubaçi muzeyinin eksponatı - "Nadir şah xəncəri"

Rusiya mediasında yayılan xəbərlərə görə, Dağıstanın Qubaçi kəndindəki muzeydən 94 adda qiymətli eksponat oğurlanıb.

Yerli sakinlər bu oğurluqla 1993-cü ildə həmin muzeydə baş vermiş başqa bir oğurluq arasında əlaqə görürlər.

“Kavkazski Uzel” saytının yazdığına görə “Qubaçi İncəsənət Kombinatının” nəzdindəki muzeydən oğurlanmış qiymətli silahlar arasında Nadir şaha aid edilən xəncər də var.

Muzeyin direktoru Hacı İbrahim Nikayev deyib ki, Nadir şahın xəncərinə qiymət qoyulmamışdı, beləki o ümumiyyətlə “qiymətsiz” hesab olunurdu.

Direktorun sözlərinə görə, binada siqnalizasiyanın olmasına baxmayaraq oğrular muzeyin seyf qapısını çərçivəsi ilə birlikdə çıxarıblar.

Qubaçi 10-cu əsrdən indiyədək "ustalar kəndi" kimi tanınır
Qubaçi 10-cu əsrdən indiyədək "ustalar kəndi" kimi tanınır

Qubaçi kəndi 10-cu əsrdən ustalar yurdu kimi tanınır. Buradakı qızıl əşya və silah ustaları bir çox dövlət başçıları üçün hədiyyələrin hazırlanmasında iştirak ediblər.

Bu kənddə hazırlanmış əşyalar Ermitaj, Luvr, Viktoiya və Albert kimi böyük muzeylərdə saxlanır.

1924-cü ildən bəri kənddə zərgərlik arteli fəaliyət göstərir. 1960-cı ildə həmin arteli İncəsənət Kombinatına çeviriblər.

Oğurlanmış əşyaların siyahısı
Oğurlanmış əşyaların siyahısı

Kavkazski Uzel yazır ki, adının çəkilməsini istəməyən bir kənd sakini muzeydən ən qiymətli eksponatların oğurlandığını bildirib.

O deyib ki, əslində 1993-cü ildə apara bilmədiklərini indi aparıblar.

Muzeydən habelə üzərində Stalin və Kirovun barelyefləri olan vazlar da oğurlanıb.

1993-cü ildə baş vermiş oğurluq zamanı keşikçi öldürülmüşdü.

Həmin hadisə ilə bağlı 8 nəfər həbs edilmiş və məhkum olunmuşdu.

“Nadir şahın xəncərinə” gəlincə isə, bu eksponat barədə Rusiya saytlarında kifayət qədər məlumat var.

Qubaçi muzeyində saxlanan xəncərin üstündə ərəbcə yazıları olub. Guya yazılar bu xəncərin daha əvvəl Əmir Teymurda olduğunu göstərirmiş. Xəncərin dəstəyi qaplan şəklində düzəldilibmiş və iki ağzı varmış. Yaxın Şərqdə belə xəncərləri “Zülfüqar” adı ilə tanıyırlar. Rəvayətə görə imam Əlinin belə xəncəri olub.

Qədim Qubaçi kəndi
Qədim Qubaçi kəndi

Dağıstan tarixçilərindən bəziləri bu xəncərin guya Nadir şahın yürüşündən qalma olduğunu yazırlar. Guya Nadir Dərbəndə doğru geri çəkiləndə onun qoşunu tələm-tələs qaçarkən silahla dolu arabanı da qoyub gedib.

Buna da inanmaq çətindir, çünki “Nadir şahın xəncərlərindən” biri də Mahaçqala muzeyindədir. Deyilənə görə, Qroznı muzeyində də şahın xəncərini saxlayırlar.

Amma hətta Rusiyanın özündə də xəncərin həqiqətən Nadir şaha məxsus olması barədə şübhələr var. Zəhmli Nadir Dağıstandan qaçarkən nə qədər tələssə də, yəqin ki, birdən birə üç xəncərini orda qoyub getməzdi...

Rusiya saytlarından birinə görə sözügedən xəncəri Qubaçidən 1993-cü ildə bir ərəb kolleksiyaçısının sifarişi ilə oğurlamaq istəyiblər və qiymətli eksponatı artıq Bakıda hazır vəziyyətdə helikopter də gözləyirmiş.

Amma oğruların avtomobili xarab olub və onları həbs ediblər...

Komsomolskaya Pravda” qəzeti yazır ki, xəncərin Nadir şaha aid olmasına dair təsdiq edilmiş ekspert sənədi yoxdur.

Yerlilərin yeganə arqumenti budur ki, “xəncər Nadir şaha aid olmasaydı, onu oğurlamağa bu qədər çalışardılarmı?”

Sovet şairi Rəsul Həmzətov "Nadir şahın xəncərinə" şeir həsr edibmiş
Sovet şairi Rəsul Həmzətov "Nadir şahın xəncərinə" şeir həsr edibmiş

Lakin qəzet yazır ki, onun müraciət etdiyi ekspertlər sözü gedən xəncərin yaşının iddia olunan 270 ildən daha cavan olduğunu bildiriblər.

Soyuq silahlar üzrə kolleksiyaçı və ekspert Dmitri Monastırski deyib ki, Qubaçidən oğurlanan xəncərin bədii qiyməti şübhə doğurmur. Şübhə doğuran onun həqiqətən də Nadir şaha aid olmasıdır.

Ekspertin fikrincə Nadir şahın vaxtında məhz belə xəncərlər yox idi, amma 19-cu əsrin sonlarında İran və Dağıstanda bu cür silahları düzəldirdilər.

Yeri gəlmişkən, əksər Azərbaycan saytları da Dağıstanda “Nadir şahın” xəncərinin oğurlanmasından yazıblar.

Hətta yada salıblar ki, bu xəncərə SSRİ xalq şairi Rəsul Həmzətov da şeir həsr edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG